Sağlam həyat
Maraqlı

Sağlam həyat

Boğaz ağrıyarkən bu səhvləri etməyin

Boğazda qaşınma, yanma, sancma, qıcıqlanma, yad cisim hissi və ya qida udmaqda çətinlik kimi bir çox əlamətlər yəqin ki, hamıya tanışdır. Çoxlarımız bu əlamətlərin yalnız respirator xəstəliklərdən qaynaqlandığını bilirik. Lakin boğaz ağrısı əslində bir çox xəstəliklərin erkən simptomlarından biri hesab edilir: məsələn, xoş və ya bədxassəli şişlər,  yuxu apnesi, siqaretin yaratdığı fəsadlar, tonzillit kimi bir çox problemlər boğazda ağırlaşmalara və sözügedən əlamətlərin ortaya çıxmasına səbəb ola bilər. Bu səbəbdən də mütəxəssislər problemlərin  nədən qaynaqlandığını bilmədən onu müxtəlif üsullarla müalicə etməyə çalışan insanlara tövsiyələr ediblər.

Boğazda meydana çıxan simptomlar zamanı  mütləq həkimə müraciət etməyin vacibliyini bildirən mütəxəssislər, belə hallarda bəzi üsullarla müalicələrin tənəffüs, danışma və udma zamanı çətinlik  kimi həyat keyfiyyətini aşağı sala  biləcək problemlərə səbəb olacağını söyləyiblər. Bundan əlavə, proses nə qədər uzanarsa, problemə səbəb olan xəstəliyin də bir o qədər ağırlaşacağı və müalicə müddətinin uzana biləcəyi qeyd edilib. Bəs, yuxarı tənəffüs yollarının infeksiyası nəticəsində yaranan boğaz ağrısına qarşı hansı üsullar təsirli ola bilər? 

 Adətən boğaz ağrısı zamanı ağzı sirkə ilə  qarqara etmək ən çox istifadə edilən müalicə üsullardan biridir. Lakin sirkənin tərkibində olan asit turşusu kimi kimyəvi maddələr boğazdakı iltihabı artırdığı üçün bu müalicə üsulu vəziyyəti daha da ağırlaşdıra bilər.

Belə hallarda isti və ədviyyatlı qidalara da üstünlük vermək tövsiyə edilmir. Çünki bu cür qidalar  tərləməni ləngitdiyi üçün yüksəlməyə meyilli olan hərarətin qarşısını ala bilər. Bundan əlavə, iltihabı artıracağı və prosesi daha da uzada biləcəyi ehtimal edilir. 

Gün ərzində qurtum-qurtum  su içmək həm boğaz ağrısına rahatlaşdırıcı təsir göstərir, həm də mikrobları aradan qaldırmağa kömək edir. Belə ki, boğazda aktiv olan bir çox mikrob mədə turşusuna tab gətirə bilmədiyi üçün orqanizm onu avtomatik olaraq xaric edir. Virusu azaltmaq üçün duz və ya qazlı su ilə də tez-tez qarqara etmək tövsiyə olunur.

Qapalı mühitdə kifayət qədər rütubətin olmaması boğazda quruluğa səbəb olaraq, nəticədə boğaz ağrısını daha da gücləndirə bilər. Buna görə də ətraf mühitin yaxşı havalandırılmasına və rütubət səviyyəsinə diqqət edilməlidir.

Mütəxəssislər habelə bal, sarımsaq, soğan kimi mikrob  əleyhinə qidalara üstünlük verməyi tövsiyə etsələr də, həkimlə məsləhətləşmədən bu vasitələrə əl atmamağı bildirirlər.

İnformasiya "Muhalif" veb saytında yayımlanıb.

 

Yumurtanı hansı şəkildə yemək faydalıdır?

Son zamanlar toyuq yumurtasının istehlakı  ilə bağlı yaranan mübahisələr hələ də davam etməkdədir. Belə ki,  qida mütəxəssislərinin bəziləri  yumurtanın  pis xolesterol səviyyəsini artırdığını, digərləri isə kifayət qədər faydalı olduğunu iddia edirlər. Bəs bu söylənənlərin hansına inanaq və ya yumurtanı hansı şəkildə istehlak etsək, daha faydalı olar? Çiy, qaynadılmış, yoxsa qızardılmış şəkildə?

Adətən yumurta bərk və ya yumşaq qaynadılaraq istehlak edilir. Ancaq bəzi qida mütəxəssisləri bu qidanı çiy halda yeməyi məsləhət görürlər. Çünki yumurtanın tərkibində olan bütün vitamin və minerallar öz keyfiyyətini itirmir. Beləliklə, zülal daha yaxşı mənimsənilir, vitaminlər və minerallar mədənin selikli qişasına faydalı təsir göstərərək turşuluğu azaldır.

Bundan əlavə, çiy yumurta öskürəklə də mübarizə aparmağa kömək edir, süd vəzisi xərçənginin inkişafına mane olur. Ümumiyyətlə, çiy yumurtanın 98 faizinin orqanizm tərəfindən sorulduğuna inanılır.

Bərk yumurta daha gec həzm olunduğu üçün həzmlə bağlı problemlər yaranmasın deyə onun səkkiz dəqiqədən çox qaynadılması məsləhət görülmür. Qızardılmış yumurtaya gəlincə isə, mütəxəssislər yalnız bu məsələdə yekdilliklə ortaq fikirdədirlər. Belə ki, onlar qızardılmış yumurtanın zərərli olduğu qənaətindədirlər.

