Vətən uğrunda
Region

Vətən uğrunda

Birinci və İkinci Qarabağ müharibəsində xocavəndli igidlərin qəhrəmanlığı, şücaəti heç zaman unudulmur, yaddan çıxmır. 44 gün davam edən Vətən müharibəsinin ilk günlərindən  200 nəfər xocavəndli gənc döyüşlərdə iştirak edib. Onlardan 41 nəfəri yaralanıb, 8 nəfər isə şəhid olub. Unutmayaq ki, bu quru rəqəmlərin arxasında böyük bir elin qəhrəmanlığı, yurdsevərliyi, mərdliyi və vətəndaş qeyrəti dayanır.

Xocavənd torpağının yetirməsi Xəyal Namazovun Vətən müharibəsində həlak olmasından iki il keçir. Xocavənd qəsəbəsində yerləşən “Şəhidlər” Memorial Abidə-Kompleksində keçirilən anım mərasiminin iştirakçıları şəhidlərin məzarları önünə qərənfillər düzərək, onların əziz xatirəsinə ehtiramlarını bildiriblər. Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Vətən müharibəsində əldə edilən tarixi qələbədən, qəhrəmanlıq tarixi yazan oğulların şücaətindən, torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçən şəhidlərin ölməz ruhundan, o cümlədən şəhid Xəyal Namazovun döyüş yolundan ətraflı bəhs edib.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi, mayor Bəxtiyar Hümbətov və şəhidin ailə üzvləri, müəllimləri, döyüş yoldaşları çıxış edərək, Azərbaycanın bu tarixi zəfərinin əldə olunmasında xalqımızın həmrəyliyindən, əsgərlərimizin, zabitlərimizin keçdiyi döyüş yollarından danışaraq şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısını yüksək qiymətləndiriblər. Anım mərasimi Xocavənd 4 nömrəli və Salakətin kənd tam orta məktəbinin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya ilə başa çatıb.

***

Rayon sakini Elmin Mirzəyev Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olub. İki il bundan əvvəl şəhidlik zirvəsinə ucalan Elminin xatirəsinə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım mərasimi keçirilib. Şəhidlərin məzarları önünə qərənfillər düzülərək, xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov şəhidin müəllimi, döyüş yoldaşları çıxış edərək xatirələrini danışıblar. Qeyd olunub ki, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlik heç zaman unudulmayacaq, Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanması hər birimiz üçün qürurvericidir. Şəhidin atası Əvəz Mirzəyev övladının qəhrəmanlığı ilə fəxr etdiyini bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğı görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını ifadə edib.

***

Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində yerləşən Şəhidlər Memorial Kompleksində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əmirallar kənd sakini Zülfüqar Museyib oğlu Fərəcovun xatirəsi anılıb. Mərasim iştirakçıları əvvəlcə şəhidlərin məzarları önünə qərənfillər düzərək, xatirələrinə ehtiramlarını bildiriblər.

Mərasimdə çıxış edənlər Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş Zülfüqarın qısa, lakin şərəfli ömür yolu haqqında xatirələrini danışıblar. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin irəli əmri ilə döyüşlərə atılmış igidlər arasında Zülfüqar Fərəcov da düşmən səddinin yarılmasında böyük şücaət göstərib, ermənilərin xeyli canlı qüvvəsini və hərbi texnikasını sıradan çıxarıb. Şəhidin övladı Əmrah Fərəcov atasının qəhrəmanlığı  ilə fəxr etdiyini və gələcəkdə onun kimi vətənpərvər olacağını, atasının adını ucaldacağını bildirib.

                                            Salman ALIOĞLU,

                                              “Respublika”.