ECAZKAR VƏ FÜSUNKAR: TƏBİİ SƏRVƏTLƏRİMİZ
Ekologiya

ECAZKAR VƏ FÜSUNKAR: TƏBİİ SƏRVƏTLƏRİMİZ

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət yasaqlıqları seriyasından Şəmkir Dövlət Təbiət Yasaqlığı haqqında yazını dərc edirik.

"Respublika".

Şəmkir Dövlət Təbiət Yasaqlığı

1930-cu ildə təşkil olunmuş Şəmkir rayonu Azərbaycanın  şimal qərbində yerləşir. Rayonun şimal-şərq hissəsini Ceyrançöl, mərkəzi hissəsini Gəncə-Qazax düzənliyi, cənubunu isə Kiçik Qafqazın şimal-şərq ətəkləri əhatə edir.  Gədəbəy, Tovuz, Samux, Göygöl və Daşkəsən rayonları ilə  həmsərhəddir. Əlverişli təbii şəraiti, saf iqlimi, mənzərəli dağ-meşə landşaftı vardır. Relyef xüsusiyyətlərinə görə rayonun ərazisi maili düzənliklər, dağətəyi, orta dağlıq, yüksək dağlıq zonalara ayrılır. İqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir.

Şəmkir Dövlət Təbiət Yasaqlığı 1964-cü ilin fevrvalında Şəmkir rayonunun ərazisində  yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı quşları və  məməli  heyvan növlərini, xüsusilə də çöl donuzu, kəklik, turac,  qırqovul və  ördəkləri  qorumaqdır. Qoruğun ərazisi 10 min hektardır.

Yasaqlıqda qışı quraq keçən mülayim-isti yarımsəhra və qum-çöl iqlimi hakimdir. Ərazidə əsasən tuqay meşələri yayılmışdır. Bozqır və yarımsəhra tipli bitki qruplaşmaları üstünlük təşkil edir. Tək-tək saqqız ağacına rast gəlinir. Burada yarımsəhra bitkiləri ilə yanaşı,  yovşan da yayılmışdır. Meşələrində iberiya palıdı, qafqaz vələsi, şərq vələsi, adi göyrüş, meşəaltı kollardan  -- əzgil, zoğal, yemişan bitir. Dik yamaclarda və qayalıqlarda ardıc növlərindən ibarət seyrək ağaclar yayılmışdır. Alçaq dağlıq zonanın ərazisində çox yerdə qaratikan, topulqa, doqquzdon, itburnu, əzgil, yemişan, palas murdarçası, qaramurdarça və başqa kollara rast gəlinir. Dağətəyi və mərkəzi hissələrdə yarımsəhra bitkiləri və  yovşan  yayılmışdır. Kürqırağı tuqay meşələrində ağyarpaq qovaq, söyüd üstünlük təşkil edir. Meşəliyin seyrək yerlərində sıx yulğun kolları bitir. Bozqır və yarımsəhra tipli bitki qruplaşmaları, tək-tək saqqız ağacına təsadüf olunur.

Ərazinin təbii landşaft sahələri müxtəlif olub, heyvanların məskunlaşması üçün əlverişli mövqeyə malikdir. Burada Azərbaycanın “Qırmızı Kitab”ına daxil olmuş heyvanlardan ceyrana, qafqaz ularına, quşlardan isə turaca rast gəlinir. Məməlilərdən  boz dovşan, tülkü, çaqqal, canavar, meşə pişiyi, yenot, quşlardan --  boz kəklik, ispan sərçəsi, qırqovul, ağqartal  və müxtəlif su quşları vardır.

                                                           Kamil İSMAYIL,

                                                           “Respublika”.