DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İSVEÇ TÜRKİYƏYƏ QARŞI SİLAH EMBARQOSUNU ARADAN QALDIRIB

İsveç Türkiyəyə tətbiq etdiyi silah ixracı embarqosunu aradan qaldırıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə İsveçin Strateji Məhsullar Müfəttişliyinin qərarında qeyd olunur.

Qərara əsasən, Türkiyəyə silah və hərbi avadanlıqlar, o cümlədən, elektron və texnoloji qurğular ixrac edilə bilər.

Eyni zamanda, açıqlamada o da vurğulanır ki, embarqonun aradan qaldırılması qərarı İsveçin NATO-ya üzvlüyü ilə əlaqədardır.

Xatırladaq ki, İsveç 2019-cu ildən fasilələrlə Türkiyəyə silah embarqosu tətbiq etmişdi. Bunun əsas səbəblərindən biri kimi Türkiyənin Suriyanın şimalında keçirdiyi “Barış Pınarı” əməliyyatı göstərilib.

 

KRİSTİAN LİNDNER: ALMANİYA ENERJİ MÜHARİBƏSİ VƏZİYYƏTİNDƏDİR

“Almaniya hazırda enerji müharibəsi vəziyyətindədir”. “Report” agentliyinin Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Kristian Lindner Berlində keçirdiyi mətbuat konfransında bildirib.

“Biz buna dözə bilmərik və müqavimət göstərəcəyik”, - deyə ölkənin maliyyə naziri əlavə edib.

Eyni zamanda, nazir bərpa olunan enerji mənbələrinin işə salınmasının vaxtının yetişdiyini vurğulayıb.

“Bazarda qiymətləri aşağı salmaq üçün hazırda 90 faiz dolu olan qaz anbarlarının bir hissəsi yenidən boşaldılmalıdır”, - deyə Kristian Lindner qeyd edib.

Xatırladaq ki, daha əvvəl Almaniya hökuməti istehlakçılar üçün qazın qiymətinin sabit saxlanılması mexanizmini razılaşdırıb. Bu tədbirlər üçün 200 milyard avroya qədər kredit ayrılacaq.

 

ABŞ İRANA QARŞI YENİ SANKSİYALAR TƏTBİQ EDİB

ABŞ İranın neft və qaz sənayesi ilə əlaqəli 10 təşkilata əlavə sanksiya tətbiq edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamaya əsasən, yeni məhdudiyyətlərə məruz qalan şirkətlər Hindistan, Çin, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə yerləşsələr də, onların hamısı İranın hüquqi şəxsləri ilə bağlıdır.

Bildirilir ki, sanksiyaya məruz qalan şirkətlərin əksəriyyəti neft-qaz sektorunda fəaliyyət göstərir.

Xatırladaq ki, bu ərəfədə Birləşmiş Ştatlar Çinə neft məhsullarının ixracı ilə bağlı İrana qarşı yeni sanksiyalar tətbiq edib.

 

AVROPADA MEYMUNÇİÇƏYİ VİRUSUNA YOLUXMA SAYI ARTIB

Avropada meymunçiçəyi virusuna yoluxma sayının 24 min nəfəri keçdiyi açıqlanıb. “TRT” telekanalının verdiyi xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) internet saytında dərc edilən meymunçiçəyi virusu ilə bağlı yenilənmiş hesabatda bütün qitədə epidemiya ilə bağlı son məlumatlar paylaşılıb.

Hesabata əsasən, 27 sentyabr tarixinə Avropada yoluxma sayının 24622-yə yüksəldiyi, qitənin 44 ölkəsində virusa yoluxma hallarının aşkarlandığı bildirilir.

Məlumata görə, xəstələrin 96 faizində virus əlaməti olaraq qızartı və qaşınma, 68 faizində isə yüksək hərarət, yorğunluq, eləcə də əzələ ağrısı kimi əlamətlərin müşahidə olunduğu qeyd edilir.

Bununla yanaşı, ən çox yoluxma hallarının 7149 nəfərlə İspaniyada olduğu, Fransa, İngiltərə və Almaniyada isə yoluxma sayının 3 mini keçdiyi vurğulanır.

 

TÜRKİYƏ AEBA-NIN İDARƏ HEYƏTİNƏ ÜZV SEÇİLİB

Türkiyə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarə Heyətində təmsil olunacaq. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

XİN-nin məlumatına əsasən, AEBA-nın Vyanada keçirilən 66-cı Baş Konfransında baş tutan seçkilər nəticəsində Türkiyə 2022-2024-cü illər üçün AEBA-nın İdarə Heyətinə üzv seçilib.

