Xatirələrdə yaşayanlar
Region

Xatirələrdə yaşayanlar

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalanların doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması İmişlidə davamlı hal alıb. İmişlinin Məzrəli kəndində Quliyev Elçin Etibar oğlunun şəhadətə yüksəlməsinin ikinci ildönümündə xatirəsi anılıb.

Elçin Quliyev 24 avqust 2001-ci il tarixdə İmişli rayonunun Məzrəli kəndində anadan olub. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz döyüşlər zamanı göstərdiyi igidliyə və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda," "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilibdir. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, aparatın məsul işçiləri, YAP İmişli Rayon Təşkilatının sədri Səfa Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Mətləb Murğuzov, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, kənd sakinləri şəhidin məzarını ziyarət edərək tər gül-çiçək dəstələri düzüblər.

İcra başçısı Elçin Rzayev adları Vətən tarixinə qızıl həriflə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib. Rayon rəhbəri Elçin Quliyev kimi vətənpərvər, mərd, şücaətli övlad böyütdüklərinə görə şəhid ailəsinə təşəkkürünü bildirib. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin hər zaman dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunacağını diqqətə çatdırıb.

Şəhid Quliyev Elçin Etibar oğlunun ailə üzvləri və yaxınları diqqət və qayğıdan razılıqlarını ifadə edərək ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Ərəstun ABDULOV,

"Respublika".