DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RUSİYA “ŞİMAL AXINI” KƏMƏRLƏRİNDƏ QƏZAYA GÖRƏ ABŞ-I İTTİHAM EDİB

“Şimal axını” qaz kəmərlərində baş verən qəza ABŞ-ın kəşfiyyat xidmətlərinin nəzarətində olan ərazidə qeydə alınıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Qəzanın baş verdiyi yer Danimarka və İsveçin ticarət-iqtisadi zonasıdır. Bunlar ABŞ silahları ilə doldurulmuş NATO yönümlü ölkələrdir, Amerika kəşfiyyat xidmətləri tərəfindən tamamilə idarə olunan ölkələrdir. O ərazilər ABŞ xüsusi kəşfiyyat xidmətlərinin nəzarəti altındadır”, - deyə Zaxarova vurğulayıb.

Qeyd edək ki, sentyabrın 26-da Rusiyanın Avropaya qaz ixrac etdiyi iki kəmərdə eyni vaxtda qəzalar baş verib.

Danimarka və İsveç hökumətlərinin məlumatlarına görə, Bornholm adasının yaxınlığında “Şimal axını 1”də iki və “Şimal axını 2”də isə bir qaz sızması aşkar edilib. Almaniya, Danimarka və İsveç bu təxribatın planlaşdırılmış şəkildə baş verməsini istisna etmir.

Verilən xəbərə əsasən, Rusiya tərəfi “Şimal axını” kəmərlərində baş verən qəza ilə bağlı Danimarkadan rəsmi açıqlama istəyib. Danimarka hakimiyyəti qaz sızması ərazisində baş verən partlayışlar barədə Rusiya Federasiyasına məlumat verib.

 

İRANDA ETİRAZ AKSİYALARI  SƏNGIMƏK BILMIR

İranda Məhsa Əmininin şübhəli ölümündən sonra başlayan etiraz aksiyaları davam edir. “Teleqraf.com”un verdiyi xəbərə görə, artıq ikinci həftəyə daxil olan etirazlarda polislə nümayişçilər arasında baş verən qarşıdurmada ölənlərin sayı 80 nəfərə çatıb.

Məlumata əsasən, rəsmi rəqəmlər f

ərqli olsa da, mərkəzi Osloda yerləşən İran İnsan Haqları Təşkilatı ən azı 76 nəfərin öldüyünü açıqlayıb. Bildirilir ki, fəallar, vəkillər və jurnalistlər də daxil olmaqla azı 1200 nəfər saxlanılıb.

Eyni zamanda, “Tesnim” agentliyinin xəbərinə görə, saxlanılanlar arasında tanınmış şəxslər də var. Belə ki, İranın keçmiş prezidenti Haşimi Rəfsəncaninin qızı Faize Haşimi nümayişçilərə qoşulduğuna görə saxlanılıb.

Bununla yanaşı, İran prezidenti İbrahim Rəisi bəyan edib ki, etirazlar anlaşılan olsa da, heç kəs xaosa səbəb ola bilməz. Həmçinin ölkə polisi bütün gücü ilə etirazlara müqavimət göstərəcəklərini açıqlayıb.

 

RUSİYA VƏ ƏFQANISTAN  ARASINDA RAZILIQ ƏLDƏ EDILIB

Rusiya Prezident Aparatının Əfqanıstandakı xüsusi nümayəndəsi Zamir Kabulov Rusiya ilə Əfqanıstan arasında enerji resursları və buğda daşınması ilə bağlı razılıqların əldə olunduğunu açıqlayıb. Bu barədə “TRT” telekanalı Rusiya mətbuatına istinadən xəbər verib.

Zamir Kabulovun qeyd edib ki, Əfqanıstanla əldə edilən müqavilələr enerji, yanacaq və buğda daşınmalarını əhatə edir. Onun sözlərinə görə, bundan sonra tərəflər daşımaların həcmləri üzrə müvafiq müqavilələr imzalayacaqlar.

“Taliban” hərəkatının sözçüsü Zabihullah Mücahid mövzu ilə bağlı verdiyi açıqlamada bildirib: “Taliban” hökumətinin ticarət və sənaye nazirinin müavini Hacı Nurəddin Əzizinin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada olub. Aparılan danışıqlardan sonra növbəti illə bağlı neft və buğda kimi zəruri məhsulların alınması üçün müxtəlif müqavilələrin imzalanmasına dair razılıqlar əldə edilib”.

Eyni zamanda, qeyd edilir ki, Rusiyadan yaxın bir neçə həftə ərzində göndəriləcək məhsullar Əfqanıstan bazarına çıxarılacaq.

 

ABŞ, YAPONİYA VƏ CƏNUBİ KOREYA BİRGƏ HƏRBİ TƏLİMLƏRƏ BAŞLAYIR

ABŞ, Yaponiya və Cənubi Koreya sentyabrın 30-da Yapon dənizində birgə hərbi təlimlərə başlayır. “Report”un məlumatına görə, bu barədə Yaponiyanın Özünümüdafiə Dəniz Qüvvələrinin Qərargahından verilən açıqlamada qeyd olunur.

