DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İRANDA ETİRAZ AKSİYALARI DAHA DA GƏRGINLƏŞIB

İranda etiraz aksiyaları artıq dördüncü həftəsinə qədəm qoyur və indi etirazlarda iştirak edən gənc qızın ölümü nümayişçiləri daha da qəzəbləndirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, polislə nümayişçilər arasında baş verən toqquşmalarda ölənlərin sayı 100-ə çatıb. Həmçinin 1500-dən çox insanın saxlanıldığı bildirilir.

Etirazlar zamanı 16 yaşlı Nika Şekarami adlı gəncin yoxa çıxması və sonradan ölü tapılması etirazların daha da gərginləşməsinə səbəb olub. Qeyd edilir ki, gənc qızın meyiti 10 gün sonra ailəsinə göstərilib. Məlumata əsasən, aldığı zərbələrdən onun burnu əzilib, kəllə sümüyü sınıb.

“BBC” agentliyinin xəbərinə görə, gənc qızın cənazəsini ailəsinə təhvil vermək əvəzinə, bazar ertəsi axşam gizli şəkildə başqa kənddə dəfn edilib.

Bununla yanaşı, “The Wall Street Journal” qəzetində aparılan təhlilə görə, İranda əxlaq polisinin zorakılığına qarşı etirazların davam etməsinə səbəb olan əsas problemin iqtisadi vəziyyətin getdikcə pisləşməsidir.

 

İSVEÇ “ŞİMAL AXINI”NDAKI PARTLAYIŞLARLA BAĞLI ARAŞDIRMANI BAŞA ÇATDIRIB

İsveç “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində baş verən sızma ilə bağlı araşdırmanı başa çatdırıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə İsveç Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilir ki, hüquq-mühafizə orqanları  qaz kəmərlərində partlayışların təxribat nəticəsində baş verdiyi qənaətinə gəliblər. Lakin bu partlayışları konkret kimin təşkil etməsi barədə məlumat verilməyib.

Eyni zamanda, verilən xəbərə görə, İsveçin xarici işlər naziri Ann Linde isə baş verənlərin 1980-ci ildən bəri ölkəsinin başına gələn ən ciddi təhlükəsizlik problemi olduğunu bildirib.

“Şimal Axını 1” və “Şimal Axını 2” boru kəmərləri ilə bağlı baş verənlər Avropa və onun yaxınlığında pisləşən təhlükəsizlik siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir. Hazırda bunu kimin etdiyinə əmin deyilik. Bununla belə, təxribat şübhəsi İsveç üçün hərbi təhlükə kimi qəbul edilməməlidir”, -  deyə Ann Linde vurğulayıb.

 

YUNANISTAN TÜRKİYƏNİN ADDIMLARINI İZLƏMƏK ÜÇÜN GÖZƏTÇİ QÜLLƏSİ TİKİR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bir gecə qəfil gələ bilərik” mesajı ilə təşvişə düşən Yunanıstan hökumətindən yeni addım atılıb. İddiaya görə, Yunanıstan Türkiyənin addımlarını izləmək üçün “Outpost” adlı gözətçi qülləsi tikir.

“Teleqraf.com”un verdiyi xəbərə görə, sözügedən qüllənin Türkiyə yaxınlığındakı bölgələrdən birində yerləşdirilməsi təklif olunub. Qüllə sayəsində müxtəlif təhlükələrin əvvəlcədən aşkarlanması hədəflənir.

Yunan mətbuatının məlumatına əsasən, “Outpost” insan, dron, təyyarə, gəmi və nəqliyyat vasitələri də daxil olmaqla bir çox obyekti aşkar edə biləcək.

Eyni zamanda, verilən xəbərə görə, qüllənin dəqiq yeri göstərilməsə də, adalardan birində olacağı iddia edilir. Yunanıstan sözügedən qüllə ilə adaların uzaqdan idarə edilməsini təmin etməyi də hədəfləyir.

 

QIRĞIZISTAN BAYRAĞININ RƏNGİNİN DƏYİŞDİRİLMƏSİ İLƏ BAĞLI TƏKLİF

Qırğız Respublikasında dövlət bayrağının dəyişdirilməsi təklifi irəli sürülüb. “Report” agentliyinin verdiyi xəbərə görə,  bu barədə deputat Arslanbek Maliyev məlumat yayıb.

Deputatın sözlərinə görə, tarixən qırğızların bayrağı göy rəngdə olub. A.Maliyev buna görə də dövlət bayrağının bu rəngdə olmasının vacibliyini vurğulayıb.

Eyni zamanda, parlament üzvü bununla bağlı qanun layihəsinin hazırlandığını qeyd edərək, dövlət himninin sözlərində də bəzi dəyişiklilərin edilməsinin vacibliyi diqqətə çatdırıb: “Öz tarixi rəmzlərimizə qayıtmağın vaxtıdır”.

