Hər günü bir tarix idi…
Tarix

Hər günü bir tarix idi…

23  oktyabr 2020-ci ildə  Müdafiə Nazirliyinin verdiyi məlumata görə, gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, mühüm ərazi və yüksəkliklər azad edilib.

***

Bütün cəbhəboyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna sarsıdıcı zərbə vurulub. Düşmən bölmələrində döyüş texnikası, silah-sursat və ərzaq çatışmazlığı mövcuddur. Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. Döyüş mövqelərini qorumaq üçün nizami ordu bölmələrinə məcburi şəkildə toplanan mülki insanlar gətirilir. Məlum olub ki, Ermənistanın Tavus və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edir, fərarilik edərək mövqeləri tərk edirlər. Bütün cəbhəboyu döyüşlər davam edir.

***

Prezident İlham Əliyev  Azərbaycan Ordusunun Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2, Qubadlının 4 kəndini işğaldan azad etdiyini açıqlayıb. “Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini, Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bu barədə paylaşım edib.

***

Saat 12 radələrində verilən xəbərə görə, Qarabağda gedən ağır döyüşlər zamanı qarşı tərəf böyük itkilər verib. Düşmən növbəti dəfə Zəngilan istiqamətində diversiyaya cəhd edib. Düşmənə layiqli cavab verilib və erməni hərbçilər məhv edilib.

***

 Saat 13 radələrində Ermənistan MN Azərbaycan ordusu ilə döyüşlərdə məhv edilən 27 hərbçinin yeni siyahısını açıqlayıb. Bununla da döyüş əməliyyatları başlayandan bəri Ermənistanın ölən hərbçilərinin sayı 927 nəfərə çatıb.

***

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində oktyabrın 22-dək 3 şəhər, 3 qəsəbə və 133 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 50 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 32 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 18 kəndi, Tərtər rayonunun 3, həmçinin Ağdərə rayonu və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.

***

Saat 15 radələrində Azərbaycan Prezidenti İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb.  Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Dövlətimizin başçısı Şükür Həmidovun həlak olması ilə bağlı başsağlığı verib, qeyd edib ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və Azərbaycan Prezidenti şəxsən özü ona qəhrəman ulduzunu təqdim etmişdir. Azərbaycan Prezidenti bildirib ki, Şükür Həmidov bu dəfə Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Prezident İlham Əliyev Şükür Həmidovun  doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini vurğulayıb.

***

Saat 13:53 radələrində düşmənin qüvvə və vasitələri darmadağın edilib, mövqelərinə ağır zərbələr endirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

***

Saat 19 radələrində bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi bildirib ki, hazırda  cəbhənin bütün istiqamətlərində döyüşlər davam edir: “Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir. Qələbə bizimlədir!”

***

Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” hesabında Ali Baş Komandan İlham Əliyevin ordumuzun uğuru ilə bağlı “Twitter” statusunu paylaşıb.

***

Türkiyə qaziləri və şəhid ailələrinin üzvləri Azərbaycana dəstək bəyanatı qəbul ediblər. Bəyanatda deyilir: “Hamımız Azərbaycanıq, hamımız Qarabağıq! Minlərlə insan adından 162 qazi və şəhid ailəsi üzvü olaraq bildiririk ki, Azərbaycan öz problemini özü həll edəcək və işğal olunmuş torpaqlarının hamısını hərbi əməliyyatlarla azad edəcək. Azərbaycan dövlətini və eyni millətin övladları olan Azərbaycan türklərini sevir, Azərbaycan Ordusuna, milli dəyərlərə sahib çıxan bütün vətəndaşlarımıza, Azərbaycan hökumətinə və Azərbaycan Prezidentinə etibarımızın və dəstəyimizin tam olduğunu bildiririk”.

“Respublika”.