Qarşılıqlı etimada əsaslanan əlaqələr
Siyasət

Qarşılıqlı etimada əsaslanan əlaqələr

Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan transmilli layihələrdə fəal iştirak edir

“Mən doğrudan da özümü evimdəki kimi hiss edirəm. Mən yenidən Gürcüstanda olmağımdan çox məmnunam. Cənab Baş nazirlə bizim görüşlərimiz tez-tez keçirilir. Təkcə keçən il hörmətli cənab Qaribaşvili iki dəfə Azərbaycanda səfərdə olub. Eyni zamanda, beynəlxalq təşkilatların keçirdiyi tədbirlər çərçivəsində də biz daim görüşürük”. Bu fikirləri Prezident İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında söyləyib. “Əminəm ki, bugünkü səfər Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bu münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar”, - deyə dövlət başçısı vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Baş nazir İrakli Qaribaşvilinin dəvəti ilə Gürcüstana işgüzar səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Bu dost ölkəyə səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Daha öncə Gürcüstana bir dövlət səfəri, bir rəsmi səfər və yeddi işgüzar səfər edən Prezident İlham Əliyevin Gürcüstana sayca 10-cu səfəridir. Gürcüstanın Azərbaycan üçün önəmli ölkə eyni zamanda, Azərbaycanın da Gürcüstanın strateji tərəfdaşı olduğunu bildirən Gürcüstanın baş naziri İrakli Qaribaşvili “Mən Sizin atanızdan, ölkənizin Ümummilli Liderindən sitat gətirmək istəyirəm. Onun xatirəsinə bizim dərin ehtiramımız var. O, vaxtilə Gürcüstanda Tbilisidə olanda demişdi, Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək”, - deyib.

Azərbaycan Respublikasının Cənubi Qafqazda möhkəm siyasi, iqtisadi, mədəni əlaqələr qurduğu ölkə Gürcüstandır. Qonşu Gürcüstan ilə dostluq münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi Azərbaycan üçün hər zaman prioritet olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il noyabr ayının 18-də qurulmuşdur. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Geosiyasi, iqtisadi və humanitar xarakterli ortaq cəhətlərə malik olan iki dövlət, xalqlar arasında mehriban və səmimi münasibətlər qurmağa nail olublar. Azərbaycan-Gürcüstan münasibətləri əsrlər boyu yaxın qonşuluq, dostluq münasibətləri olmuş, indi isə artıq strateji əməkdaşlıq, tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə Azərbaycan və Gürcüstan həmişə eyni mövqedən çıxış edib, bir-birini dəstəkləyib. İkitərəfli münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra yeni müstəviyə qədəm qoymuşdu. Həmin səfər zamanı tərəflər "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik" və "Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq" haqda qarşılıqlı bəyannamələr imzalayıblar. 1997-ci ilin fevralında Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair sənədə imza atılıb. Müqavilə iqtisadi, ekoloji, təhsil, rabitə və s. sahələr üzrə əməkdaşlığı əhatə edir. Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq keçən müddətdə bütün sahələr üzrə davam edib.

Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan transmilli layihələrdə fəal iştirak edir. Ən önəmlisi Gürcüstanla Azərbaycanı Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələrində birgə tərəfdaşlıq birləşdirir. Bu qlobal layihələr həm də mühüm strateji əhəmiyyət daşıyır. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib.

Tranzit ölkə olmaq üçün qonşularla yaxşı münasibətlərin vacibliyini qeyd edən Azərbaycan Prezidenti deyib ki, bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz. Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır. Gürcüstanın Baş naziri qeyd edib ki, bizim həyata keçirdiyimiz tarixi layihələr bundan sonra da davam edəcək və daha da sürətləndiriləcək. Onu da qeyd etmək lazımdır ki, hazırda enerji resurslarına dünyada və Avropada böyük tələbat artmaqda davam edir. Gürcüstanla Azərbaycanın bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcəyinə əminliyini bildirən dövlət başçısı İlham Əliyev qeyd edib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona qədər çatdırmaq istəyirik. Artıq bütün göstərişlər verilib və vəsait də ayrılacaq. Ona görə Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır.

Qeyd edək ki, ötən ildə iki ölkə arasında ticarət dövriyyəsi 763 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarət saldosu 558 milyon ABŞ dolları təşkil edərək Azərbaycanın xeyrinə olub. Cari ilin yanvar-avqust aylarında ikitərəfli ticarət dövriyyəsinin həcmi 525 milyon ABŞ dollarını ötüb. Daha bir önəmli və təqdirəlayiq məqam odur ki, Azərbaycanda 695 Gürcüstan investisiyalı şirkət fəaliyyət göstərir. Ümumilikdə Gürcüstandan Azərbaycana 259 milyon ABŞ dolları, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb. Enerji və nəqliyyat sahəsində yeni layihələr, Avropaya qaz ixracının artırılması, 2027-ci ildə ildə 20 milyard kubmetrə çatdırılması, elektrik enerjisi ixracının artırılması, o cümlədən işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji gücünün 10 GVt, Xəzərdə isə 157 GVt təşkil etməsi, BTQ vasitəsilə yükdaşımalarının 5 milyon tona kimi artırılması yeni inkişaf perspektivləri vəd edir.

Əldə olunan nəticələrə görə, Gürcüstanın Azərbaycanla əməkdaşlıq şəraitində gerçəkləşdirdiyi istər enerji, istər nəqliyyat layihələrinin uğurlu icrası həm də sabitliyə möhkəm zəmin, qonşu ölkələr arasında çoxistiqamətli səmərəli münasibətlərin inkişafına təkanverici qüvvə funksiyası daşıdığını söyləmək olar. Regionda belə əlaqələrin daha da yüksək səviyyəyə çatdırılmasına nəhəng potensialın mövcudluğu Avropa İttifaqının da bölgəyə getdikcə daha artıq diqqət yetirdiyini müşahidə edirik.

Mustafa KAMAL,

"Respublika".