Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

9 oktyabr 2020-ci il

27 sentyabr 2020-ci ildə  Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

Prezident İlham Əliyev xalqa müraciətində Xocavənd rayonunun Sor kəndi və Hadrut qəsəbəsinin, Tərtər rayonunun Çaylı kəndi, Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndlərinin işğaldan tam azad edildiyini açıqlamışdır. Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, gecə ərzində gərgin döyüşlər ordumuzun üstünlüyü ilə davam etmişdir. Həyata keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılmışdır. Nəticədə binada olan xeyli sayda hərbi qulluqçu məhv edilmişdir. Gün ərzində və gecə ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edilmiş və sıradan çıxarılmışdır. Cəbhənin istiqamətlərindən birində həyata keçirilən əməliyyat nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilmişdir.   Azərbaycan ordusu ermənilərin Ağdərədəki hərbi bazasını darmadağın etmişdir.  Cəbrayıl rayonuna Azərbaycan bayrağının sancıldığını əks etdirən videogörüntülər yayımlanmışdır.

İşğalçı Ermənistan ordusu daha 26 hərbçisini itirdiyini təsdiqləyib. Buna qədər düşmən tərəfi öldürülən hərbçilərin 350 nəfərini təsdiqləyirdisə, artıq bu rəqəm 376-ya çatıb. Düşmən Bərdə və Ağdam rayonlarının ərazilərini intensiv atəşə tutub. 27 sentyabr tarixindən bu günə qədər Ermənistan ordusuna məxsus 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21 "Qrad", 1 "Uraqan", 10 özüyeriyən artilleriya qurğusu - onlardan 8-i 2S3 "Akasiya", 2-si "Qvozdika", 36 piyadanın döyüş maşını, 24 artilleriya batareyası, 2 "REM" və ya hava hücumundan müdafiə vasitəsi, 2 ədəd S-300 kompleksinin buraxıcı qurğusu, 25 "Osa" zenit raket kompleksi, 2 "Kub" zenit raket kompleksi, 4 "Repelent" radio-texniki vasitə, 136 top, 56 minaatan, 1 ədəd "TOS 1a" odsaçan sursatı, 2 ədəd radiolokasiya stansiyası, 1 "Kalçuqa" anteni məhv edilmişdir. Həmçinin 18 tank, 4 top, 22 piyadanın döyüş maşını, 12 minaatan, 4 "UAZ" maşını, 1 ekskavator, 27 "İqla" kompleksi, 1 "ZİL" maşını, 9 "QAZ" maşını hərbi qənimət kimi ələ keçirilmişdir.18 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə Ermənistan silahlı qüvvələri tərəfindən 22 top mərmisi atılıb. Axşam saatlarında düşmənin atəş mövqeyinə çıxardığı zirehli texnikaları Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir. Həmçinin Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunmuş Suqovuşan və Talış kəndlərindən yeni videogörüntülər yayımlamışdır.

"Bizim məqsədimiz xalqımızı, ölkəmizi və öz torpağımızda yaşamaq hüququmuzu müdafiə etməkdən ibarətdir. Sentyabrın 27-də Azərbaycanın hərbi mövqelərinə, şəhər və kəndlərimizə artilleriya atəşi açan Ermənistan olub".  Prezident İlham Əliyev bu barədə "CNN International" televiziyasına müsahibəsində Azərbaycanın hazırda yürütdüyü kampaniyanın məqsədlərini bəyan edərkən bildirib: "Biz cavab verməli idik, özümüzü müdafiə etməli idik". Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop RİA Novosti  agentliyinə açıqlamasında deyib: "Türkiyə Qarabağ münaqişəsində Azərbaycan Silahlı Qüvvələrinə kömək üçün hərbçilərinin göndərilməsini istisna etmir". Parlament sədrinin sözlərinə görə, hələlik buna ehtiyac yoxdur. Mustafa Şəntop qeyd edib ki, Azərbaycan hərbçiləri işğal olunmuş ərazilərin azad edilməsində əzmkarlıq və qətiyyət göstərməklə müstəqil şəkildə qələbə qazanmağı bacardıqlarını sübut ediblər. Bu səbəbdən belə bir təklifin Türkiyə ordusunun münaqişə bölgəsində istifadəsi ilə bağlı üçüncü tərəfin, BMT-nin qətnamələrini nəzərə almadan, bu münaqişəyə qarışana qədər lazım olacağını düşünmürəm.

"Respublika".