Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

27 sentyabr 2020-ci ildə  Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

5 oktyabr 2020-ci il

Müdafiə Nazirliyindən bildirilir:   Cəbrayıl istiqamətində düşmənin xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası, o cümlədən 3 tank, 9 "Ural", 1 "Satko", 1 "UAZ" qənimət götürülüb. Qarabağda Vətən müharibəsi davam edir. Ermənilər bütün cəbhəboyu ağır zərbələr alaraq geri çəkilirlər. Ermənistanın baş naziri Nikol Paşinyan düşdüyü ağır, fəlakətli durumdan çıxış yolu axtarır. O, dünyanın bir sıra ölkələrinin dövlət və hökumət başçılarına zənglər edir, kömək istəyir. Belə zənglərdən birini də N.Paşinyan Rusiya prezidenti Vladimir Putinə edib. Moskva vilayətindəki Novo-Oqaryovoda toplantı keçirən V.Putin Ermənistanın baş nazirini başından edərək "Sonra zəng edərəm sizə" deyib.    

Qardaş Türkiyənin aparıcı kütləvi informasiya vasitələri  Prezident İlham Əliyevin oktyabrın 4-də Azərbaycan xalqına   qələbə müjdəli açıqlamalarını, eləcə də Cəbrayıl rayonunun düşmən tapdağından azad olunması xəbərini, həmçinin təcavüzkar Ermənistan rəhbərliyinə xəbərdarlıq mesajlarını və işğalçı tərəfə ünvanlandığı şərtləri ayrı-ayrı başlıqlarla videoformat və mətn şəklində təqdim ediblər.

Beyləqan, Bərdə və Tərtər şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Xarici İşlər Nazirliyində  keçirilən brifinqdə bildirilib ki, sentyabrın 27-dən  yeni təcavüz aktına əl atan Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən Cenevrə Konvensiyasını və tələblərini kobudcasına pozaraq azərbaycanlı mülki şəxsləri və mülki infrastrukturu məqsədyönlü şəkildə hədəfə alıb. İndiyə qədər 24 mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb və 300-dən çox ev, mülki obyektlər, infrastrukturlar dağıdılıb. Ermənistanın Berd rayonu ərazisindən Gəncə şəhəri atəşə tutulub.

Prezident İlham Əliyev özünün "Twitter" səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl rayonunun Şıxalıağalı, Sarıcallı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi işğaldan tam azad etdiyini açıqlamışdır. Gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 "Qrad"ı sıradan çıxarılıb. Bundan əlavə, 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri də Azərbaycan Ordusunun sərrast atəşi ilə məhv edilib. Ermənistan silahlı qüvvələri Ağcabədi şəhərini atəşə tutub, mülki şəxslər arasında yaralıların olması haqqında məlumat verilmişdir. Həmçinin, düşmən ordusu Beyləqan şəhərini atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin 63-cü tank taborunun daha 3 ədəd tankının məhv edilməsi barədə məlumat yayımlayıb. Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdərə istiqamətində 62-ci artilleriya alayının 2 ədəd, 41-ci artilleriya alayının 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilmişdir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya dövlətlərini Azərbaycana dəstək verməyə çağırıb. Bildirib ki, hazırda Qarabağda bir çox yerlər işğaldan azad olunub. Türkiyə olaraq bütün qəlbimizlə Azərbaycanın yanındayıq. Azərbaycanın mübarizəsinə dəstək vermək bütün qürurlu dövlətlərin borcudur. Dünya quldur dövlətlərdən xilas edilməsə, bəşəriyyətin davamlı sülh və əmin-amanlığa qovuşması mümkün deyil.

"Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünya ölkələri üçün örnəkdir. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təşkil olunan birgə mətbuat konfranslarında dəfələrlə demişəm ki, bu gün dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkə yoxdur və bu, sadəcə olaraq, söz deyildi. Bu, ürəkdən gələn duyğulardır". Prezident İlham Əliyev bu fikirləri "TRT Haber" telekanalına müsahibəsində bildirib. "Bu hadisələr bir daha onu göstərdi ki, bizi ən çox dəstəkləyən, birinci dəstəkləyən Türkiyə olmuşdur, birmənalı şəkildə, qəti şəkildə. Türkiyə Prezidentinin çox cəsarətli və qəti açıqlamaları bir çox ölkələrə xəbərdarlıq oldu - kənarda durun, qarışmayın, Azərbaycan tək deyil, Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Bütün mövzularda, bütün kürsülərdə biz bir-birimizi dəstəkləyirik və bizim birliyimiz əbədi olmalıdır", - deyə Prezident İlham Əliyev müsahibəsində vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev  müsahibəsində atəşkəsin şərtlərini açıqlayıb. Dövlət başçısı atəşkəs üçün əsas şərtin zəmanət olduğunu bildirərək deyib: "Ermənistanın baş naziri bir il bundan əvvəl bizim torpaqlarımızda demişdi ki, "Qarabağ Ermənistandır", Azərbaycan xalqından üzr istəməlidir. İkincisi, o deməlidir ki, Qarabağ Ermənistan deyil. Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Dördüncüsü, bəyan etməlidir ki, hansı gündə, hansı bölgədən Ermənistan silahlı qüvvələri çıxır. Bu şərtlər Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq edilməlidir. O halda təbii ki, atəşkəs bərpa olunacaq və beləliklə, bu məsələ müzakirə yolu ilə həll olunacaq".

"Respublika".