Ürəklərdə  yaşayanlar
Region

Ürəklərdə  yaşayanlar

Vətən  müharibəsində  qəhrəmanlıq  göstərərək  döyüşlərdə  şəhid  olan  İmişlinin  Çaxırlı  kənd  sakini    Xəmmədov  Əmral  Zaur  oğlunun,   Bəhrəmtəpə  qəsəbə  sakini   Kamranlı  Xalid  Kazım  oğlunun  və  Göbəktala  kənd  sakini  Hüseynov  Nurlan  Madər  oğlunun  şəhidlik  zirvəsinə  ucalmasından  iki  il  ötür.  Qəhrəman   şəhidlərimizin  ikinci  ildönümləri  mərasimində  iştirak  edən   İmişli  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Elçin  Rzayev,   aparatın  məsul  işçiləri, YAP  İmişli  Rayon  Təşkilatının  sədri  Səfa  Ağayev,  rayon  prokuroru  Valeh  Səmədov,   Səfərbərlik  və  Hərbi  Xidmətə  Çağırış  üzrə  Dövlət  Xidmətinin   rayon  şöbəsinin  rəisi  Mətləb  Murğuzov,  hüquq-mühafizə  orqanlarının  rəhbərləri,  şəhidlərimizin  ailə  üzvləri,  kənd  sakinləri  onların  məzarını  ziyarət  edərək  tər  gül-çiçək  dəstələri  düzdülər.

Xəmmədov  Əmral  Zaur oğlu  2  oktyabr  2001-ci  ildə  İmişli  rayonunun  Çaxırlı  kəndində  anadan  olub. Vətən  müharibəsi  zamanı  Xüsusi  Təyinatlı  Dəstələrin  əsgəri  olaraq  Murovdağ  və  Cəbrayılın  azadlığı  uğrunda  gedən  döyüşlərdə  döyüşüb.  İgid  döyüşçü  Hadrut  uğrunda  gedən  döyüş  zamanı  qəhrəmancasına  şəhid  olub. Çaxırlı  kəndində  dəfn  olunub.   Azərbaycan  Prezidenti  İlham  Əliyevin  müvafiq  Sərəncamına  əsasən  Xəmmədov  Əmral   Zaur  oğlu  ölümündən  sonra  “Vətən  uğrunda”,  “Cəsur  döyüşçü”,  Xocavəndin  azad  olunmasına  görə və  Kəlbəcərin  azad  olunmasına  görə  medalları  ilə  təltif edilmişdir.  Xalid  Kazım  oğlu  Kamranlı  1999-cu il  sentyabrın  23-də  İmişli  rayonunun  Bəhrəmtəpə  qəsəbəsində  anadan  olub.  Vətən  müharibəsində  Talış  qəsəbəsinin  azadlığı  uğrunda  gedən  döyüşlərdə  əsl  qəhrəmanlıq  nümunəsinə  çevrilərək  şəhid  olmuşdur. İmişlinin  Bəhrəmtəpə  qəsəbəsində  dəfn  olunub.  Azərbaycan  Prezidenti  İlham  Əliyevin  sərəncamlarına  əsasən  Kamranlı  Xalid  Kazım  oğlu  ölümündən  sonra  “Vətən  uğrunda”  və  “Laçının  azad  olunmasına  görə”  medalları  ilə  təltif  edilib.

Nurlan  Madər  oğlu  Hüseynov   1992-ci  ildə  İmişli  rayonunun  Göbəktala  kəndində  dünyaya  gəlib.  O,  həqiqi  hərbi  xidmətdə  olarkən  Xüsusi  Təyinatlı  Qüvvələr  tərəfindən  seçilib.  Nurlan  2010-cu  ildən  Azərbaycanın  elit  hərbçilərindən  biri  olaraq  Vətən  keşiyində  dayanırdı.  Qəhrəmanımızın  ilk  döyüş  yolu  Murov  yüksəkliyində  olub, bir  çox  erməni  postlarının  azad  edilməsində  şücaət  göstərib.  Cəbrayıl,  Zəngilan,  Suqovuşan  Füzuli  istiqamətlərində  döyüş  tapşırıqlarını  da  uğurla  yerinə  yetirib. Hadrut  istiqamətində  gedən  döyüşlərdə  Nurlan  və  qurupu  düşmən  tərəfinə  sızma  tapşırığını  yerinə  yetirib,  ermənilərin  BMP-sini  qənimət  olaraq  götürüblər. Yenidən  həmin  BMP ilə  düşmənə  qarşı  hücuma  keçərkən  ermənilər  tərəfindən  atılan  raketlə  BMP  vurulub  Nurlan  Hüseynov  şəhidlik  zirvəsinə  ucalıb.  İmişli   rayonunun  Göbəktala  kəndində  dəfn  olunub.  Azərbaycan  Prezidenti  İlham  Əliyevin  Sərəncamına  əsasən  gizir  Hüseynov  Nurlan  Madər  oğlu  ölümündən  sonra  “Vətən  uğrunda”medalı  ilə  təltif  edilib.

 Şəhidlərimizin  ailə  üzvləri  və  yaxınları  şəhid  ailələrinə  göstərilən  diqqət  və  qayğıdan  razılıqlarını  ifadə  edərək  ölkə  Prezidenti  Silahlı  Qüvvələrin  Ali  baş  Komandanı  İlham  Əliyevə,  Birinci  vitse-prezident  Mehriban  xanım  Əliyevaya  dərin  minnətdarlıqlarını  bildiriblər.           

               Ərəstun   ABDULOV, 

               “Respublika”.