Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

27 sentyabr 2020-ci ildə  Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

6 oktyabr 2020-ci il

Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Azərbaycan Ordusunun dəqiq atəş zərbəsi nəticəsində Ballıca məntəqəsində düşmənin yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib. Ordumuz Cəbrayıl-Füzuli də daxil olmaqla cəbhəboyu bütün istiqamətlərdə tam üstünlük nümayiş etdirərək, düşmənə ağır zərbələr endirib. Ermənistan silahlı qüvvələrinin Ağdam rayonuna atdığı mərmi məktəb binasında dağıntılar törətmiş, növbədə olan yanğınsöndürmə avtomobilinə ziyan dəymişdir. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə etdiyini sübut edən radio danışıqları ələ keçirilib. Həmçinin verilən məlumata görə, aparılan əməliyyatlar nəticəsində daha iki əcnəbi muzdlu-terrorçu məhv edilib. Ermənistan silahlı qüvvələrinin Yevlax, Goranboy və Beyləqan rayonlarının ərazilərini atəşə tutması barədə məlumat yayımlanıb.

Müdafiə naziri xüsusi xidməti müşavirədə düşmən tərəfindən "İsgəndər" əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcəyini bildirib. Müşavirədə aparılan əks-hücum əməliyyatında mövcud vəziyyət təhlil olunaraq düşmən qüvvələrinin planlı, məqsədyönlü və ardıcıl darmadağın edilməsinin davam etdirilməsi tapşırılıb. Qoşunlara azad olunmuş ərazilərdə həyat əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə göstəriş verilib. Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmaq əmr edilib.

Ermənistan silahlı qüvvələri regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Azərbaycan Ordusunun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb. Gün ərzində düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci alayın müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu məhv edilib. Cəbhədə döyüşlər davam edib. Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutub. Səhər saatlarından başlayaraq ermənilər Tərtər şəhərinə 130-dan çox top mərmiləri atıb. Nəticədə mülki evlərə və obyektlərə ziyan dəyib. Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülüb.

"Siz Azərbaycanda dəfələrlə olmusunuz. Amma bu səfərin xüsusi önəmi var. Azərbaycan üçün o qədər də asan olmayan bir dönəmdə sizin gəlməyiniz əlbəttə ki, xüsusi önəm daşıyır. Bu, qardaş ölkənin açıq dəstəyinin təzahürüdür. Bu dəstəyə görə Azərbaycan xalqı qardaş türk xalqına və onun Prezidentinə dərin minnətdarlıq hissi ilə yaşayır". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Əfqanıstan İslam Respublikasının xarici işlər naziri bölgədə yaşanan gərginlikdən narahatlıq ifadə edib və Əfqanıstanın Azərbaycana dəstəyini bir daha qeyd edib. "Terror dövləti Ermənistanın 27 sentyabrda Azərbaycana hücumu Türkiyəyə hücum sayılır". Bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçəli deyib. O, Qarabağ məsələsinin Türkiyə üçün çox həssas məsələ olduğunu bildirib. "Bu işin zarafatı yoxdur, həmd olsun, işğalçıların boğazını sıxacaq iradəmiz vardır. Hətta səfər üçün gözləməkdəyik. Lazım gələrsə, azərbaycanlı qardaşlarımızla eyni bayraq altında səngərə girməyə hazırıq", - Bağçəli belə deyib.

"Qarabağda bir sıra məntəqələrdə çətin vəziyyət yaranıb". Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook" hesabında yazıb. "Bəzi məntəqələrdə vəziyyət çox ağırdır. Bunu gizlətmirəm", - deyə N.Paşinyan bildirib. Daha bir məlumat gündəmdə yer alıb. Rusiyanın "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko deyib ki, Ermənistanın Azərbaycanla müharibə aparması üçün sahib olduğu resurslar, o cümlədən silah-sursat və yanacaq 2-3 həftəlik döyüş əməliyyatlarına kifayət edəcək, sonra Yerevanın döyüşməyə heç nəyi qalmayacaq. Münaqişə zonasında Ermənistan ilə Azərbaycan arasında Azərbaycan ərazisində tammiqyaslı döyüş əməliyyatları davam edib.

"Respublika".