Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

27 sentyabr 2020-ci ildə  Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

8 oktyabr 2020-ci il

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahı, infrastrukturu və silah-sursat anbarlarına endirilən artilleriya zərbələrinin videogörüntüsünü təqdim edib. Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əks-hücum əməliyyatı nəticəsində seperatçıların liderlərindən biri olan Yervand Qaciyan məhv edilib. Ermənistan hakimiyyəti döyüşə yeni qüvvə cəlb etməkdə çətinlik çəkir. Ölkə vətəndaşları öz övladlarını döyüşə göndərmək istəmir. Erməni icmasının nümayəndələri də döyüşdən yayınır, Qarabağdan qaçırlar. "BBC"nin məlumatına əsasən, minlərlə erməni Qarabağı tərk edib. Ermənistan hakimiyyəti onların bir hissəsini Gorusda yerləşdirib.

Ermənistanın kamikadze dronu Azərbaycanın hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib. Xeyli sayda dinc sakinin həyatı xilas edilib. Ermənistanın dövlət terroru davam edib. Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutub. Ölən və yaralananlar olub. Ordumuz adekvat tədbirlər görüb. Azərbaycan Ordusunun döyüşlərdə iştirak edən qoşunlarının təminatı yüksək səviyyədədir. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən əks-hücum əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri dərhal həll olunur. Qoşunlarımızın təminatı müvafiq idarə, xidmət və qurumlar tərəfindən planlı şəkildə həyata keçirilir. Döyüşdə iştirak edən hərbi qulluqçularımız, hərbi texnika və döyüş vasitələrimiz ərzaq, geyim, məişət əşyaları, gündəlik tələbat məhsulları, silah-sursat və yanacaq-sürtgü materialları ilə sutkada 24 saat ərzində fasiləsiz təmin edilir. Döyüş əməliyyatlarının maddi-texniki təminatı ilə bağlı heç bir problem və çətinlik yoxdur. Təminat və təchizatla bağlı qarşıya qoyulan bütün tapşırıqlar vaxtında icra olunur. "Azərbaycan öz torpaqlarını təkbaşına işğaldan azad etməyə qadirdir". Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib. Qeyd edib ki, Ermənistan dərhal işğal etdiyi Azərbaycan ərazilərindən çıxmalıdır. Nazir vurğulayıb ki, Azərbaycanın əsas məqsədi yalnız işğal altında olan ərazilərini azad etməkdir.

Füzuli rayonunun işğaldan azad olunan Horadiz kəndində erməni hərbçilərin qaçarkən tərk etdiyi zirehli texnikaların videogörüntüləri yayılıb. Azərbaycanın Bərdə və Tərtər şəhərlərini, həmçinin dinc sakinləri atəşə tutan Ermənistanın "Qrad" yaylım atəş sistemi dəqiq zərbə ilə məhv edilib. Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizdə keçirdiyi əks-hücum əməliyyatı zamanı daha bir erməni hərbçisi ağ bayraq qaldırıb. Düşmən Bərdəni "Toçka-U" raketləri ilə vurub. Ötən gecə ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edilib sıradan çıxarılıb. Cəbhənin istiqamətlərindən birində həyata keçirilən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib. Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutub.

"Türkiyə istehsalı olan silahlı pilotsuz uçuş aparatları çox müasir, çağdaş texnologiyalar əsasında yaradılmış silah növüdür və dünyada cəmi bir neçə ölkə var ki, belə imkanlara malikdir. Bu da Türkiyənin həm texnoloji, həm iqtisadi, həm intellektual potensialının təzahürüdür". Bunu "CNN Türk"ə müsahibəsində Prezident İlham Əliyev bildirib: "Belə imkanların bizdə olması işimizi asanlaşdırır və insanlarımızın, əsgərlərimizin həyatını xilas edir. Çünki onlar olmasaydı, havadan vurulan həmin tankları, topları və digər erməni texnikasını biz gərək yerdən vuraydıq. O da çox böyük insan itkisinə gətirib çıxara bilərdi. Bu aparatlar insan itkisinin yüksək rəqəmlərlə ölçülməməsi üçün bizə böyük üstünlük verir. Eyni zamanda, onların texnologiyası mükəmməldir".

"Respublika".