ECAZKAR VƏ FÜSUNKAR: TƏBİİ SƏRVƏTLƏRİMİZ
Ekologiya

ECAZKAR VƏ FÜSUNKAR: TƏBİİ SƏRVƏTLƏRİMİZ

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət yasaqlıqları seriyasından Zuvand Dövlət Təbiət Yasaqlığı haqqında yazını dərc edirik.

"Respublika".

Zuvand Dövlət Təbiət Yasaqlığı

Lerik rayonu 1930-cu ilin avqust ayında yaradılmış, 1938-ci ilədək Zuvand rayonu adlandırılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 iyun 2008-ci il tarixli sərəncamı ilə rayon mərkəzi olan Lerik qəsəbəsinə şəhər statusu verilmişdir.

Talış silsilə dağlarının əhatəsində yerləşən Lerik rayonunun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə əhatə olunmuşdur. İran İslam Respublikası ilə sərhədboyu cənub dağ silsilələri, şimalda isə Peştəsər və Bürəvər dağ silsilələri uzanır. Yer kürəsindəki 11 iqlim tipinin 8-nin Lerikdə olduğu müəyyən edilmişdir.

Yardımlı rayonu 8 avqust 1930-cu ildə Vərgədüz adı ilə yaradılıb. 1938-ci ildə rayon inzibati mərkəzin adına uyğun olaraq Yardımlı rayonu adlandırılıb. Rayon İran İslam Respublikası və Lerik, Masallı, Cəlilabad rayonları ilə həmsərhəddir.

Zuvand Dövlət Təbiət Yasaqlığının əsası 1969-cu ilin iyul ayında Lerik və Yardımlı rayonları ərazisində qoyulub. Sahəsi 15 min hektar olan yasaqlığın yaradılmasında əsas məqsəd dağ-bozqır landşaftının bioloji müxtəlifliyinin qorunmasıdır.

Zuvand yasaqlığının iqlimi mülayim-isti rütubətli, mülayim-soyuq quru və soyuq rütubətlidir. Dəniz səviyyəsindən 1400-2000 metr hündürlükdə dağ-kserofit və bozqır, çəmən-bozqır bitkiləri yayılmışdır. Bitki örtüyü əsasən kollu və seyrək meşəli çəmənlərdən və dağ meşələrindən ibarətdir. Meşələrdə qiymətli palıd, vələs, fıstıq, nəhəng ağcaqayın, dəmirağacı çoxluq təşkil edir. Ərazi dağ-çəmən, dağ-meşə, qonur və qəhvəyi dağ-meşə torpaqları ilə əhatə olunmuşdur. Burada yabanı dənli və paxlalı-dənli bitki qrupları üstünlük təşkil edir. Bitki növlərindən gəvən, ardıc kolu, kəklikotu, dağ nanəsi bitir. Dağ-meşə zonasında nil, cökə, alma, armud, alça, qoz ağacları, giləmeyvələrdən çiyələk, dağ çiyələyi, yemişan, qaragilə, geniş yayılmışdır. Ərazinin florası müalicəvi dərman bitkiləri ilə zəngindir.

Yasaqlığın meşələrində və Lerik çayı

nın sahillərində tülkü, canavar, çaqqal, ayı, qaban, meşə pişiyi, qayakeçisi, kaftar, çöl donuzu, dovşan və s. heyvanlara, meşələrin əlçatmaz yerlərində, dağlarda isə bəbirə rast gəlinir.

Buranın dupduru şəffaf suyu, bulaqları və çayları bənzərsizdir. Sors çay, Zuvand çay, Lerik çay, Bilnə çay, Ləkər çay, Vazaru çay bu yerlərə xüsusi yaraşıq verir və təbiəti daha da gözəlləşdirir. Narzan tipli Bülüdül bulağının suyu böyrək, mədə-bağırsaq, qaraciyər, öd və oynaq və s. xəstəliklərin müalicəsində əvəzsiz rol oynayır.

Zuvand Dövlət Təbiət Yasaqlığının ərazisində fəaliyyət göstərən Milli Elmlər Akademiyasının "Nəbatat Elmi-Tədqiqat Mərkəzi" ərazinin fauna və florasını öyrənir.

Kamil İSMAYIL,

"Respublika".