Verilən xəbərə görə, təlimlərdə ABŞ-ın “Ronald Reagan” atom aviadaşıyıcı gəmisi də iştirak edəcək. Bildirilir ki, üçtərəfli təlimlər qarşılıqlı fəaliyyəti gücləndirmək və “Azad və açıq Hind-Sakit okean regionu” konsepsiyasını həyata keçirmək məqsədilə keçirilir.

Bununla yanaşı, təlimlərdə ABŞ aviadaşıyıcısı gəmisindən başqa, Yaponiyanın “Asahi” aviadaşıyıcısı, habelə Birləşmiş Ştatların “USS Chancellorsville” raket kreyseri, “USS Barry” və “USS Benfold” esminesləri, eləcə də sualtı qayığı iştirak edəcək.

Xatırladaq ki, bu il mayın 24-26-da Yaponiyanın dəniz özünümüdafiə qüvvələri ABŞ-ın Hərbi Dəniz Qüvvələri (HDQ) ilə birgə Sakit okeanda təlimlər keçirib.

 

TÜRKİYƏ ŞIMALI KİPRDƏKİ HƏRBİ GÜCÜNÜ ARTIRACAQ

Türkiyə Şimali Kipr Türk Respublikasında hərbi gücünü artıracaq və kiprli türklərin maraqlarını qorumaq üçün adanın şimalını bütün lazımi silahlarla təmin etmək niyyətindədir. “Report”un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pamukkale Universitetinin tələbələri ilə görüşü zamanı bəyan edib.

Eyni zamanda, Türkiyənin XİN başçısı Ankaranın adanın türk icmasının maraqlarını müdafiə etmək üçün bütün lazımi addımları atacağını vurğulayıb.

“Bütün dünya qarşımızda dayansa belə, Türkiyə öz mövqeyindən dönməyəcək və Kiprdə, eləcə də Egey və Aralıq dənizlərində öz maraqlarını müdafiə edəcək”, - deyə Mövlud Çavuşoğlu qeyd edib.

Bununla yanaşı, XİN başçısı əmin edib ki, rəsmi Ankara Şimali Kipri dəstəkləmək üçün bütün imkanlardan istifadə edəcək.

 

DÜNYA BANKININ PREZİDENTİ: QLOBAL BÖHRAN 2023-CÜ İLDƏ DƏ DAVAM EDƏCƏK

“Yüksək inflyasiya Avropada tənəzzül ehtimalını artırıb və avroməkan üçün uzunmüddətli artım proqnozunu daha da məhdudlaşdırıb”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Dünya Bankının prezidenti David Malpass bildirib.

Təşkilat rəhbəri bəyan edib ki, avronun zəifləməsi və yüksək inflyasiya Avropada resessiya ehtimalını artırır.

David Malpass inkişaf etməkdə olan dünya üçün ən aktual təhlükənin qlobal tənəzzülə çevrilən qlobal artımın kəskin yavaşlaması olduğunu bildirib.

Eyni zamanda, ABŞ iqtisadiyyatının bu ilin ilk iki rübündə çətinliklərlə qarşılaşdığını xatırladan Dünya Bankının prezidenti, koronavirus pandemiyası ilə bağlı karantin tədbirləri səbəbiylə Çinin də iqtisadi artımının kəskin şəkildə yavaşladığını diqqətə çatıdırıb.

David Malpass inkişaf etməkdə olan ölkələrin inflyasiya, yavaşlayan böyümə, aşağı məhsuldarlıq, qlobal enerji qaynaqlarının tükənməsi və inkişaf etmiş iqtisadiyyatlardakı yüksək faiz dərəcələri kimi tendensiyaların 2023-cü ildən sonra da davam edəcəyi riski ilə üzləşdiyini bildirib.

 

SURİYADA VƏBA XƏSTƏLIYINƏ YOLUXANLARIN SAYI 426 NƏFƏRƏ ÇATIB

Suriyada vəba bakteriyalarının yaratdığı kəskin bağırsaq infeksiyasına 426 yoluxma halı aşkar edilib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ən çox yoluxma halı ölkənin şimalında - Hələbdə qeydə alınıb - 260 nəfər. Orada 28 ölkə vətəndaşı vəba xəstəliyindən dünyasını dəyişib. Ümumilikdə ölkədə 33 ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, BMT-nin Suriya üzrə humanitar koordinatoru İmran Rza daha əvvəl bildirmişdi ki, vəba xəstəliyinin yayılmasına səbəb isti yay dövründə təhlükəli mənbələrdən, xüsusən də Fərat çayı və suvarma kanallarındakı sudan istifadə edilməsidir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il 1,3 milyondan 4 milyona qədər vəba hadisəsi qeydə alınır, ölənlərin sayı  isə on minlərlədir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.