Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

18 oktyabr 2020-ci il

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Milli Müstəqillik Günü ilə bağlı instaqram hesabında paylaşım edib. Paylaşımda deyilir: "Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir. Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!".

***

Saat 7 radələrində Müdafiə Nazirliyinin verdiyi məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələri növbəti dəfə humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub. Azərbaycan Ordusu tərəfindən ötən gün ərzində həyata keçirilən hərbi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd S-300 zenit-raket kompleksinin raket tuşlama stansiyası, 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 "Qrad" YARS, 2 ədəd "Smerç", 1 ədəd D-20 haubitsa-topu və 1 ədəd KS-19 zenit topları, 6 ədəd avtomobil texnikası məhv edilib.

***

Saat 07:00-dan başlayaraq Ermənistan silahlı qüvvələri cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, saat 00:05-dən 04:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.

***

"Azərbaycanlı qardşalarımız Ermənistana qarşı çox ciddi mübarizədədir. Biz niyə Azərbaycanda varıq, niyə qardaşlarımızın yanındayıq? Çünki biz haqqın və haqlının yanındayıq, zülm harda varsa, ona qarşıyıq". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğan Azərbaycanla Ermənistan arasında daha bir humanitar atəşkəsin elan olunduğunu və bu atəşkəsin növbəti dəfə Ermənistan tərəfindən pozulduğunu xatırladıb.

***

Saat 12 radələrində Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib. Cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib. Ağdam rayonu ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.

***

Saat 13:00 radələrində Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib. Ermənistan silahlı qüvvələri tərəfindən Xızı rayonuna raket atılsa da, raket Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib. Azərbaycan Ordusu işğaldan azad edilmiş Cəbrayıl rayonunda yerləşən Xudafərin körpülərinə Azərbaycan bayrağı sancıb. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, ağır döyüşlərdə xeyli canlı qüvvə və döyüş texnikası itirən Ermənistan silahlı qüvvələrinin 527-ci motoatıcı alayının atıcı taboru praktiki olaraq iflic vəziyyətinə düşüb.

***

Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevə 10 minlərlə məktub ünvanlanıb. Onlar bir daha göstərir ki, Türk-İslam arealının, Qafqaz regionunun və özəlliklə də Azərbaycanın ən sevilən, ən reytinqli ismi İlham Əliyevdir. Çoxsaylı məlum havadarlarının olmasına baxmayaraq, işğalçı Ermənistana qarşı cəsarətlə başladılan Vətən müharibəsi, onun uğurla davam etməsi Prezidentimizi haqlı olaraq diqqət mərkəzinə gətirib. Ona dünyanın hər yerindən, Türkiyə, Pakistan, Ərəb ölkələrindən, Avropadan, daha çox da Azərbaycan xalqından məktublar gəlir.

***

Birinci vitse-prezident Mehriban Əliyevanın "Instagram" səhifəsində etdiyi paylaşımda deyilir: "Azərbaycan ordusunun növbəti qələbəsi! Füzuli şəhəri və Füzuli rayonunun bir sıra kəndləri işğaldan azad edilib. İlllər boyu bir çox soydaşımız Vətən həsrəti ilə yaşayıb! Nə qədər həmvətənimiz doğma diyarını heç olmasa bir dəfə də olsun yenidən görmək arzusunda idi! Bu gün bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirir. Bu, ədalətin təntənəsidir! Ona görə ki, bu yerlər bizim doğma torpaqlarımızdır, əcdadlarımızın torpaqlarıdır. Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı və sağlamlığı üçün dua edirəm. Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".

***

Müdafiə Nazirliyi bildirib ki, əməliyyat şəraiti tam olaraq bölmələrimizin nəzarəti altındadır. Ali Baş Komandanın qətiyyətli mövqeyi Ordumuzun hərbi qulluqçularında, xüsusilə əsgərlərimizdə böyük ruh yüksəkliyi yaradıb. Hərbi qulluqçularımızın mənəvi-psixoloji vəziyyəti, Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Azərbaycan Ordusu düşmənin istənilən təxribatının qarşısını almağa, Ali Baş Komandan tərəfindən qarşıya qoyulan istənilən döyüş tapşırığını vaxtında və tam olaraq icra etməyə hazırdır".

"Respublika".