İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Gimnastlarımız çempionatda uğurla çıxış ediblər

Azərbaycan idmançıları Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut və tamblinq gimnastikası üzrə açıq ölkə çempionatında uğurla çıxış ediblər.

Yarışda yığma komandamızın üzvləri, batutçular Maqsud Mahsudov və Selcan Mahsudova qızıl, Hüseyn Abbasov (batut gimnastikası) və Tofiq Əliyev (tamblinq) isə bürünc medala sahib olublar.

Tennisçimiz Bakıda keçirilən beynəlxalq turnirin qalibi olub

Bakı Tennis Akademiyasında ənənəvi "ITF Payız Kuboku" turnirinin növbəti - 5-ci mərhələsi başa çatıb. Yarışda Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, İsrail, Gürcüstan, İran, Özbəkistan və digər ölkələrdən 81 tennisçi gücünü sınayıb.

On səkkiz yaşlı tennisçilərin mübarizəsində Kənan Qasımov bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Təmsilçimiz həlledici görüşdə rusiyalı rəqibinə qalib gələrək çempion olub.

 

Cüdoçularımız Avropa kuboku yarışının ilk günündə 6 medal qazanıblar

Azərbaycan cüdoçuları Sloveniyanın Sele şəhərində keçirilən Avropa kuboku yarışının ilk günündə 6 medal qazanıblar.

Turnirdə 60 kiloqram çəki dərəcəsində final görüşündə ölkəmizin iki təmsilçisi - Rəşad Yelkiyev və Kənan İsmayılov üz-üzə gəlib. Nəticədə Rəşad Yelkiyev birinci, Kənan İsmayılov isə ikinci yeri tutub.

Cüdoçumuz Tofiq Məmmədov (66 kq) bütün rəqiblərini məğlub edərək həlledici görüşə vəsiqə əldə edib. Qızıl medal qarşılaşmasında almaniyalı rəqibinə qalib gələn cüdoçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəki dərəcəsində yarışan Ruslan Paşayev isə üçüncü yer uğrunda görüşdə italiyalı rəqibindən güclü olub.

Turnirdə 73 kiloqram çəki dərəcəsində final görüşündə də Azərbaycan dueli baş tutub. Nəriman Mirzəyevi məğlub edən Rəşid Məmmədəliyev qızıl medala sahib olub. Nəriman Mirzəyev isə gümüş medalla kifayətlənib.

 

Ağır atletika üzrə Azərbaycan birinciliyinə yekun vurulub

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər (20 və 23 yaşlı gənc oğlan və qızlar) arasında ağır atletika üzrə Azərbaycan birinciliyi başa çatıb. İkinci yarış günündə körpücük üzərinə ağır çəkili idmançılar çıxıblar. Yaşı 20-dək olan idmançılar arasında 96 kiloqram çəki dərəcəsində 248 kiloqram (117+131) nəticə göstərən Canəli Əsədov, 109 kiloqram çəki dərəcəsində isə 250 kiloqram (1110+140) nəticə ilə Fuad Hümbətli qızıl medal qazanıblar.

Yaşı 23-dək olan idmançılar arasında isə 102 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə 249 kiloqram (112+137) nəticə ilə Əliş Nəzərov qalxıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".