Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

20 oktyabr 2020-ci il

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusu tərəfindən cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 "Qrad" YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası sıradan çıxarılıb.

***

Füzuli rayonu istiqamətində əks-hücuma keçən Ermənistan ordusunun bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində məhv edilib. Ordumuzun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. 18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət "Legion" dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edib.

***

Saat 13 radələrində Prezident İlham Əliyev bir neçə yaşayış yerinin azad edilməsi ilə bağlı xalqa müraciət edib. Prezident İlham Əliyev xalqa müraciətində Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndlərini, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan tam azad edildiyini açıqlayıb.

***

Azərbaycan Prezidenti Xocavənd rayonunun işğaldan azad edilmiş Vəng kəndinin adını dəyişib. Bunu xalqa müraciəti zamanı canlı yayımda deyib. "Vəng kəndinə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!", - deyə Prezident İlham Əliyev həmin gün xalqa müraciətində bildirib.

***

Saat 15 radələrində Ermənistan silahlı qüvvələri Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutub.

***

Saat 15:27. "Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir. 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağıq". Prezident İlham Əliyev bu barədə xalqa növbəti müraciətində bildirib. Dövlətimizin başçısı deyib: "Xalqımız döyüş meydanından, cəbhə bölgəsində səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram. Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir. Bizim hərbçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq. Bizim hərbçilərimiz döyüş meydanında yaralanırlar. Allah bütün yaralı hərbçilərimizə şəfa versin".

***

27 sentyabr tarixindən bu günə qədər Ermənistan ordusuna məxsus 241 tank, 50 ədəd piyadanın döyüş maşını, 17 ədəd özüyeriyən artilleriya qurğusu, 198 ədəd müxtəlif çaplı toplar, 58 minaatan, 2 ədəd "Uraqan" sistemi, 1 ədəd "TOS 1a" odsaçan sursatı, 53 ədəd tank əleyhinə raket sistemləri, 2 ədəd "Elbrus" əməliyyat-taktiki raket kompleksi, 1 ədəd "Toçka-U", 4 ədəd "S-300" kompleksi, 40 ədəd "Osa" zenit raket kompleksi, 3 ədəd "Tor" zenit-raket kompleksi, 5 ədəd "Kruq" və "Kub" zenit raket kompleksləri, 8 ədəd radioelektron mübarizə sistemləri, 198 ədəd yük avtomobili məhv edilmişdir. 39 tank, 24 ədəd piyadanın döyüş maşını, 12 minaatan, 25 qumbaraatan, 102 ədəd yük avtomobili isə qənimət kimi ələ keçirilib.

***

Saat 17:16 radələrində Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması ilə bağlı rəsmi instaqram səhifəsində paylaşım edib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan Ordusunun növbəti qələbəsi münasibətilə Azərbaycan xalqını təbrik edib. Paylaşımda deyilir: "Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm! Yaşasın Azərbaycan xalqı və Azərbaycan Ordusu! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"

***

"Moskva razılaşmasına baxmayaraq, gücü qəhrəman Azərbaycan əsgərinə çatmayan, cəbhədə Azərbaycan ordusundan ardına belə baxmadan qaçan ermənilər ancaq mülki insanları hədəf alır". Bunu Milli Məclisin həmin gün keçirilən iclasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib. M.Şentop MM-in tribunasından bütün dünyaya səslənib: "Bütün dünyaya sual edirəm: Sizin qərarlarınızı heçə sayan Ermənistanın addımlarını mühakimə etməyəcəksinizsə, nəyi edəcəksiniz?! Lalsınız, karsınız, yoxsa korsunuz?"

***

Saat 16 radələrində işğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağının dalğalandığını göstərən videogörüntü yayımlanıb. Ermənistan tərəfi Azərbaycan Ordusunun Araz çayı boyunca geri çəkildiyini açıqlasa da, Azərbaycan tərəfi bu məlumatın yalan olduğunu bildirib. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində ordumuzun əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin daha iki polkovniki məhv edilib.

***

Saat 17 radələrində Ermənistan ordusu tərəfindən Goranboy və Tərtər rayonlarının ərazisi raket-artilleriya atəşinə tutulmuşdur. Axşam saatlarında Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

***

Saat 19:30 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndi üzərində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

***

"Bu gün Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq bizim qarşımızda diz çöküb, onları diz çökdürmüşük, onlara layiq olan yeri göstərmişik. Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq. Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü". Prezident İlham Əliyev bu fikirləri xalqa növbəti müraciətində səsləndirib. Otuz il ərzində Ermənistan rəhbərliyinin öz dırnaqarası güclü ordusu haqqında uydurmalar ortaya atdığını, miflər yaratdığını qeyd edən dövlətimizin başçısı deyib: "Haradadır bu "yenilməz Ermənistan ordusu?" Görün, baxın, necə qaçır bizim qabağımızdan. Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə vurduq".

***

Saat 20 radələrində Azərbaycan Müdafiə Nazirliyi Qubadlı istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun artilleriya bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin bölmələrinin məhv edildiyini göstərən videogörüntü yayımlayıb.

"Respublika".