“Ölkəmizin AEBA-nın İdarə Heyətində üzvlüyü mövcud şəraitdə daha da əhəmiyyət kəsb edən agentliyin işinə töhfə vermək üçün qəti iradəmizi nümayiş etdirir”, - deyə Türkiyə XİN-nin açıqlamasında qeyd olunur.

 

AVROMƏKANDA İLLİK İNFLYASİYA REKORD HƏDDƏ ÇATIB

2022-ci ilin sentyabrında avroməkanda illik inflyasiya avqust ayı ilə müqayisədə 0,9 faiz bənd artaraq 10 faizə yüksəlib. “Report” agentliyinin məlumatına görə, bölgədə inflyasiya ilk dəfə ikirəqəmli həddə çatıb.

Verilən xəbərə əsasən, sentyabrda avroməkanda əsas komponentlər arasında ən yüksək illik inflyasiya 40,8 faizlə enerji sahəsində qeydə alınıb. Bu sahəni 11,8 faizlə qida, spirt və tütün məmulatları, 5,6 faizlə qeyri-enerji sənayesi məhsulları və 4,3 faizlə xidmətlər sektoru izləyib.

Sentyabrda avroməkan ölkələri arasında ən yüksək inflyasiya Yunanıstanda 12,1, Belçikada 12, Avstriya və Sloveniyada 11, Almaniyada 10,9, İtaliyada 9,5, İspaniyada isə 9,3 faiz təşkil edib.

Beləliklə, avroməkanda avqust ayında inflyasiya “Eurostat” tərəfindən məlumatların toplandığı son 25 ildən bəri ölçülən ən yüksək səviyyəyə çatıb.

 

ÇİN STRATEJİ SUALTI NÜVƏ QAYIĞINI İLK DƏFƏ NÜMAYİŞ ETDİRİB

Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələri ilk dəfə qitələrarası ballistik raketlər daşıya bilən ən qabaqcıl strateji nüvə sualtı qayığı “Project 094A”nın görüntülərini nümayiş etdirib.

“Teleqraf.com”un verdiyi xəbərə görə, sualtı qayıq 2021-ci il aprelin 23-də - Hərbi Dəniz Qüvvələrinin yaradılmasının 72-ci ildönümündə istismara buraxılıb.

Məlumata əsasən, sualtı qayıq 10 min kilometrdən çox uçuş məsafəsinə malik ən yeni “JL-3” bərk yanacaqlı qitələrarası raketləri daşımağa qadirdir ki, bu da ABŞ-da olan hədəfləri vurmaq üçün kifayət edir.

Eyni zamanda, Çin “Project 093” çoxməqsədli nüvə sualtı qayığının ən son versiyasını təqdim edib. Hər iki sualtı qayıq Çin mərkəzi televiziyasının “Liaoning” təyyarədaşıyan gəmisi heyətinin təlimi ilə bağlı süjetdə göstərilib.

 

RƏQƏMSAL DÖVRÜN XƏSTƏLİYİ: FABBİNQ

Fabbinq sözü - yəni smartfon asıllılığı  hər gün istifadə etmədiyimiz bir söz ola bilər, lakin bunu qəbul etməsək də artıq gündəlik həyatımızın bir hissəsinə çevrilib. Bu barədə “TRT” telekanalının xəbərində qeyd olunur.

Son zamanlar texnoloji asılılığı və onun növləri insanların ən böyük problemlərindən birinə çevrilib. Bu cür  problemlər ilk növbədə internet və oyun asılılığı olsa da, smartfonun inkişafı ilə daha da artıb.

Fabbinq sözü əsasən ətrafındakı insanlarla söhbət edərkən telefonundan istifadə edən və parallel olaraq sizinlə danışan insanlara aid edilir.

ABŞ-da aparılan araşdırmada iştirak edənlərin 98 faizinin həqiqətən belə hallarla qarşılaşdığı bildirilib.

Fabbinq zamanı “TikTok” ən çox ziyarət edilən sosial media platformasıdır. “Instagram”, “Twitter” və “Facebook” da fabbinq zamanı istifadə edilən internet səhifələrindəndir.

Həmçinin araşdırma bu asılılığın təəccüblü nəticələrini üzə çıxarıb. Belə ki, insanların telefona gələn bildirişi yoxlamadan gözləyə biləcəyi müddət orta hesabla 64 dəqiqə təşkil edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.