DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

QAZAXISTANDA TÜRK DÜNYASI MƏRKƏZİ INŞA OLUNACAQ

Qazaxıstanın Türküstan şəhərində Türk Dünyası Mərkəzi tikiləcək. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Qazaxıstan mətbuatı Türküstan vilayətinin başçısının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, Türk Dünyası Mərkəzinin binasının memarlıq-bədii görkəminin hazırlanması üzrə açıq müsabiqə keçirilib, qazax memarları müsabiqədə iştirak etmək üçün 17 layihə təqdim ediblər. Eyni zamanda, verilən xəbərə görə, region başçısı Darxan Satıbaldı memar və heykəltəraşların xüsusi sərgidə nümayiş etdirilən əsərləri ilə tanış olub.

“Türküstanın hər bir obyekti tələblərə cavab verməlidir. Türk Dünyası Mərkəzinin binası adına uyğun olmalıdır, tikintidə ən son texnologiyalardan istifadə edilməlidir”, - deyə Darxan Satıbaldı vurğulayıb.

 

ABŞ AVROPADAKI NÜVƏ BOMBALARINI MÜASIRLƏŞDIRIR

ABŞ NATO-nun Avropadakı bazalarına köhnəlmiş ehtiyatları əvəz edəcək modernləşdirilmiş “B61-12” taktiki nüvə bombalarının yerləşdirilməsini sürətləndirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Politico”  nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb. Bildirildiyinə görə, əvvəllər “B61-12”nin 2023-cü ilin yazından tez olmayaraq Avropaya çatdırılması planlaşdırılırdı, lakin son tarixlər bu ilin dekabrına keçirilib. Pentaqondan jurnalistlərə verilən açıqlamada izah edilir ki, “B61”in modernləşdirilməsi uzun illərdir davam edir və Ukraynadakı son hadisələrlə heç bir əlaqəsi yoxdur.

Məlumat üçün qeyd edək ki, “B61-12”nin ömrünün uzadılması proqramı Almaniya, İtaliya, Belçika, Hollandiya və Türkiyədəki hava bazalarında saxlanılan 100-ə yaxın bomba da daxil olmaqla bir neçə əvvəlki versiyanı əvəz etmək üçün nəzərdə tutulub.

 

İTALİYANIN YENİ HÖKUMƏTI PARLAMENTİN ETİMADINI QAZANIB

İtaliyada baş nazir Ciorcia Meloninin rəhbərliyi ilə qurulan yeni, 68-ci hökumət parlamentin hər iki palatasının etimadını qazanıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, artıq parlamentin aşağı palatası olan Deputatlar Palatası yeni hökumətə etimad göstərib. Hökumət üzvləri oktyabrın 26-da parlamentin yuxarı palatası olan Senata müraciət edib və nəticədə etimad səsverməsi keçirilib. İki yüz yerlik Senatda 199 senatorun iştirakı ilə keçirilən səsvermədə 115 nəfər C.Meloni hökumətinin lehinə, 79-u əleyhinə səs verib, 5 nəfər isə bitərəf qalıb.

Bununla da İtaliyada yeni hökumət rəsmi olaraq vəzifələrin icrasına başlayıb.

Verilən xəbərə əsasən, səsvermədən əvvəl İtaliya hökumətinə başçılıq edən ilk qadın baş nazir Ciorcia Meloni çıxış edib. O, hökumətinin iqtisadiyyat və xarici siyasətdəki əsas prioritetlərini göstərərək, Şimali Atlantika xəttinə sadiqliyini və Ukraynaya davamlı yardımı xüsusi qeyd edib.

 

BMT İRANDA TÖRƏDİLƏN TERROR AKTINI PİSLƏYİB

BMT İranın Şiraz şəhərində törədilən terror aktını pisləyərək, həlak olanların ailələrinə başsağlığı verib. “Report”un xəbərinə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə bildirib.

“Biz bu xəbərləri gördük. Biz terroru, xüsusən də dini obyektlərə edilən hücumları qəti şəkildə pisləyirik”, - deyə BMT rəsmisi vurğulayıb.

Qeyd edək ki, oktyabrın 26-da İranın Şiraz şəhərindəki Şahçeraq məqbərəsinə hücum zamanı 20 nəfər qətlə yetirilib, onlarca insan yaralanıb. Təhlükəsizlik qüvvələri hücumda əli olmaqda şübhəli bilinən iki silahlını saxlayıb, üçüncünün isə hələ də azadlıqda olduğu bildirilir.

Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. Təşkilatın yaydığı məlumata əsasən, terrorçu qruplaşmanın yaraqlıları İranın cənubundakı Şahçeraq ziyarətgahında dindarlara atəş açıb.

