ELMİ-TEXNİKİ YENİLİKLƏR
Maraqlı

ELMİ-TEXNİKİ YENİLİKLƏR

Oyunçuların beyinləri sinxron çalışırmış...

Son zamanlar bütün dünyada populyarlıq qazanan, bir çox insanın sevimli məşğuliyyətinə çevrilən  onlayn oyunlarla  bağlı maraqlı bir araşdırma aparılıb. Belə ki, Helsinki Universitetinin alimləri video oyunların insan beyninə necə təsir etdiyini araşdırıblar. Ortaya çıxan nəticələr qarşısında  heyrətə gələn mütəxəssislər bu məşğuliyyətin beyini sinxronlaşdırdığını öyrəniblər.

Adətən beyin dalğasının sinxronizasiyası tanış biri ilə üz-üzə gəldikdə baş verir. Lakin yeni araşdırmanın nəticələri bunun fərq etmədiyini göstərir. Belə ki, "Forschung und Wissen" jurnalında dərc edilən  araşdırmaya görə, birgə oyun oynayan  cütlüklərin fiziki olaraq eyni məkanda mövcud olmasından asılı olmayaraq, onların zehinləri eyni məqamda oxşar çalışır.

Təcrübəyə cəlb edilən  42 tələbənin beyni oyun oynayarkən EEG-Elektroensefaloqrafiya vasitəsilə çəkilib. İki qrupa bölünən iştirakçılar yarış avtomobillərinin dörd trasda manevr etməsi üçün birgə çalışıblar. Qruplardan biri sürətə, digəri isə istiqamətə nəzarət edib. Daha sonra isə komandanın üzvləri bir-biri ilə əlaqə yarada bilməsin deyə  səs keçirməyən, izolyasiya edilmiş otaqlara yerləşdirilib. Nəticədə fiziki olaraq bir yerdə olmasalar belə onların   beyninin qamma, beta və alfa dalğalarına eyni cür uyğunlaşdığı məlum olub. Bundan əlavə, beynin sinxronlaşmasından asılı olaraq oyunda bir o qədər uğur qazanıldığı ortaya çıxıb.

Eksperimentin  sonunda mütəxəssislər video oyunların insanlar arasında  bir növ əlaqə yaratdığı, hətta onların bir-birləri ilə empatiya qura bilməsini təmin etdiyi  qənaətinə gəliblər.

Gələcəkdə elm adamları onlayn oyunların daha çox  hansı hissəsinin  sinxronizasiyaya  təşviq etdiyini öyrənməyə çalışacaqlar.

 

Robotlaşdırılmış dərman kapsulu hazırlanıb

Massaçusets Texnologiya  İnstitutunun alimləri RoboCap adlı robotlaşdırılmış dərman kapsulu hazırlayıblar. "Nature Communication" jurnalında dərc edilən xəbərə görə, sözügedən kapsul bağırsaqlardakı selik vasitəsilə özünə yol açaraq insulini hüceyrələrə çatdıra bilir.

Görünüş olaraq adi dərman preparatını xatırladan RoboCap  kapsulu həzm sistemi vasitəsilə təhlükəsiz şəkildə orqanizmdən çıxır. Robotlaşdırlmış qapağa malik kapsulun üzəri  jelatin təbəqəsi  ilə örtülüb. Jelatin örtük isə öz növbəsində  incə bağırsaqdakı müəyyən pH göstəricisinə cavab olaraq parçalanmaqla kapsuldakı kiçikölçülü mühərriki işə salır. Kiçikölçülü bioloji batareya ilə qidalanan mühərrik dərman kapsulunu hərəkətə gətirərək   sahib olduğu fırlanma mexanizmi sayəsində  bağırsaqdakı selikli baryerə daxil olmağa imkan verir. Bu proses çərçivəsində kapsul öz daxilindəki dərman preparatının yerləşdiyi xüsusi hissəni parçalamağa başlayır.

Donuzlar üzərində aparılmış testlər zamanı mütəxəssislər insulini heyvanların hüceyrələrinə uğurlu şəkildə çatdıra biliblər. Ümumi hesablamalara əsasən adi dərman kapsullarından fərqli olaraq RoboCap-ın çatdırma potensialı 20-40 dəfə daha yüksəkdir. Qeyd etmək lazımdır ki, sözügedən kapsul vasitəsilə dərman preparatının hüceyrələrə çatdırılması zamanı zədələnən selikli lay bir neçə saat ərzində yenidən bərpa olur. Nəzəri cəhətdən bu texnologiya insulindən asılı olan insanlara gündəlik iynə vurulması prosesindən adi dərman qəbulu prosesinə keçid etməkdə yardımçı ola bilər.

