İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Karateçilərimiz çempionatda üçüncü olublar

Çexiyanın Karlovı Varı şəhərində keçirilən 29-cu şotokan karate üzrə dünya çempionatında Azərbaycan Dünya Müasir Döyüş Növləri Federasiyasının karateçiləri uğurla çıxış ediblər. Karateçilərimiz fərdi yarışlarda 9 qızıl, 6 gümüş, 20 bürünc medal, komanda döyüşlərində böyüklər gümüş, yeniyetmələr qızıl medal və dünya çempionatının kubokunu əldə ediblər. Karateçilərimiz ümumi medal sıralamasında 29 ölkənin karateçiləri arasında üçüncü yeri tutublar.

 

"Böyük dəbilqə" turnirində iştirak edəcək heyət açıqlanıb

Oktyabrın 21-dən 23-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində "Böyük dəbilqə" turniri keçiriləcək. Yarışda 66 ölkədən 428 idmançı iştirak edəcək.

Turnirdə ölkəmiz 11 kişi və 2 qadın cüdoçu ilə təmsil olunacaq. Qadınlar arasında Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), kişilərin yarışında isə Balabəy Ağayev, Turan Bayramov (60 kq), Tofiq Məmmədov (66 kq), Vüsal Qələndərzadə, Nurlan Osmanov (73 kq), Elcan Hacıyev, Zelim Tçkayev (81 kq), Murad Fətiyev, Vüqar Talıbov (90 kq), Elmar Qasımov (100 kq), Camal Qamzatxanov (+100 kq) mübarizə aparacaqlar.

 

Ağır atletimiz iki gümüş medal qazanıb

Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyində Ömər Cavadov və Murad Əliyev yaşı 20-yə qədər olan idmançılar arasında 67 kiloqram çəki dərəcəsində yarışıblar. Murad Əliyev birdən qaldırma hərəkətində (133 kq) beşinci yeri tutub, təkanla qaldırma hərəkətində (156 kq) isə yeddinci pillədə qərarlaşıb. Atletimiz 289 kiloqram nəticə göstərərək altıncı yeri tutub.

Ömər Cavadov birdən qaldırma hərəkətində (140 kq) gümüş medal qazanıb. Təkanla qaldırma hərəkətində isə (165 kq) dördüncü pillədə qərarlaşıb. Toplamda 305 kiloqram nəticə göstərən atletimiz ikinci yeri tutaraq gümüş medal qazanıb.

 

Ağalıda "Zəfər yürüşü" triatlon yarışı keçiriləcək

Oktyabrın 22-də Zəngilan rayonunun Ağalı kəndində "Zəfər yürüşü" triatlon turnirinə start veriləcək.

Turnir çərçivəsində triatlon (300 metr üzmə, 10 kilometr velosiped sürmə və 2 kilometr qaçış), duatlon (10 kilometr velosiped sürmə, 2 kilometr qaçış) və uşaq qaçışı (1 kilometr) yarışları keçiriləcək. Yarışların üzgüçülük mərhələsi Həkəri çayında salınmış süni göldə, qaçış və velosiped mərhələləri isə Ağalı kəndi ərazisində təşkil ediləcək.

Triatlon və duatlon yarışlarına peşəkar idmançılar, uşaq qaçışına isə Ağalı kənd məktəbinin şagirdləri qatılacaqlar.

Nərgiz İSMAYILOVA,

"Respublika".