İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Şəhriyar Məmmədyarov turnirdə ikinci olub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan "Aimchess Rapid" turnirində ikinci final görüşünü keçirib. Qrosmeyster polşalı Yan Kşiştof-Duda ilə ikinci dueldə 2,5:0,5 hesabı ilə qalib olub, lakin tay-brekdə rəqibi üstünlük qazanıb. Təmsilçimiz turniri ikinci pillədə başa vurub.

 

Qadın güləşçimiz dünya çempionatında gümüş medal qazanıb

İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatının yarışları çərçivəsində qadın güləşçimiz Nigar Mirzəzadə (65 kq) bütün mərhələləri uğurla adlayaraq finala yüksəlib. Təmsilçimiz həlledici görüşdə yaponiyalı rəqibinə məğlub olub və gümüş medal qazanıb.

 

Cüdoçumuzdan bürünc medal

Cüdoçumuz Balabəy Ağayev (60 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən "Böyük dəbilqə" turnirində bürünc medal qazanıb.

Tatami ustası üçüncü yer uğrunda görüşdə yığmadakı komanda yoldaşı Turan Bayramovu məğlub edib. Qeyd edək ki, Azərbaycan "Böyük dəbilqə" turnirində 13 idmançı ilə təmsil olunur.

 

Üzgüçülərimiz dünya kuboku yarışlarında iştirak edəcəklər

Azərbaycan yığma komandasının üzvləri Almaniyada keçirilən üzgüçülük üzrə dünya kuboku yarışlarına qatılıblar. Berlində təşkil olunan yarışda 57 ölkədən 600-dən çox idmançı öz gücünü sınayacaq. Ölkəmizi turnirdə Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah təmsil edəcəklər.

Nərgiz İSMAYILOVA,

"Respublika".