Sən həmişə bizimləsən
Region

Sən həmişə bizimləsən

Vətən müharibəsində qəhrəmancasına şəhid olan, Azərbaycan Ordusunun çavuşu Həsən Rəhim oğlu Həsənovun doğum günündə məzarı ziyarət olundu. Şəhidin əziz xatirəsi anıldı, ruhuna dualar oxundu.

Şəhidin məzarı önündə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin valideynlərinə belə qəhrəman, igid oğul böyütdükləri üçün minnətdarlıq edib onlara səbir dilədi. İcra başçısı bildirdi ki, dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canını fəda edən, qorxmadan ölümə gedən cəsur vətən övladlarımızın xatirəsi hər zaman əziz tutulacaq. Nə qədər müasir texnologiyadan və xüsusi hərbi strategiyadan istifadə olunsa da, qazanılan Qələbə Azərbaycan əsgər və zabitinin qüdrətinin göstəricisidir. Vətən uğrunda canından keçən bütün şəhidlərimiz kimi, Həsənin də döyüşlərdə göstərdiyi şücaəti dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, ölkə başçısının sərəncamı ilə bir neçə medalla təltif olundu. Şəhid adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlər şəhidlərin gələcək nəsillərə tanıdılması ilə bərabər, həm də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Şəhid Həsən Həsənovun və bütün şəhidlərimizin əziz xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaq. Bu gün biz haqlı olaraq deyirik: "Sən həmişə bizimləsən".

Sonra "Şirvan Gənclər Evi" Sosial Xidmət Müəssisəsində şəhid Həsən Həsənovun doğum günü münasibətilə xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi. Gənclər Evinin direktoru Əfqan Həsənov, Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə İsmayılovanın iştirak etdiyi mərasimdə şəhidlərimizin ruhunun hər zaman uca tutulacağı, ehtiramla yad olunacağı bildirildi. Din xadimi Hacı Vasif, 2 nömrəli tam orta məktəbin direktoru Əminə Əliyeva, Həsənin müəllimləri və digər çıxış edənlər Həsən haqqında xatirələrini bölüşüb, şəhidlik məqamının müqəddəsliyindən danışdılar. Şəhidin təhsil aldığı 2 saylı tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda bədii kompozisiya ilə çıxış etdilər. Anım tədbirində Gənclər Evi tərəfindən şəhid Həsən Həsənov haqqında hazırlanmış təqdimat videosu nümayiş olundu.

Tofiq HÜSEYN,

"Respublika".