Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Robotların apokalipsisi baş verə bilərmi?

Tez-tez Hollivud filmlərinin süjet xəttini təşkil edən və daha çox Arnold Şvartseneggerin baş rolda oynadığı "Terminator" serialı ilə məşhurlaşan "süni intellektə malik robotların bəşəriyyətə qarşı müharibəsi" mövzusunda araşdırma aparılıb. Belə ki, Nyu-York Universitetində 327 tədqiqatçı arasında keçirilən sorğuda süni intellekt üzərində çalışan alimlərin çoxu robotların gələcəkdə insanlığa qarşı müharibə apara biləcəyini iddia edib. Belə ki, onlar süni intellekt sisteminə əsaslanan robotların apokalipsisə (dünyanın sonu) səbəb ola biləcəyini söyləyirlər.

Bu gün süni intellekt texnologiyasının inkişafı ilə robotlar həyatımızın demək olar ki, hər sahəsində istifadə olunmağa başlayıb. Lakin insanlara kömək məqsədilə hazırlanan bu robotların gələcəkdə böyük problemlərə səbəb ola biləcəyi düşünülür.

Alimlərin böyük bir qismi süni intellektə malik sistemlərin verdiyi qərarların gələcəkdə nüvə müharibəsi kimi böyük fəlakətə yol aça biləcəyi qənaətindədir. Respondentlərin 73 faizi süni intellektin sənaye inqilabı kimi sosial dəyişikliklərə səbəb ola biləcəyini, 61 faizi isə bu sahə üzrə çalışan özəl sektorların dominant olduğunu iddia edib.

Araşdırma haqqında məlumat verən Britaniyanın "The Times" qəzeti 2017-ci ildə Rusiya prezidenti Vladimir Putinin söylədiyi fikirlərdən sitat gətirib. Prezident çıxışında: "Hansı ölkə bu sahə üzrə liderdirsə, dünyanın lideri də o ölkə olacaq", - sözlərini ifadə etmişdi. Digər tərəfdən isə vaxtilə "Tesla"nın baş direktoru İlon Mask da süni intellektin Üçüncü Dünya müharibəsinə səbəb ola biləcəyini bildirmişdi.

Son dövrlər onlarla ölkə süni intellektə malik raket və ya pilotsuz idarə olunan uçuş aparatları kimi silahların qadağan olunmasını istəyir. Lakin belə silahları istehsal edən Rusiya, ABŞ və İsrail kimi ölkələr bu məhdudiyyətlərə qarşı çıxır.

Dünya səviyyəsində insan haqlarını müdafiə edən və bu mövzuda araşdırmalar aparan beynəlxalq qeyri-hökumət təşkilatları insan nəzarəti olmadan özü hədəf alan və atəş açan tam avtonom silahlı robotlara qarşı tədbir görməyə çağırıb. Qeyd edək ki, təşkilatların hazırladığı hesabata görə, Çin, İsrail, Rusiya, Cənubi Koreya, Böyük Britaniya və ABŞ belə silah sistemlərinə "güclü" sərmayə qoyan ölkələr sırasındadır.

 

Ağcaqanadlar peyvənd rolunu oynaya bilər

Elm adamları dünyada bir ilkə imza ataraq, malyariyaya qarşı peyvənd hazırlamaq üçün qeyri-adi üsula əl atıblar. Belə ki, ağcaqanadları geni dəyişdirilmiş parazitlərlə yoluxduran alimlər, bu həşəratlardan şpris kimi istifadə edərək malyariyaya qarşı peyvənd hazırlamağa cəhd göstəriblər.

ABŞ-ın Seattle Uşaq Tədqiqat, Milli Sağlamlıq İnstitutları və digər nüfuzlu qurumların tədqiqatçılarından ibarət komanda ağcaqanadları "Plasmodium falciparum" adlı parazitlərlə yoluxdurub. Lakin bunu etməzdən əvvəl parazitlərin xəstəliyə səbəb olmasını təmin etmək üçün onların geni CRISPR texnologiyası ilə redaktə edilib.

Əsas məqsəd orqanizmin zəifləmiş parazitləri tanıması və onlara qarşı antikor istehsal etməsidir. Bu yolla bədən əsl parazitlə qarşılaşdıqda antikor istehsal edərək ona yenidən müqavimət göstərə bilər.

Araşdırmanı şərh edən bəzi tədqiqatçılar ağcaqanadların bu şəkildə istifadə edilməsinin diqqətəlayiq olduğunu desələr də, genetik cəhətdən dəyişdirilmiş həşərat sürülərinin təbiətə buraxılmasının arzuolunmaz nəticələrə səbəb ola biləcəyinin də istisna olmadığını vurğulayıblar.

Əslində, tədqiqatçıların məqsədi ağcaqanadları ətraf mühitə buraxaraq milyonlarla insanı peyvənd etmək deyil, bu, yalnız təcrübə zamanı işin asanlaşdırması zəminindədir.