 Qeyd edək ki, az qaynadılan və yaxud çiy şəkildə istehlak edilən məhsulun yararlılıq müddətinə xüsusilə diqqət yetirmək vacibdir. Diqqət edilməsi  vacib olan məqamlardan biri də toyuğun sağlam olub-olmamasıdır. Xatırladaq ki, xəstə toyuğun yumurtaları  sağlamlıq üçün təhlükəli hesab edilir. Söhbət salmonellalardan - təhlükəli qida infeksiyasından gedir. Bu səbəbdən infeksiya riskini azaltmaq üçün yumurtanın bişirilməzdən əvvəl yaxşıca yuyulması, yaxud sodalı suda isladılması tövsiyə olunur. Ancaq onu da qeyd edək ki, bu üsul da problemlərlə üzləşməyin hər zaman qarşısını ala bilmir. Çünki patogen orqanizmlər qabığın məsamələrinə nüfuz edərək içərisində  toplanır.

Unutmayın ki, yalnız sağlam insanlar gün ərzində ikidən çox yumurta yeyə bilərlər.

İnformasiya "Apetite" jurnalında dərc edilib.

 

Oturaq iş rejimi bu xəstəliklərə səbəb olur

Təəccüblü deyil  ki, bir çox xəstəliklərin əksəriyyətinin əsas yaranma səbəbi oturaq həyat tərzi ilə əlaqələndirilir. Çünki oturaq həyat tərzinin insan orqanizminə bəxş etdiyi “hədiyyə”lər saymaqla bitmir. Bəs bu cür rejim daha çox hansı xəstəliklərə səbəb olur və bu problemin qarşısını necə ala bilərik?

 Mütəxəssislər bu cür həyat tərzinin bəzən  şəkərli diabet, yüksək təzyiq kimi bir sıra sağlamlıq problemlərinə yol aça biləcəyini söyləyirlər. Bilavasitə daimi olaraq oturaq iş rejimində çalışan insanlarda onurğa sütunu əyriliyi və xalq arasında boyun kirəclənməsi kimi tanınan osteoxondroz xəstəliyi də yarana bilər.  

Həmçinin, belə iş rejimində çalışanların mədə-bağırsaq sistemində də müxtəlif problemlərin yarana bilmə  ehtimalı yüksəkdir. Bu şəxslərdə qəbzlik, babasil kimi xəstəliklərə daha çox rast gəlinir. Belə insanlarda xroniki yorğunluq, depressiyaya meyillilik digərləri ilə müqayisədə daha çox müşahidə olunur.

Sadalanan problemlərin qarşısını almaq üçün isə ilk növbədə iş şəraitini dəyişmək tövsiyə olunur. Lakin əksər hallarda bu qeyri-mümkün olduğu üçün iş saatlarında hər saatbaşı 5-10 dəqiqəlik fasilə vermək məsləhət görülür. Bundan əlavə, fasilə müddətində göz əzələlərini məşq etdirmək də önəmlidir.

Həmçinin imkan daxilində yüngül idman hərəkətləri etmək və açıq havada gəzmək faydalı hesab edilir. Gün ərzində hərəkət aktivliyi zəif olan insanların  mümkün qədər az və sağlam qidalanmaları tövsiyə edilir.

İnformasiya "Forschung und Wissen" jurnalında dərc edilib.

 

Atrıq idmana gərək qalmayacaq?

"Daily Mail"in yaydığı  xəbərə görə, elm adamları  idmanın bədənə təsirini təqlid edə bilən dərman  hazırlayacaqlarını açıqlayıblar. Yüksək kalorili bir pəhrizin  kök hüceyrələrdə yağ depolama qabiliyyətini artırdığına dair faktlar əldə edən tədqiqatçılar, idmanın bu təsiri geri çevirə biləcəyini ortaya çıxarıblar. Alimlər bu kəşfin kök hüceyrələrini hədəf alan dərmanların istehsalında istifadə edilə biləcəyinə ümid edirlər.

 "İdman etdikdə yüksək yağlı bir pəhrizin  zərərli təsirlərini aradan qaldıra bilən molekulyar mexanizmlərin iş prinsipini öyrənməyimiz son dərəcə önəmlidir. Çünki bunu öyrənməklə məşqlərin  bir çox toxumalara təsirini təqlid edə bilən dərmanlar hazırlayacağımıza inanırıq. Ancaq bu dərmanı ərsəyə gətirmək uzun müddət vaxt  tələb edə bilər. Ona görə də hələ ki, bəzi problemlərin qarşısını almaq üçün idman və sağlam qidalanmadan başqa çıxış yolumuz yoxdur", - deyə Massaçusets Texnologiya İnstitutunun rəhbərlik etdiyi tədqiqatın müəllifi dr. Manolis Kellis  bildirib.

Son dövrlər bütün dünyada hər on kişidən biri, qadınlardan isə dördü piylənmə problemi ilə qarşı-qarşıyadır. Tibb mütəxəssisləri hər zaman sağlam həyat tərzini təbliğ etməyə çalışsalar da, bu rəqəmlər onilliklər boyu artmaqda davam edir. Bu səbəblə də, mütəxəssislər problemin yeganə çözümünü düşündükləri dərmanın hazırlanmasında görürlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".