Qəhrəmanlar unudulmur
Region

Qəhrəmanlar unudulmur

Sinəsini düşmən gülləsinə sipər edən vətənpərvər, şücaətli  qəhrəman oğullarımızın hünəri hesabına qazanıldı bu tarixi Zəfər. Cəsur övladlarımız şəhid olub əbədiyyətə qovuşdu, yaralanıb, sağlamlığını itirib qazi oldular. Bu  gün hər an şəhid ailələrinə, qazilərə dövlət və xalq səviyyəsində ən ali ehtiram və böyük qayğı göstərilir. Onlar ziyarət olunur, problemləri operativ həll olunur.  Heç zaman, heç kəs unutmamalıdır  ki, bizim onlara qeyrət və şərəf borcumuz var. Onlar həyatları bahasına bunu özlərinə haqq ediblər. Göygöl rayon  rəhbərliyi tərəfindən şəhidlərin məzarları və ailələrinin ziyarəti davam edir. Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Vətən müharibəsi şəhidi Eldarzadə Azər İsmixan oğlunun doğum günü ilə bağlı Göygöl Rayon Şəhidlər Xiyabanındakı məzarı başında anım mərasimi keçirilib. Ziyarətçilər şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub və əziz xatirəsini ehtiramla anıblar.

Mərasimdə şəhidimizin ailə üzvləri, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən şəxslər şəhidin keçdiyi şərəfli döyüş yolundan danışıb və şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər.

Şəhidin atası İsmixan Bəxtiyarov göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Şəhid Eldarzadə Azər İsmixan oğlu  25 oktyabr 1994-cü ildə Göygöl şəhərində anadan olub. 2000-ci ildə Göygöl rayon İ.Novruzov adına 4 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul edilib,  2011-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

2012-ci ildən 2014-cü ilədək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2014-cü ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır. 2016-cı ilin  Aprel döyüşlərində və 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak etmişdir. 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak edən Azər Eldarzadə 30 sentyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. 1 övladı əmanət qalıb.

Zabit XƏLİLOV,

“Respublika”.