Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

15 oktyabr 2020-ci il

Gecə saatlarında Azərbaycan Ordusu tərəfindən həyata keçirilən uğurlu əməliyyat nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd "Tor-M2KM" zenit raket kompleksi, 4 ədəd BM-21 "Qrad" YARS, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd D-1 haubitsa topu, bir neçə PUA-sı və avtomobil texnikası məhv edilib sıradan çıxarılıb. Əldə olunan məlumata əsasən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğal etdiyi ərazilərdəki qüvvə və ehtiyatlarına ağır zərbə vurulub. Canlı qüvvə, döyüş texnikası, silah-sursat, yanacaq tükənmək üzrədir. Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayıb. Ermənistan silahlı qüvvələrinin Tərtər şəhər qəbiristanlığına ağır artilleriyadan intensiv atəş açması nəticəsində 4 mülki şəxs həlak olmuş, 4 nəfər isə ağır yaralanmışdır.

***

Saat 07:30. Ermənistan son sutka ərzində işğal olunmuş Dağlıq Qarabağ regionunda döyüş əməliyyatları nəticəsində məhv edilən hərbçilərinin sayını açıqlayıb. Bu barədə erməni KİV-ləri məlumat yayıb. Məlumatda deyilib ki, son sutkada 23 erməni hərbçi məhv edilib. Ermənistan bu günədək 555 hərbçisinin öldüyünü açıqlayıb.

***

Saat 09:30.  Azərbaycan  Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Ciraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" başlıqlı paylaşım edib.

***

Saat 12:10. Ermənistan Müdafiə Nazirliyi Qarabağ döyüşlərində məhv edilən əsgər və hərbi vəzifəlilərin bəzilərinin adını açıqlayıb. Düşmən tərəfin polkovniki Vahan Asatryan ordumuz tərəfindən məhv edilib. Bildirilib ki, əldə olunan məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğal etdiyi ərazilərdəki qüvvə və ehtiyatlarına ağır zərbə vurulub. Canlı qüvvə, döyüş texnikası, silah-sursat, yanacaq tükənmək üzrədir. Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhəboyu əməliyyat üstünlüyünü saxlayıb.

***

Saat 14:00. Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdən əldə etdiyimiz görüntülər Ermənistan Ordusundakı dəhşətli vəziyyəti təsdiqləyib. Lent.az-ın əldə etdiyi görüntülərə görə, Ermənistan ordusunda əsgər və zabitlər kütləvi şəkildə müxtəlif növ narkotik vasitələrdən istifadə edirlər. Kadrlarda göründüyü kimi, erməni əsgər və zabitləri istifadə etdikləri külli miqdarda narkotik vasitələri qoyaraq qaçıblar. Erməni hərbçilərinin marixuana, heroin, metamfetamin, tiryək və başqa psixotrop maddələrdən öz kazarmalarında açıq-aşkar istifadə etdikləri görünür.

***

Azərbaycan Ordusunun Qarabağdakı bölmələrinin uğurlu əməliyyatı nəticəsində erməni qoşunları ciddi itki verib və cəbhənin müxtəlif istiqamətlərində geri çəkilmək məcburiyyətində qalıb. Erməni general-mayor Artak Tonoyan  Qarabağda məhv edilib. A.Tonoyan əvvəllər Ermənistan ordusunun sülhməramlı qüvvələr briqadasına rəhbərlik edib. O, Ermənistan müdafiə nazirliyi tərəfindən Qarabağ cəbhəsinə göndərilib və orada Azərbaycan Ordusu tərəfindən məhv edilib.

***

"Əlbəttə, onlar çox müasir, inkişaf etmiş silahlardır. Sizə deyə bilərəm ki, təkcə Türkiyədən əldə etdiyimiz dronlar vasitəsilə biz Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik, yalnız dronlar vasitəsilə". Bu fikirləri Prezident İlham Əliyev "France 24" televiziya kanalına müsahibəsində deyib. Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, əlbəttə, bildiyiniz kimi, biz başqa mənbələrdən olan dronlardan da istifadə edirik: "Biz artilleriyadan istifadə edirik, geniş çeşiddə hərbi avadanlıqdan istifadə edirik. Lakin təkcə dronlar Ermənistana 1 milyard dollar ziyan vurub. Bu, onlar üçün ciddi ziyandır. Mənə maraqlıdır onlar bütün bu avadanlığı almaq üçün bu qədər pulu haradan tapıblar, çox güman ki, onu pulsuz əldə ediblər".

***

"Bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Ona görə də döyüş meydanında əsas hədəf strateji yüksəklikləri işğalçılardan azad etmək və böyük əraziləri nəzarət altına almaqdır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin NTV kanalına müsahibəsində deyib. "Həm şimal, həm cənub, həm şərq istiqamətlərində artıq strateji yüksəkliklər bizim nəzarətimizdədir", - deyə Prezident vurğulayıb. İlham Əliyev bildirib ki, Ermənistan öz təcavüzünü dayandırmalı, atəşkəsə əməl etməlidir və öz xoşu ilə qalan torpaqlardan çıxmalıdır: "Çünki qan tökülməsin və bundan sonra sülh yolları ilə bu məsələ həll edilsin", - deyə Prezident İlham Əliyev bildirib.

"Respublika".