HƏR GÜNÜ BİR TARİX İDİ...
Tarix

HƏR GÜNÜ BİR TARİX İDİ...

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

24 oktyabr 2020-ci il

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan Ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atıb. Ermənistanın Sünik, Gorus və Qafan şəhərlərinin inzibati ərazisindən, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları ilə Laçın və Qubadlı rayonları ərazilərini güclü atəşə tutub. Qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etmək olub.

***

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-dən genişmiqyaslı əks-hücuma keçərək Ermənistanın işğal altında saxladığı bir çox yaşayış məntəqələrimizi, strateji yüksəklikləri, o cümlədən Murovdağ zirvəsini, Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərini azad edib.

***

Saat 11 radələrində düşmənin gecə ərzində məhv edilən döyüş texnikalarının videogörüntüləri yayılıb. Tərtər və Bərdə rayonunun ərazilərindəki yaşayış məntəqələrimiz düşmən tərəfindən atəşə tutulub.

***

Günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd edib. Bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər var.

***

Saat 17 radələrində Müdafiə Nazirliyindən verilən məlumata görə Azərbaycanın Hərbi Komandanlığı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq ölkəmizin işğal olunmuş ərazilərinə gətirilən əsgər və könüllülərə müraciət edib. Hərbi Komandanlıq onlara silahı yerə qoymağı və təslim olmağı təklif edib. Məlumatda deyilir ki, beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsirlərin, mülki şəxslərin bütün hüquqları qorunacaq və üçüncü dövlətlərə keçmək istəyən şəxslərə beynəlxalq təşkilatlar vasitəsilə lazımi şərait yaradılacaq.

***

Saat 18 radələrində Müdafiə Nazirliyinin digər məlumatında isə cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsinin Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edildiyi qeyd edilib. Cəbhənin Ağdərə və Ağdam bölgələrində Ermənistan silahlı qüvvələrinin hərbi infrastrukturuna Hava Qüvvələrindən istifadə etməklə zərbələr endirdiyi bildirilib.

***

Erməni mətbuatına istinadən verilən məlumata görə, ermənilər ölən daha 40 hərbçinin adını açıqlayıb. Bununla Ermənistan ordusunun rəsmi açıqlanan itki sayı 874-ə çatıb.

***

"Türkiyə bu günə kimi azərbaycanlı qardaşlarının yanında yer alıb və bundan sonra da yer almağa davam edəcək". Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Kayseridə keçirilən konqresində söyləyib. Ermənilərin Azərbaycan torpaqlarına hücumu ilə başlayan toqquşmaların azərbaycanlıların işğal altındakı ərazilərini azad etmək mübarizəsi olduğunu vurğulayan Ərdoğan deyib: "Evlərinə bomba düşmüş Nigar qızımızı dünən axşam televizorda izlədim. Nigar qızımız gözüyaşlı dərdlərini söyləyirdi. Biz, inşallah, onları gözüyaşlı qoymayacağıq. İnanıram ki, azərbaycanlı qardaşlarımız bu mübarizədən zəfərlə çıxacaqlar".

***

25 oktyabr 2020-ci il

Müdafiə Nazirliyinin məlumatına görə, gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən qoşunlarımızı atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib. Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə atəşlə ciddi zərbə vuraraq onun müqavimətini zəiflədib və müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib.

***

Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Ağdərə və Xocavənd istiqamətlərində yerləşən bölmələrini atəşə tutması nəticəsində düşmənin canlı qüvvə baxımından çoxlu sayda ölən və yaralananı var. Onun döyüş sursatının tükəndiyi, artilleriya qurğularının isə sıradan çıxarıldığı məlum olub.

***

Qubadlı istiqamətinə gətirilən Ermənistan silahlı qüvvələri 543-cü alayın 1-ci taborunun bölmələri canlı qüvvə və hərbi texnikada itkilər verərək geri çəkilib. Ermənistanın Kotayk vilayətinin Tsaxkadzor yaşayış məntəqəsindən Dağlıq Qarabağa göndərilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin böyük hissəsi bölmələrimizin atəş zərbəsi nəticəsində məhv edilib.

***

Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyat nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 2 tank, 2 PDM, 4 D-30 haubitsa topu, 1 2A36 "Qiasint-B" topu, 7 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Cəbhə boyu döyüşlər davam edib.

***

"Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad edib". Bu barədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev rəsmi tvitter hesabında paylaşım edib. Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Azərbaycan Ordusu tərəfindən Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd; Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər; Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhərinin azad olunduğunu bəyan edib.

***

"Mən demişəm biz onları qovuruq, qovacayıq". Bunu Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədə çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib: "Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqlıyıq. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik. Biz Ermənistan ərazisinə keçməmişik. Belə fikrimiz yoxdur. Belə fikir olsaydı, çoxdan bunu edərdik. Və bunu etmək üçün böyük səy göstərmək lazım deyil", - deyə dövlət başçısı bildirib.

***

"Pakistan xalqının Milli Mübarizəmiz zamanı bizə verdiyi dəstək könlümüzdə və beynimizdə silinməz yer alıb. Türk millətini tək qoymayan, kədərdə və qürurda daim birlikdə olduğumuz pakistanlı qardaşlarımızı əsla unutmayacağıq". Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Pakistanın Müdafiə Sənayesi naziri Zübeydə Cəlal Xanla görüşündə deyib. Akar bildirib ki, bu gün də eyni formada Azərbaycan türkünün yanında olduğunu görmək bizim üçün qiymətlidir. Hazırda Azərbaycanda baş verən hadisələr qarşısında bəzi ölkələr kimi lal, kor və kar olmadı. Buradan bir daha bəyan etmək istəyirəm ki, Azərbaycanın 30 ildir Ermənistanın işğalı altındakı torpaqlarını azad etmək üçün apardığı mübarizəni sona qədər dəstəkləyirik.

"Respublika".