Ağcaqanadların peyvənd daşıma sisteminə çevrilməsi ilk baxışda çox cazibədar görünsə də, bir çox mütəxəssis kimin peyvənd olunduğuna, nəzarət edilə bilinməyəcəyini və bioetika kimi məsələlərin ciddi müzakirələrə səbəb olacağını bildirib.

"Science Translational Medicine" elmi jurnalında dərc edilən araşdırmada metodun 50 faiz effektiv olduğu təsdiqlənib. Qeyd edək ki, ötən il Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənən bu peyvəndin effektivliyi cəmi 30 faiz təşkil edirdi. Araşdırma qrupunun rəhbəri dr. Sean Murphy hesab edir ki, bu yanaşma gələcəkdə dünyanın ilk malyariya peyvəndinin hazırlanmasına zəmin yaradacaq.

 

Ayın yaranması ilə bağlı sirr çözülür?

Məşhur bir fərziyyəyə görə, planetimizin peyki olan Ay milyardlarla il bundan öncə Yer kürəsinin Teya adlı planetlə toqquşması nəticəsində yaranıb. Uzun illərdir ki, prosesin necə baş verməsi ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürülsə də, hələ ki, məsələyə yekun nöqtə qoyulmayıb. Bu dəfə isə NASA mütəxəssisləri yeni kompüter simulyasiyasının köməyi ilə araşdırma apararaq, Ayın Yer kürəsi ilə Teyanın toqquşmasından bir neçə saat sonra formalaşmış ola biləcəyini iddia edirlər.

Ayın necə yarandığını anlamaq üçün ilk növbədə onun barəsində olan müxtəlif məlumatlardan istifadə etmək lazımdır. Buna misal olaraq, Ayın kütləsini, orbitini, tərkibində olan kimyəvi elementləri və s. göstərmək olar. Bu məlumatlar əsasında müxtəlif ssenarilər hazırlanır və onlar Ayın mümkün yaranma proseslərini sərgiləyir.

Ay səthindən əldə edilmiş nümunələrin laboratoriya şəraitində analizləri göstərib ki, onların izotop tərkibləri Yer kürəsinin süxurlarına bənzəyir. Bu isə Ayın tərkib hissəsini təşkil edən materialın böyük qisminin uzaq keçmişdə Yer kürəsinə məxsus olduğuna işarə edir.

Hazırda bu ehtimal o qədər də inandırıcı deyil. Çünki Ay nümunələri ilə Yer kürəsi süxurları arasındakı oxşarlıq bu qədər yüksək ola bilməz. Alimlər düşünürlər ki, real görünən varianta əsasən Ayın formalaşmasında daha çox Yer kürəsindən ayrılmış parçalar böyük rol oynayıb.

Beləliklə, mütəxəssislər tərəfindən reallaşdırılmış yeni kompüter modelləşdirilməsinə əsasən Ay Teya planeti ilə Yer kürəsinin toqquşmasından bir neçə saat sonra formalaşmış ola bilər. Daha əvvəllər isə bunun bir neçə gün və hətta il ərzində baş verdiyi düşünülürdü. Bu fərziyyənin təsdiqlənməsi və ya təkzib edilməsi üçün alimlər NASA-nın Ay proqramı çərçivəsində oradan Yer kürəsinə gətiriləcək yeni nümunələri analiz etməlidirlər.

 

Gömrükdə də süni intellektdən istifadə ediləcək

Türkiyənin Elmi və Texnoloji Araşdırma Qurumu (TÜBİTAK) Ticarət Nazirliyi ilə birgə yeni layihəyə imza atıb. Belə ki, Tarama Şəbəkəsi adlı layihənin əsas məqsədi gömrükdən keçən malların növünü süni intellektin köməyi ilə müəyyən etməkdən ibarətdir.

Layihə çərçivəsində nazirliyin məlumat bazası sisteminin təhlili səmərəli şəkildə həyata keçiriləcək. Bundan əlavə, sistemin tətbiqi ilə dinamik inteqrasiya da əldə olunacaq. Bu isə ümumilikdə mərkəz və əyalət bölmələri arasında əlaqənin daha da güclənəcəyini təmin edəcək.

Şəbəkənin skan edilməsi insanların edə biləcəyi səhvlərin qarşısının alınması baxımından çox vacibdir. Bu həm də qərar qəbuletmə müddətinin qısalması və nəzarətin gücləndirilməsi yönündə fayda verəcək.

Layihənin beynəlxalq müstəvidə də rolu böyükdür. Belə ki, Bolqarıstan, Gürcüstan, İran və Naxçıvanın gömrük idarələri ilə görüntülü əlaqənin qurulması nəzərdə tutulur. Layihənin həyata keçirilməsində ən böyük məqsəd gömrük prosedurlarının sürətləndirilməsi və təhlükəsiz keçid dəhlizinin yaradılmasından ibarətdir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".