Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

22 oktyabr 2020-ci il

Gecə ərzində cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib. Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan olub. Hadrut qəsəbəsindən şimalda yerləşən düşmənin artilleriya bölmələrinə yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçıblar.

***

Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən ölən və yaralanan olmaqla çoxlu sayda itki verib. Alayın 3-cü taborunun komandiri Robert Hambartsumyan itkin düşüb, taborun qərargah rəisi isə məhv edilib. Yeraltı sığınacağın sıradan çıxarılması nəticəsində düşmənin şəxsi heyəti arasında xeyli itki olub. 543-cü alayın müdafiə sahəsinə vurulan atəş zərbələri nəticəsində şəxsi heyət xeyli itki verib. Alay komandiri yaralanıb, onun müavini, tabor komandiri və müavinləri, minaatan batareyası və bölüyünün komandirləri məhv edilib. 1-ci taborun bir bölüyünün şəxsi heyəti döyüşə girməkdən imtina edib.

***

Səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

***

Saat 07:00 radələrində Siyəzən rayonu istiqamətində düşmən tərəfindən 3 raket, saat 09:00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub. Düşmənin raket hücumu nəticəsində tələfat olmayıb.

***

Saat 09:15 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən Füzuli rayonu ərazisindəki mövqeləri reaktiv artilleriya sistemlərindən atəşə tutub. Bütün cəbhə boyu döyüşlər gedib. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edib.

***

Düşmənin silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkəmiz üçün xüsusi strateji əhəmiyyətə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atıb. Azərbaycan Ordusunun hava hücumundan müdafiə qüvvələrinin zərərsizləşdirdiyi raketin hissələri su kəmərinin yaxınlığına düşüb.

***

 Prezident İlham Əliyev özünün "Twitter" səhifəsində Zəngilan rayonunun Ağbənd qəsəbəsi, Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərinin,  Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərinin və Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli  kəndlərinin işğaldan tam azad edildiyini açıqlayıb.

***

"İşğal altında olan ərazilərin azad olunması istiqamətində gedən əməliyyatlarda Azərbaycan Ordusunun qazandığı uğurlar münasibətilə Azərbaycan xalqını təbrik edirəm". Bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee deyib. Diplomat bildirib ki, tarixi dostluq və qardaşlıq əlaqələri olan Pakistan və Azərbaycan beynəlxalq platformalarda uğurla əməkdaşlıq edib və edir. Pakistan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və hüquqi həllini dəstəkləyir və bu məsələdə Azərbaycan xalqının və hökumətinin yanındadır.

***

Möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin mütəxəssisləri hərbçilərlə birlikdə yeni tipli silah və döyüş sursatlarının real döyüş şəraitində sınaqlarını keçiriblər. Müdafiə Sənayesi Nazirliyindən verilən məlumatda qeyd olunub ki, nazirliyin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik "İti qovan" Pilotsuz Uçuş aparatlarının seriyalı istehsalına başlayıblar.

***

"Şimali Atlantika Alyansı indi ABŞ və Rusiyanın etdiklərini etməyə çalışır. Yəni məqsədimiz Dağlıq Qarabağdakı silahlı münaqişəni dayandırmaqdır". ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison bunu keçirdiyi virtual mətbuat konfransında deyib. Dağlıq Qarabağ münaqişəsi artıq 30 ildir ki, irinli yaradır. Hatçisonun sözlərinə görə: "Problemi Azərbaycan sərhədləri və suverenliyi çərçivəsində çözmək gərəkdir".

***

Saat 13:00 radələrində Müdafiə Nazirliyi düşmənin ələ keçirilən növbəti hərbi texnikalarının videogörüntüsünü yayımlayıb. Böyük Britaniyanın "The Telegraph" qəzetində "Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir" sərlövhəli məqalə dərc olunub.

***

Artilleriyaçılarımız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməyə davam edib.

"Respublika".