Hər günü bir tarix idi…
Tarix

Hər günü bir tarix idi…

26 oktyabr 2020-ci ildə saat 08:00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub. Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan Silahlı Qüvvələri Laçın rayonunun Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun mövqelərini artilleriya atəşinə tutub. Eyni zamanda Tərtər şəhəri və onun kəndləri də artilleriya atəşinə məruz qalıb.

***

Saat 9:30 radələrində Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu, eləcə də Azərbaycan və Ermənistan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini müxtəlif növ atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.Səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri, eyni zamanda Tərtər, Ağdam, Füzuli, Laçın və Qubadlı istiqamətlərində yerləşən bölmələrimizin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalıb.

***

Azərbaycan  Prezidenti İlham Əliyev xalqa müraciətində Azərbaycan Ordusu tərəfindən Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd; Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər; Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərinin və Qubadlı şəhərinin azad olunduğunu bəyan edib.

***

Türkiyədə Azərbaycana qardaş dəstəyi davam edib. Bələdiyyələr, dövlət qurumları, ictimai təşkilatlar, özəl müəssisələr bu və ya digər formada ölkəmizə və xalqımıza qardaş sevgisini nümayiş etdiriblər. Ən böyük dəstək isə Azərbaycan bayrağına göstərilən ehtiram olub. İzmirin Əliağa rayonunun mərkəzində nəhəng Azərbaycan bayrağının asılmasını   sakinlər böyük məhəbbətlə qarşılayıblar.

***

Saat 11:20-də yeni humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini artilleriya qurğularından atəşə tutub.

***

“Azərbaycan beynəlxalq hüquqdan kənar heç bir addım atmır. Ermənistan torpaqlarına girmirik. Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızı bərpa edirik. ATƏT-in Minsk qrupunun həmsədrləri bunu etməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar”.  Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.  

***

Prezident İlham Əliyev 27 sentyabrdan bu günə qədər Ermənistanın məhv edilmiş və qənimət kimi götürülmüş texnikasının bir hissəsinin siyahısını açıqlayıb. Dövlət başçısı bildirib ki, 252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb.Toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma hələ tankları var. Görün nə qədər tank olub onlarda? Piyadaların döyüş maşınının 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb. 79 dənə. Müxtəlif çaplı toplar: 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb. Minaatan 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb. Toplam 106. Toplar toplam 275. Tank əleyhinə vasitə: 53-ü məhv edilib. 82 “Qrad” qurğusu məhv edilib. “Uraqan” 2-si, “YARS” (Yaylım Atəşli Raket Sistemləri) 2-si, “TOS” 1-i məhv edilib. Zenit raket kompleksləri Tor 4-ü, OSA 40-a yaxını, KUB 4-ü, Kruq 1-i, 2 ədəd S-125 qurğusu məhv edilib. S-300 - ən bahalı qurğularından biri - 6-sı məhv edilib. 6 atıcı qurğusu məhv edilib. 1 aşkaretmə stansiyası, 1 lokator. Qiyməti bəllidir. Hər kəs hesablaya bilər. Əməliyyat taktiki raket kompleksləri “Elbrus” 2-si məhv edilib, “Toçka U” 1-i məhv edilib. 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Toplam 404 yük avtomobilindən  düşmən məhrum edilib.

***

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi münasibətilə  paylaşım edib. Paylaşımda deyilir: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"

***

Azərbaycan  Prezidenti İlham Əliyev xalqa müraciətində deyib: “Bir aya yaxındır ki, İkinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub”.

“Respublika”.