Ağdam: dünyaya örnək olacaq şəhər              
Region

Ağdam: dünyaya örnək olacaq şəhər              

Ermənistanın hərbi təcavüzü, işğalçılıq siyasəti, qəsbkarlığı, azərbaycanlılara qarşı qatı nifrəti, faşist xisləti nəticəsində böyük bir şəhər yer üzündən silinib və indi Qarabağın bu qədim yurd yerinin xarabalıqları Ruhlar şəhəri, Qafqazın Xirosiması adlandırılır. 2020-ci ilin noyabr ayında işğaldan azad edilən Ağdama gələn hər kəsi erməni vəhşiliyi heyrətə salır, evlərin uçuq divarları ağdamlıların üzləşdiyi faciənin miqyasından, nakam insan talelərindən xəbər verir. BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu kimi mötəbər tədbirin birinci gününün Ağdamda keçirilməsi təsadüfi deyildi. Qeyd edək ki,  Forumda 40-dan çox ölkənin nümayəndələri iştirak edirdi və onlar 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasını öz gözləri ilə gördülər və erməni vəhşiliyinin şahidi oldular. Beynəlxalq tədbirdə çıxış edən Prezident İlham Əliyev ermənilərin 30 il ərzində Qarabağda və Şərqi Zəngəzurda törətdikləri vəhşiliyini, qəsbkarlığını, düşmənin barbarlığını və vandalizmini diqqətə çatdıraraq bildirdi ki, biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur.

Qeyd edək ki, 30 ilə yaxın bir dövrdə işğala məruz qalması nəticəsində 900-dək yaşayış məntəqəsi tamamilə dağıdılıb, bir milyon hektardan çox torpaq kənd təsərrüfatı dövriyyəsindən çıxarılıb, yüzlərlə mədəni irs nümunəsi məhv edilib, Ağdam şəhəri isə misli görünməmiş bir vəhşiliklə dağıdılıb, talan-qarət edilib. Ötən ilin may ayında Prezident, Qalib Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilən Ağdam şəhərinin yenidən qurulmasının təməl daşını qoyub. 28 May -Respublika Günü ilə yanaşı, Ağdam şəhərinin bərpasının başlanğıc günü kimi tarixə yazıldı. Haqq, ədalət öz yerini tutdu. İndi müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi və işğaldan azad edilən bütün ərazilərdə çox genişmiqyaslı və iri infrastruktur layihələr həyata keçirilir, dövlət otuz ilə yaxın məcburi köçkün həyatı yaşayan vətəndaşları üçün gələcək xoşbəxt həyat qurur.

Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda bildirilib ki, Azərbaycan dünya təcrübəsi də nəzərə alınmaqla, işğaldan azad olunmuş ərazilərin bərpası prosesində qarşıya çıxan məsələləri müəyyən ardıcıllıqla, sistemli şəkildə həll edir. Birinci mərhələdə idarəetmə və təhlükəsizlik məsələləri: ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi, dövlət sərhədi üzrə nəzarətin təşkili, dövlət qurumlarının fəaliyyətinin bərpası təmin edilir. İkinci mərhələdə baza infrastrukturunun yaradılması məsələləri: magistral nəqliyyat və mühəndis kommunikasiyalarının, meliorasiya sistemlərinin baş qurğularının tikintisi təmin olunur. Üçüncü mərhələdə sosial məsələlər: yaşayış məntəqələrinin bərpası və yenidən qurulması - yaşayış evləri, təhsil və səhiyyə müəssisələri, mədəni-məişət xidməti obyektləri və sair tikilərək istifadəyə verilir. Dördüncü mərhələdə isə genişmiqyaslı iqtisadi məsələlər: məcburi köçkünlərin repatriasiyası prosesi ilə paralel iş yerlərinin yaradılması, iqtisadi fəaliyyət obyektlərinin istifadəyə verilməsi təmin edilir.

