İgidlik və şücaət nümunəsi
Region

İgidlik və şücaət nümunəsi

İnsanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır Vətən eşqi, Vətən sevgisi. Vətənə sonsuz sevgi hər bir vətəndaşa başucalığı gətirən ən ülvi bir hissdir. Bəzən bu sevginin beşikdən, ana laylasından başlandığı xüsusi ilə vurğulanır. Bəlkə ona görədir ki, əzəldən Oğuz igidləri "Vətən haqqı ana haqqıdır", - deyə Vətən yolunda canlarından keçiblər. "Oğul düşmən çəpəridir", - deyib babalarımız. Sınaqlardan keçib gəlmiş bu deyim igidlərimizin tarixən yağı düşmənə canı ilə sipər olub. Hər zaman oğulların Vətən sevgiləri bütün sevgilərdən daha müqəddəs, daha ülvi olub. Bu sevgi 44 günlük Vətən müharibəsində bir daha özünü nümayiş etdirdi.

Əbədi parlayacaq Vətənin ulduzu olanlardan biri də şəhid Balakişiyev Xəyal Müseyib oğludur. Xəyal Balakişiyev 1994-ci il oktyabrın 17-də Bakı şəhərində doğulmuş, orta təhsilini Yasamal rayonundakı Həzi Aslanov adına orta məktəbdə başa vurmuşdu. XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin əməkdaşı idi. 2012-2013-cü illərdə Xəyal Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətini müharibə bölgəsində yerinə yetirmişdi.

Azərbaycan Ordusunun əsgəri Xəyal Balakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində cəbhədə döyüşmək üçün könüllü olaraq yollanmışdı.

Xəyal Cəbrayıl, Ağdam, Füzuli istiqamətində döyüş əməliyyatlarında igidliklə iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları şərəflə yerinə yetirmişdir. Düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında şəxsi igidlik və şücaət nümayiş etdirən Xəyal xüsusi fərqlənirdi. Oktyabrın 25-də Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən qızğın döyüşlər zamanı tapşırıqları yerinə yetirərkən qəhrəmancasına həlak olur. Şəhidlik zirvəsinə qovuşan cəsur döyüşçü Xəyal Balakişiyev II Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Xəyal Müseyib oğlu Balakişiyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Xəyal da ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamışdır. İllər, qərinələr ötəcək, Xəyal kimi torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlıqları heç vaxt unudulmayacaqdır. 

Bəybala BƏYBALAYEV,

"Respublika".