Hər günü bir tarix idi…
Tarix

Hər günü bir tarix idi…

27 oktyabr 2020-ci ildə   Qarabağın işğaldan azad edilməsi uğrunda başlayan Vətən müharibəsinin 1 ayı tamam  olub. 27 sentyabrda Qarabağ cəbhəsinin müxtəlif istiqamətlərində başlayan müharibənin elə ilk günündən Azərbaycan Silahlı Qüvvələri uğurlu hərbi əməliyyatlarla düşmən tapdağı altında qalan bir sıra yaşayış məntəqələrimizi azad edib. Azərbaycan Ordusu bir ay ərzində Ermənistana hərbi texnika və canlı qüvvə baxımından ciddi zərbə vurub. Düşmənin dəyəri 2 milyard dollardan çox hərbi texnikası məhv edilib.

                                                                                           ***

Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Hücum etmək cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturdulub.

                                                                                          ***

Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd T-72 tankı, 4 ədəd D-30 və 3 ədəd D-20 topu, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd radiolokasiya stansiyası və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

                                                                                         ***

 Müdafiə Nazirliyinin ölkənin xüsusi xidmət orqanları ilə birlikdə həyata keçirdiyi parlaq əməliyyat nəticəsində Qarabağdakı qondarma rejimin "müdafiə ordusunun komandanı”, general Cəlal Arutyunyan məhv edilib. Belə ki, C.Arutyunyanın getdiyi UAZ avtomobili raket zərbəsindən sonra tamamilə yanaraq hərbi cani ilə birlikdə məhv olub.

                                                                                       ***

 Saat 16:00 radələrində   düşmənin silahlı birləşmələri tərəfindən Goranboy və Bərdə rayonları müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

                                                                                       ***

Milli Məclisin  keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

                                                                                    ***

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin birgə yaydığı bəyanatda deyilir: “Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhəboyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür. Ermənistan cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməklə növbəti təxribatlarına zəmin yaradır. Baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir. Bu baxımdan Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhvetmə hüququna malikdir”.

“Respublika”.