Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

27 sentyabr 2020-ci ildə  Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

13 oktyabr 2020-ci il

Döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salınıb, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarılıb. Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisyan yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edilib. Döyüş əməliyyatları zamanı tanınmış erməni terrorçu, "Körpə" ləqəbli Mqer Arutyunyan da zərərsizləşdirilib. Müdafiə Nazirliyi işğaldan azad olunan Hadrut qəsəbəsinin görüntüsünü yayımlayıb. Müqaviməti qırılan düşmən bölmələrində kütləvi fərarilik halları müşahidə olunub. Ermənilər Qarabağda döyüşmək istəmirlər. İşğalçı erməni ordusu daha 96 hərbçisinin öldürüldüyünü etiraf edib.

Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhəboyu əməliyyat üstünlüyünü saxlayıb. Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən qruplaşma və yerdəyişmə apararaq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olaraq qalıb. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 "Qrad" YARS, 1 ədəd "Tor-M2KM" ZRK, 1 ədəd ZSU-23-4 "Şilka" özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2A36 "Qiasint-B" topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

"Azərbaycan ərazilərini işğal edən Ermənistan təbii qaz və neft boru kəmərlərinin nəqliyyat xətləri üzərində yerləşən Tovuz bölgəsindən sonra Gəncə şəhərinə hücum etməsi ilə Avropanın enerji təchizatını təhlükəyə atır". Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə telefon danışığı zamanı bildirib. Türkiyə Prezidenti Avropa İttifaqı ölkələrini Azərbaycanın torpaq bütövlüyü ilə bağlı tutarlı bir mövqe ortaya qoymağa çağırıb. Sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlarımızdan qaçmasını əks etdirən görüntülər yayılıb. Videodan aydın olur ki, Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı düşmənin canına qorxu salıb. Ermənistan Ordusu ciddi itkilər verməkdə davam edib. Düşmən tərəfi daha 17 hərbçinin ölümünü təsdiqləyib.

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər rayon ərazisini yenidən atəşə tutmaqda davam edib. Oktyabrın 13-ü səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alıb, vətəndaşları ağır artilleriya atəşinə tutub. Məlumata görə, gün ərzində ermənilər tərəfindən Tərtər şəhərinə və ətraf kəndlərə - Qazyan, Yuxarı Qaradağlı, Səhləbat və Əskipara kəndi ərazisinə ümumilikdə 300-ə yaxın top mərmisi atılıb. Azərbaycan Silahlı Qüvvələrinin zərbə PUA-ları Ermənistan ordusuna ümumilikdə azı 1 milyard ABŞ dolları ziyan vurub. Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunun Qazaxlar kəndini raket atəşini tutub. Ermənistan tərəfi növbəti dəfə "Smerç" tipli raketlərdən istifadə edib. Raketlər Qazaxlar kəndinin yaxınlığına düşüb. Qeyd edək ki, Ermənistanın dinc sakinləri atəşə tutması nəticəsində 42 nəfər dinc sakin ölüb. Hadisələr nəticəsində 206 nəfər sakin xəsarət alıb, 1479 ev, 66 çoxmənzilli yaşayış binası, 241 mülki obyekt isə yararsız vəziyyətə düşüb.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada mətbuat konfransında deyib ki, "Ankara istənilən vəziyyətdə - həm döyüş meydanında, həm də danışıqlar masasında Azərbaycana dəstək olacaq".

"Respublika".