Hər günü bir tarix idi…
Tarix

Hər günü bir tarix idi…

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

30 sentyabr 2020-ci il bütün cəbhəboyu hərbi əməliyyatlar davam edib. İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə düşmən böyük itkilər verib. Qeyd edək ki, sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin xeyli canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib. Gedən döyüşlər ərzində Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin 1 ədəd S-300 zenit-raket qurğusu sıradan çıxarılıb. İtirilmiş mövqeləri geri qaytarmaq üçün Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən sentyabrın 30-u səhər saatlarından başlayaraq hücuma cəhd göstərib. Düşmənin bu fəaliyyətinin qarşısı alınır və onun müqavimətinin qırılması məqsədilə qoşunlarımız tərəfindən əks-həmlə əməliyyatı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər. "Azərbaycan öz doğma torpağında vuruşur, siz haqq yolunda yaralanmısınız" bunu hospitalda müalicə olunan hərbçilərlə görüşdə bildirən dövlət başçısı deyib: "Bizim əsgərlər xilaskar əsgərlər, erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin, Azərbaycanın torpağında ölür".

Ermənistan silahlı qüvvələrinin artilleriya bölmələri Goranboy rayonunun Aşağı Ağcakənd kəndini atəşə tutmağa başlayıb. Bölmələrimiz düşmənə qarşı adekvat cavab tədbirləri görüb. Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin bir ədəd S-300 zenit-raket qurğusu məhv edilib. Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 7-ci dağatıcı alayının 2-ci taborunun şəxsi heyəti ağır itkilərə məruz qalaraq müdafiə mövqelərini özbaşına tərk edərək qaçıb. Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib. Qoşunların idarə edilməsi tam pozulub. Düşmənin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. Ermənistan silahlı qüvvələri "Toçka-U" taktiki raket kompleksini tətbiq edib. Düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması səbəbindən atılan raketlərdən üçü partlamayıb.

Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə məruz qoyub. 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib. Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib. Son saatlarda cəbhənin müxtəlif istiqamətlərində düşmənin 1 ədəd "Uraqan" yaylım atəşli reaktiv sistemi, 1 ədəd "OSA" zenit-raket kompleksi, 3 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd piyadanın döyüş maşını və 2 ədəd D-20 haubitsa-topu, 16 ədəd tank və şəxsi heyətlə 2 ədəd yük maşını məhv edilib. Azərbaycan Ordusunun bölmələrinin axşam saatlarında keçirdiyi döyüş əməliyyatları nəticəsində Ermənistan ordusunun 8 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi darmadağın edilib. Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində döyüş əməliyyatları ordumuzun üstünlüyü ilə davam edib.

"Respublika".