 

Havadan karbonu təmizləyən qurğu

ABŞ-da Project Bison adlı layihəyə start verilib. Sözügedən layihə atmosferdən karbon qazının təmizlənməsinə və daha sonra isə onun yer altında saxlanmasına hədəflənib.

Los-Ancelesdən olan CarbonCapture adlı startap sözügedən layihə çərçivəsində ABŞ-ın Vayominq ştatında modul tipli qurğunun inşasına başlayıb. Qurğunun 2030-cu ilə kimi hər il havadan 5 milyon ton CO2 qazı yığacağı nəzərdə tutulur. İnşa edilən modul tipli qurğunun işinə  gələn il start verilməlidir. İlkin mərhələdə 25 ədəd  qurğunun  istifadəyə verilməsi planlaşdırılır.

Sözügedən qurğular il ərzində havadan 12 000 ton CO2 qazı yığma potensialına malikdirlər. Gələcəkdə isə bu qurğuların sayı daha da artırılacaq. Modul tipli bu qurğular vasitəsilə havadan CO2 qazının yığılması olduqca baha başa gələn bir prosesdir. Belə ki, havadan 1 ton CO2 qazının yığılması 600 dollara  başa gəlir. Lakin texnologiyanın inkişafı çərçivəsində qiymətin aşağı düşəcəyi gözlənilir. Qurğularda olan sorbentli (ətraf mühitdəki qazı, buxarı, həll olmuş məhlulu udan bərk cisimlər və ya mayelər) kartriclər CO2 qazının udulması üçün nəzərdə tutulmuş filtrlər rolunda çıxış edirlər və onları bir neçə dəqiqə ərzində 85 dərəcə selsi temperatura kimi qızdırmaq lazımdır.

Bu isə öz növbəsində enerji tələb edən bir prosesdir.

Layihənin müəllifləri lazımi səviyyədə enerjini külək və Günəş enerjisi mənbələrindən əldə etməyi planlaşdırırlar. Lakin ilkin mərhələdə enerji qazın yandırılması hesabına əldə ediləcək. 2030-cu ildə Project Bison layihəsinin tam gücdə istifadəyə verilməsindən sonra onun il ərzində 2 giqavatt həcmində enerji sərf edəcəyi güman edilir. Müqayisə üçün qeyd edək ki, 3 milyona yaxın Günəş paneli 1 giqavatt həcmində enerji istehsal edə bilər.

İnformasiya "Sözcü" qəzetində dərc olunub.

 

Tesla insanabənzər robotunu təqdim edib

Texnologiya dünyasına gətirdiyi yeniliklərlə şöhrət qazanan elektrikli avtomobil nəhəngi Tesla bu dəfə də insanabənzər robotu ilə təəccübləndirib.  Optimus adlı  robotun prototipi  şirkətin "Tesla AI  Day 2022" tədbirində ictimaiyyətə  təqdim edilib.

Rəqs edə-edə səhnəyə çıxan robotun  əlini yelləyərək qonaqlarla salamlaşması  hər kəsdə böyük maraq doğurub. Tədbirin əvvəlində robotun yükdaşıma və bitkilərə qulluq kimi bir sıra qabiliyyətləri ilə bağlı videoçarx nümayiş etdirilib. Robotun "Tesla" avtopilotunun təchiz olunduğu eyni sensorlardan istifadə etdiyi bildirilib. Optimusun gələcəkdə, məsələn, anbarda fəhlə kimi işləyə biləcəyi və onun enerjisinin tam olaraq bir iş günü üçün kifayət edəcəyi açıqlanıb.

Qeyd edək ki, Tesla şirkətinin sahibi İlon Mask ilk dəfə 2021-ci ildə məhz "AI Day"  tədbirində  süni intellektli, insanabənzər  robotun hazırlanacağını  ictimaiyyətə açıqlamışdı. O, keçən il robotla əlaqəli  planlarını açıqlayarkən Optimusun çətin, zəhmət tələb edən  rutin tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulduğunu söyləmişdi.

Şirkətdən verilən məlumata görə,  təqdim edilən  robotun  prototipi hələ ki, ilkin mərhələdə olduğu üçün kobud görünüşə sahibdir, lakin  qısa müddət ərzində daha mükəmməl səviyyədə hazırlanacağı nəzərdə tutulur. Həmçinin robotun hər hansı bir avtomobildən daha ucuz başa gələcəyi bildirilib.

"Optimus əslində sizə göstərdiyimizdən daha çox qabiliyyətlərə qadirdir. O, çox bacarıqlı bir robot olmaq üçün nəzərdə tutulub", - deyə Tesla CEO-su tədbirdə çıxışı zamanı qeyd edib.

İnformasiya "TechXplore" veb saytında yayımlanıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".