İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

İdmançılarımız beynəlxalq turnirdə qızıl medal qazanıblar

Çex Respublikasının Yablones nad Nisou şəhərində batut gimnastikası üzrə “Friendship-2022” beynəlxalq turniri keçirilib. 17 ölkədən 262 idmançının iştirak etdiyi yarışda ölkəmizi yığma komandamızın üzvləri Selcan Mahsudova, Maqsud Mahsudov və Hüseyn Abbasov təmsil ediblər.

Sinxron cütlüklər proqramında təsnifat mərhələsini birinci pillədə başa vuran idmançılarımız Maqsud Mahsudov və Hüseyn Abbasov həlledici mərhələdə də bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıblar.

 

Debüt uğurlu olub

Azərbaycanın MMA döyüşçüsü Röyal Leylizadənin Qazaxıstanın Octagon Liqasında debütü uğurlu alınıb.

Azərbaycanın “ASED Fighting Championship” (AFC ASED) Liqasının “Contender” seriyasının döyüşçüsü Röyal Leylizadə idmançı Aktore Batırbek ilə qarşılaşıb. 57 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz rəqibini məğlub edərək Octagon Liqasına uğurla start verib.

 

Komandamız Balkan çempionatında çıxış edib

Türkiyənin Afyon şəhərində uşu-kunq fu üzrə Balkan çempionatı keçirilib.

Yarışın yekunlarına görə, yeniyetmələr arasında Hüseyn Məmmədov (42 kq), Sabir Məmmədov (36 kq), Tunar Rüstəmzadə (39 kq) və Xəyal İbrahimov (36 kq) birinci yerə çıxıblar.

Gənclərin yarışında isə Raul Qasımzadə (56 kq) gümüş, Bahadur Əhmədov (65 kq), Amal Məmmədov (52 kq), Pərviz Abiyev (56 kq) bürünc medal qazanıblar. Böyüklər arasında Elçin Eminov (65 kq) qızıl medala sahib olub.

 

Monteneqroda boks üzrə çempionat keçirilir

Monteneqronun Budva şəhərində qadın boksçular arasında Avropa çempionatı start götürəcək. Doqquz gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Budvada ölkəmizi Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (51 kq), Zeynəb Rəhimova (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (80 kq) təmsil edəcəklər.

Nərgiz İSMAYILOVA,

“Respublika”.