Bölgə xəbərləri
Region

Bölgə xəbərləri

Ağdam

Qədim tarixi olan və rayonun ən iri yaşayış məntəqəsi olan Qaradağlı kəndində şəhid Vüqar Emin oğlu Vəliyevin əziz xatirəsi anılıb və mədəniyyət, təhsil işçilərinin,  ictimaiyyət nümayəndələrinin,  məktəblilərin iştirak etdiyi anım tədbirində əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra anım tədbirində Qaradağlı kənd mədəniyyət evinin müdiri Zənurə Mirzəyeva,  Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mənsur Quliyev,  Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyin direktoru Sahib Məmmədov şəhidin əmisi Əfəndi Vəliyev və başqaları çıxış edərək,  44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqdan,  qazanılan şanlı zəfərdən, 30 ilə yaxın zamanda işğal altında qalan torpaqlarımızın azad edilməsindən,  döyüşçü Vüqar Vəliyevin həyat və döyüş yolundan,  göstərdiyi şücaətdən, Vətən sevgisindən bəhs ediblər.  Çıxışlarda  şəhidlərin xatirəsinin qəlblərdə əbədi yaşayacağı bildirilib.

Məlumat verilib ki,  Vüqar Vəliyev Ağdam rayonunun Rzalar kəndində anadan olub.  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olan Vüqar 2017-ci ildə hərbi xidmətə yollanıb.  Hərbi xidməti başa vurduqdan sonra 2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsində uğur əldə edərək pedaqoji fəaliyyətə başlayıb. Cəmi bir il müəllimlik edən Vüqar Vətən müharibəsi başlayanda məktəbi döyüş meydanına dəyişib.  Strateji yüksəkliklərin azad olunmasında rəşadətlə döyüşüb.  Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub. Ömrünün ən gözəl çağında həyatını Vətənin bütövlüyü uğrunda qurban verən şəhid Vüqarın vətənpərvərliyi gələcək nəsillər üçün əsl örnək olacaq.

Sonra məktəblilər vətənpərvərlik ruhunda şeirlər söyləyiblər. Qeyd edək ki,  Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Vüqar Vəliyev ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 Füzuli

Respublikamızda əhaliyə göstərilən xidmətlərin daha operativ göstərilməsi üçün mühüm tədbirlər həyata keçirilir. Əvvəllər mövcud olan süründürməçilik və vətəndaşların incidilməsi halları aradan qaldırılır, yeni və müasir xidmətlər təşkil olunur. Füzuli rayonunun Horadiz şəhəri və bir sıra kəndləri ilə 8 saylı Ərazi Vergilər İdarəsinin Beyləqanda yerləşən xidmət mərkəzi arasında məsafənin uzaq olduğunu nəzərə alaraq,  Füzuli Rayon Vergilər Şöbəsində Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) fəaliyyətə başlayıb. Qeyd edək ki, yeni Mərkəzin yaradılması vergiödəyicilərinin işini asanlaşdırmaqla yanaşı,  Füzuli rayonunda iqtisadi canlanmanın sürətləndirilməsi,  innovativ texnologiyaların tətbiqi və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılmasına xidmət edir.

Ağcabədi

Əkinçilik və təsərrüfat ənənələri zəngin olan Ağcabədi rayonunda bu il 11838 hektar sahədə pambıq becərilib.  Ağcabədili fermerlər bu günədək sahələrdən 16 min tondan çox pambıq yığaraq tədarük məntəqələrinə təhvil veriblər.  Hazırda rayon üzrə orta məhsuldarlıq 14 sentner təşkil edir.  Sahələrdə bol məhsul yetişib.  Ona görə də mövsümün sonunda Ağcabədidə pambıq üzrə orta məhsuldarlığın yüksək olacağı gözlənilir.

Yeri gəlmişkən qeyd edək ki, rayonda pambıq bitkisinin becərilməsinə maraq ildən-ilə artır.  2022-ci ildə pambıq emalı və tədarükü məntəqələri satın alınan məhsulun hər tonuna görə qiyməti 100 manat artırıblar.  Ötən il 1-ci sort pambığın bir tonu 700 manata alınırdısa,  bu il qiymət 800 manata qaldırılıb.  Aqrar Subsidiya Şurası 2022-ci il pambıq mövsümü üçün yalnız məhsul subsidiyası vermək barədə qərar qəbul edib.  Məhsul subsidiyasının miqdarı hər tona görə 70 manat artırılıb.  Bu il fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə dövlətdən 170 manat məhsul subsidiyası alacaqlar.  Dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi pambıq becərən fermerlərin bu il milyonlarla manat əlavə gəlir əldə etməsinə səbəb olacaq.  Çünki məhsul subsidiyasına keçid və pambığın alış qiymətinin artırılması fermerləri aqrotexniki becərməni daha yaxşı aparmağa,  daha çox məhsul istehsal edərək daha yüksək gəlir əldə etməyə sövq edir.

Ölkə üzrə məhsul yığımına  447 pambıqyığan kombayn və 3085 traktor yedəyi cəlb olunub və texnikaların sayı məhsulun 100 faizə yaxınını mexaniki üsulla yığmağa imkan verir. Bu il ölkə üzrə 16 rayonda 100 min hektardan artıq sahədə pambıq əkilib.  Ən çox pambıq Saatlı,  Ağcabədi,  Sabirabad,  Bərdə,  Salyan,  Neftçala və Beyləqan rayonları ərazisində əkilib.  Bu rayonlarda pambıq sahələrinin həcmi 8 min hektardan çoxdur.

Zəngilan

Erməni işğalından azad edilən Şərqi Zəngəzurda genişmiqyaslı və çoxsürətli tikinti-quruculuq işləri həyata keçirilir, əhalinin doğma yurd yerlərinə qayıtması üçün bütün qüvvələr səfərbər edilib. Zəngilan rayonunun Ağalı kəndində yaşayan sakinlərin gündəlik tələbat mallarına olan ehtiyacının ödənilməsi məqsədilə bazar fəaliyyətə başlayıb.  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA),  Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) və Türkiyənin “Kolin” şirkətinin dəstəyi ilə açılan bazarda 40-a yaxın sahibkarın məhsullarının satışı həyata keçiriləcək.

Ağalıda Türkiyə-Azərbaycan Qardaşlıq küçəsində yerləşən bazarın ümumi sahəsi 240 kvadratmetrdir.  Burada Ağalıda istehsal olunan məhsullarla yanaşı,  ətraf rayonlarda yetişdirilən kənd təsərrüfatı məhsulları,  gündəlik tələbat malları,  suvenir,  xalça,  toxuculuq məmulatları,  əl işləri və sair məhsullar satılacaq.  Bazar Ağalı sakinlərinin gündəlik tələbat mallarına olan ehtiyacını ödəməklə yanaşı,  əhalinin məşğulluğunu da təmin edəcək.

                                                      Salman ALIOĞLU,

                                                         “Respublika”