Məlumata əsasən, bu ideyanın təşəbbüskarları hesab edirlər ki, dövlətin indiki bayrağındakı qırmızı rəng keçmiş SSRİ-ni xatırladır.

 

İMRAN XAN YENİ İTTİHAM QARŞISINDA

Pakistanın keçmiş baş naziri İmran Xanın xələfi Şahbaz Şərifin ofisində dinləmə cihazlarının quraşdırılmasında iştirak edib-etmədiyini öyrənmək üçün araşdırma aparılacaq. “Teleqraf.com”un məlumatına görə, sözügedən araşdırma Pakistan Təhqiqatlar Agentliyinə həvalə edilib.

Verilən xəbərə görə, keçmiş baş nazirlə bağlı araşdırma Pakistan Milli Təhlükəsizlik Komitəsinin qərarı ilə yaradılmış xüsusi dövlət komissiyası tərəfindən istintaqla eyni vaxtda aparılacaq.

Quruma yeddi gün ərzində Şahbaz Şərifin iqamətgahında onun yaxın ətrafı ilə məxfi danışıqlarının sızmasına səbəb olan kibertəhlükəsizliyin pozulması faktlarını müəyyən etmək, habelə nazirlik və digər idarələrin kibertəhlükəsizlik tədbirlərini gücləndirmək tapşırılıb.

Xüsusi dövlət komissiyasına Pakistanın daxili işlər naziri Rana Sanaulla başçılıq edir və bura üç nazir, eləcə də kəşfiyyat orqanlarının rəhbərləri də daxildir.

Xatırladaq ki, sentyabr ayında internetdə Şahbaz Şərifin şəxsi katibi Taukir Şah, müdafiə və daxili işlər nazirliklərinin rəhbərləri ilə danışıqlarının bir çox audioyazılarının yayılmasından sonra istintaq başlayıb.

 

QƏTƏR ƏMİRİ ÇEXİYA SƏFƏRİNİ YARIMÇIQ DAYANDIRIB

Çexiya prezidenti Miloş Zemanın dəvəti ilə bu ölkəyə üçgünlük səfərə gələn Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani səfərini yarımçıq dayandırıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Çexiyadakı diplomatik mənbə bildirib.

Açıqlamaya əsasən, Qətər əmiri səfərə gəldiyi gün Praqanı tərk edib. Məlumata görə, səfərin vaxtından əvvəl başa çatmasına səbəb Çexiya Xarici İşlər Nazirliyinin əmirin irəli sürdüyü tələbləri təmin edə bilməməsi olub.

Qeyd edək ki, Çexiya-Qətər münasibətləri tarixində bu, əmirin Praqaya ilk səfəri idi.

Xatırladaq ki, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani oktyabrın 5-də Çexiya prezidenti Miloş Zemanın dəvəti ilə Praqaya səfər edib. O, ölkə prezidenti və baş nazir Petr Fiala ilə görüşüb.

Verilən xəbərə görə, oktyabrın 6-da əmirin Praqada Avropa Siyasi Birliyi liderlərinin sammiti çərçivəsində iştirakçı dövlətlərin rəhbərləri ilə görüşü nəzərdə tutulmuşdu.

 

QAZAXISTANDA XALQ KOALİSİYASI YARADILIB

Qazaxıstanın siyasi təşkilatları prezident Kasım-Jomart Tokayevin qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürmək üçün onu dəstəkləyən xalq koalisiyası yaradıb. “Teleqraf.com”un xəbərinə görə, bu barədə Qazaxıstanın hakim “Amanat” partiyasının sədri Yerlan Koşanov məlumat verib.

“Hamımız Tokayevin ətrafında birləşməli, birgə çalışmalıyıq. Digər partiyalar, siyasi birliklər də var, onlar da Tokayevin namizədliyini irəli sürürlər, ona görə də biz onlarla birləşib, Tokayevi dəstəkləyən xalq koalisiyası yaratmağa razılaşdıq”, - deyə partiya sədri “Amanat”ın növbədənkənar qurultayında çıxışı zamanı bildirib.

Məlumata əsasən, bu ərəfədə “Amanat” və Qazaxıstan Xalq partiyaları noyabrın 20-də keçiriləcək növbədənkənar seçkilərdə Tokayevin prezidentliyə namizədliyini irəli sürmüşdü.

Xatırladaq ki, Kasım-Jomart Tokayev bildirib ki, seçkiyə konkret hansısa təşkilatdan deyil, ölkədə aparılan islahatların sosial əsasını təşkil edən ictimai-siyasi qüvvələrin geniş koalisiyasından getməsi düzgün olardı. Onun sözlərinə görə, bu, həm də prezidentin müxtəlif partiya və birliklərdən bərabər məsafədə olması prinsipini müəyyən etməyə imkan verəcək.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.