Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ
Ekologiya

Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət yasaqlıqları seriyasındanQızılca Dövlət Təbiət Yasaqlığı haqqında yazını dərc edirik.

"Respublika".

Qızılca Dövlət Təbiət Yasaqlığı 

Gədəbəy rayonu Azərbaycanın ən qədim insan məskənlərindən biridir.  Kiçik Qafqazın orta və yüksəklik dağlıq qurşağında yerləşir. Ərazisi Şahdağ silsiləsinin şimal yamacını, Başkənd-Dəstəfur çökəkliyinin  və Şəmkir dağ massivinin bir hissəsini əhatə edir. Ən yüksək zirvəsi olan Qoşabulaq 3549 metr, Qocadağ 3317 metr hündürlükdə yerləşir.

Qızılca Dövlət Təbiət Yasaqlığı 1984-cü ildə Gədəbəy meşə təsərrüfatının Qızılca meşəçiliyi sahəsində yaradılmışdır.  Ərazisi 5135 hektardır.

Yasaqlığın yaradılmasında əsas məqsəd ərazinin təbiət kompleksini, xüsusilə məhv olmaq təhlükəsində olan heyvanlar və bitki nümunələrini qorumaqdır. Ərazi 1500-2000 metr hündürlükdə yerləşir, dağ sistemləri dərin dərələrlə parçalanmışdır. Burada bir neçə kiçik çay vardır. Bu çaylar orta axın zonasına aid olub, hər kvadratkilometr ərazidə 10-151 /san su axıdır. Onların qidalanmasının 50 faizi  qrunt, 30 faizi  qar, 20 faizi  isə yağış suları hesabınadır. Çayların maksimum su axıtma dövrü aprel-iyun aylarına təsadüf edir.

Yasaqlığın ərazisində meşə və meşə altından çıxmış dağ-bozqır bitkiləri inkişaf etmişdir. Orta dağlıqda kollu və seyrək meşəli çəmənliklər, enliyarpaqlı meşələr yayılmışdır. Burada meşəni əmələ gətirən əsas ağac cinsləri palıd, fıstıq və vələs ağaclarıdır. Fıstıq meşələri 1340, vələs meşələri 1240, palıd meşələri isə 900 hektar ərazini əhatə edir, seyrək meşəliklər 307 hektar sahədə yayılmışdır. Ərazidə meşəsiz sahələr 502 hektara çatır. Subalp bitkiləri 1800-2600 metr yüksəklikləri əhatə edir. Alp yüksəkliyinin əsas  bitkiləri taxıllar və çil fəsiləsinə aiddir. Bu bitkilər burada alp xalıları yaradır. Alp xalılarının əsas tərkibini Qafqaz zirəsi, şaxduran, çəmən yoncası, cil, zənciotu, üçdişli zəngiçiçəyi, cinotu təşkil edir.  Meşələrdə həmçinin, ağcaqayın, göyrüş, müxtəlif meyvə ağacları, onlarla dərman bitkiləri, endemik bitkilər geniş yayılmışdır. Burada cüyür, qonur ayı, çöl donuzu, dovşan və s. heyvanlar, müxtəlif quşlar qorunur.

                                               Kamil İSMAYIL,

                                               “Respublika”.