Yeri gəlmişkən qeyd edək ki, Forumdan bir gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam şəhərində dəmir yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Həmin kompleks vahid nəqliyyat qovşağı şəklində milli arxitektura üslubunda dizayn edilib və Ağdam rayonunun logistik imkanlarını daha da genişləndirəcək. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Oktyabrın 4-də keçmiş məcburi köçkünlər üçün Ağdam şəhərində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimində bildirilib ki, şəhərin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Təməli qoyulan yaşayış məhəlləsinin salınması üçün 6,9 hektar torpaq sahəsi ayrılıb. Ərazi şəhərin şimal-şərqində yerləşir. Şərqdən Üzərliktəpə tarixi arxeoloji abidəsi, qərbdən isə şəhərin tarixi mərkəzi ilə əhatələnib. Həmçinin “İmarət” adlanan tarixi ərazi də məhəllənin yaxınlığındadır.

Qeyd edək ki, layihə üzrə yaşayış binaları 4-7 mərtəbəli olacaq və burada 1139 mənzil inşa ediləcək. Yaşayış məhəlləsində 3068 nəfər evlə təmin olunacaq. İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılmasına uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə ediləcək. Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlqoyma mərasimində dövlətimizin başçısına və birinci xanıma görüləcək işlərlə bağlı məlumat verildi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdama səfərləri zamanı Bərdə-Ağdam avtomobil yolunun tikintisi ilə də tanış olublar. Qeyd edək ki, başlanğıcını Bərdə şəhərindən götürən bu avtomobil yolunun uzunluğu 44,5 kilometr, eni 26,5 metrdir. Birinci texniki dərəcəyə uyğun inşa olunan avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla dörd hərəkət zolağından ibarətdir.

Sonra dövlətimizin başçısı və birinci xanım Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışını ediblər. Şairənin qəbirüstü abidəsi özünün ilkin görkəmi əsasında heykəltəraş Kənan Əliyev tərəfindən 350 santimetr hündürlükdə boz qranit materialdan hazırlanıb və əvvəlki yerində quraşdırılıb. Ağdamda 1982-ci ildə ucaldılmış və Elcan Şamilovun müəllifi olduğu qəbirüstü abidənin daş yonulması işlərini görmüş Rəfi Zeynalov 40 il sonra da eyni abidənin hazırlanması üçün daş yonub. Bununla bağlı Rəfi Zeynalovun xatirələrini bölüşdüyü qısa film də hazırlanıb.

 Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, bütün işlər Əlaqələndirmə Qərargahı ilə planlı şəkildə həyata keçirilir. Hesab edirik ki, yaxın 2-3 ilə artıq həm Ağdam şəhərinə, həm ətraf kəndlərə, eləcə də Füzuliyə, Xocavəndə və Tərtərin işğaldan azad olunmuş ərazilərinə soydaşlarımızın Böyük Qayıdışını müşahidə etmək imkanı əldə edəcəyik.

Ağdamda Xıdırlı, Kəngərli, Sarıcalı kəndlərinin təməli qoyulub və bu yaxınlarda həmin kəndlərdə tikinti işlərinə başlanılacaq. Eyvazxanbəyli kəndində Qarabağ atlarının cins tərkibinin yaxşılaşdırılması məqsədilə Atçılıq Nəsilartırma Mərkəzinin  də təməlqoyma mərasimi keçirilib. Bundan başqa, Ağdamın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq, ona uyğun infrastruktur yaradılır. “City Hotel Agdam” mehmanxanası müasir səviyyədə inşa olunacaq, rayona səfər edəcək ziyarətçilərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq.

Ötən ilin may ayında Ağdam şəhərinin təməlqoyma mərasimində dövlətimizin başçısı bildirdi ki, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır. Bu sözlərin üstündə bir ilyarım vaxt keçib. Ancaq Ağdamda aparılan genişmiqyaslı işlərə, iri infrastruktur layihələrin yerinə yetirilməsinə baxanda yaxşı mənada adamı həm heyrət, həm də sevinc  bürüyür. Bu qısa zamanda bu qədər işlərin görülməsi Azərbaycan Prezidenti İlham Əliyevin biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, xalqa nə vəd vermişiksə, onu yerinə yetirmişik sözlərinin təsdiqidir.

Salman ALIOĞLU,

“Respublika”.