 

E.MAKRON ÖLKƏSININ BÖHRANLI DÖVRLƏRDƏN KEÇDİYİNİ ETİRAF EDİB

Fransa prezidenti Emmanuel Makron böhranlı dövrlərdən keçdiklərini, müharibənin enerji və qiymətlərə təsirləri olduğunu etiraf edib. “Teleqraf.com”un xəbərinə görə, Makron bu durumun fransız şirkətlərinin fəaliyyətinə ciddi təsir etdiyini bildirib.

“Bu gün asılılıqlarımızın nəticəsi olan inflyasiya yaşayırıq. Fransada inflyasiya təxminən 6,5 faiz, avroməkanda isə təxminən 10 faizdir. Ev təsərrüfatları üçün elektrik və qaz qiymətlərində artım 2023-cü ilin ilk aylarında ən çox 15 faiz olacaq”, - deyə Makron vurğulayıb. Eyni zamanda, Emmanuel Makron iri şirkətlər üçün qaz və elektrik qiymətlərindəki artımı tənzimləyəcək mexanizmi işə salacaqlarını qeyd edb.

Bununla yanaşı, pensiya islahatının zəruriliyini müdafiə edən Fransa prezidenti hökumətin bu islahatla bağlı qanun layihəsini 2023-cü ilin əvvəlində təqdim edəcəyinə diqqət çəkib.

 

LİVAN PREZİDENTİ İSRAİLLƏ DEMARKASİYA BARƏDƏ SAZİŞİ İMZALAYIB

Livan prezidenti Mişel Aun İsraillə dəniz sərhədinin demarkasiyası barədə sazişi imzalayıb. “Trend”in məlumatına görə, imzalanma cümə axşamı ABŞ Dövlət Departamentinin baş müşaviri Eymos Hokstinin iştirakı ilə baş tutub.

Verilən xəbərə əsasən, yaxın zamanlarda tərəflər arasında BMT-nin vasitəçiliyi ilə imzalanmış sənədlərin mübadiləsi proseduru keçiriləcək. İsrail və Livan rəsmi şəkildə müharibə vəziyyətində olduqları üçün sənədlər birbaşa deyil, vasitəçilərin iştirakı ilə mübadilə olunacaq.

Xatırladaq ki, İsrail tərəfi demarkasiya sazişini bu ayın əvvəlində imzalamışdı.

Qeyd edək ki, İsraillə Livan arasında əsasən Aralıq dənizindəki qaz yataqlarının istifadəsi ilə bağlı tez-tez mübahisələr yaranırdı.

 

TÜRKİYƏYƏ QARŞI ÇIXIŞLARI ILƏ TANINAN ABŞ SENATORU İSTİNTAQA CƏLB OLUNUB

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri və Türkiyə əleyhinə tez-tez açıqlamaları ilə tanınan amerikalı senator Bob Menendezin federal istintaq altında olduğu açıqlanıb. “Teleqraf.com” xəbər verir ki, ABŞ-ın “ABC News” telekanalının mövzu ilə bağlı mənbələrdən aldığı məlumata əsasən, Nyu-Yorkdakı Manhetten  Prokurorluğunda araşdırma aparılır. Senatorun müşaviri iddiaları təsdiqləsə də, onun mahiyyəti ilə bağlı dəqiq məlumatı bölüşməyib. Manhetten federal prokurorlarının yaxın günlərdə araşdırmanın nəticəsini açıqlayacağı gözlənilir. Bob Menendezin müşaviri Mixael Soliman deyib: “Senator Menendez araşdırmadan xəbərdardır. Hər hansı rəsmi sorğu aparılarsa, senator ondan və ya ofisindən tələb olunan sənədləri təqdim edəcək”.

Məlumat üçün qeyd edək ki, Bob Menendez daha əvvəl ABŞ Senatında verdiyi açıqlamada “F-16”ların Türkiyəyə satışının şərtlər əsasında satılmalı olduğunu bildirmişdi.

 

“TESLA”NIN AVTOPİLOT TEXNOLOGİYASINA QARŞI ARAŞDIRMALAR BAŞLAYIB

ABŞ-ın Ədliyyə Nazirliyi ötən il ölkənin “Tesla” şirkətinə qarşı bu şirkətin avtomobillərinin avtopilot texnologiyasından istifadə etməklə avtonom idarə oluna bilməsi xəbəri ilə bağlı araşdırmaya başlayıb. “Trend”in məlumatına görə, bu barədə “Röyters” agentliyi xəbər verib.

Bildirilir ki, arasdırma avtopilot funksiyasından istifadə edərkən “Tesla” avtomobillərinin iştirakı ilə baş verən bir neçə qəzadan sonra başlayıb.

Agentlik qeyd edib ki, şirkətin müştərilərə xəbərdarlığına görə, texnologiya avtomobili idarə etməyə kömək edir, lakin onu avtonom etmir.

Hazırda müstəntiqlər “Tesla”nın texnologiyasının imkanları ilə bağlı çıxış edərək istehlakçıları, investorları və tənzimləyiciləri aldatdığını araşdırır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.