Suqovuşan bölgəyə həyat bəxş edir
Region

Suqovuşan bölgəyə həyat bəxş edir

Bu günlərdə təbiət gözəli füsunkar mənzərəsi olan, bölgədə suya olan tələbatın ödənilməsində xüsusi yeri olan Suqovuşan Su Anbarındakı hazırkı vəziyyətlə tanış olmaq üçün Tərtərçay Hidroqovşağı İstismar İdarəsinin rəisi Emil Hacıyevlə həmsöhbət olduq. İdarə rəisi bildirdi ki, mənfur düşmən bəzi ermənipərəst dövlətlərin dəstəyi ilə Qarabağ, o cümlədən Suqovuşan Su Anbarını işğal edə bildilər. 30 ilə yaxın bu strateji obyektdən istədikləri kimi istifadə etdilər. Elə bir şərait yaratdılar ki, suya ehtiyac olmadığı zamanlarda kanallara su buraxdılar, beləliklə sudan məqsədəuyğun şəkildə istifadə etmək mümkün olmurdu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan əsgərlərinin igidliyi və göstərdikləri şücaətləri nəticəsində 44 gün ərzində işğal altında olan müqəddəs torpaqlarımız, o cümlədən Suqovuşan Su Anbarı işğaldan azad olundu. Anbarın azad olunması ilə bölgəyə həyat bəxş olundu. Demək olar ki, mövcud olan problemlərin çoxu arxada qalmışdır.

İdarə rəisi bildirdi ki, Suqovuşan su anbarı Qarabağ massivində 97200 hektar əkin sahəsinin suvarılması məqsədilə inşa olunmuşdur. Məlum Qarabağ hadisələrindən sonra Sərsəng və Suqovuşan su anbarları, eyni zamanda Sağ və Sol sahil magistral kanalları işğal altında qalmışdı. Bu səbəbdən 36000 hektar əkin sahələri Tərtər çayından qidalanan mövcud torpaq kanallar vasitəsilə su təminatını həyata keçirmək mümkün olurdu. Torpaq məcralı kanallar vasitəsilə nəql olunan suyun böyük hissəsi itkiyə gedir, suvarma suyunu təsərrüfatlara tez və vaxtında çatdırmaq mümkün olmur. Qeyd etdiyimiz kimi, anbar işğaldan azad olunduqdan sonra sudan səmərəli istifadə etməklə suvarmanın keyfiyyəti xeyli yaxşılaşmışdır. Bunun məntiqi nəticəsi olaraq Tərtər, Bərdə, Goranboy rayonlarının Tərtər çayı altında olan ərazilərində suya olan tələbatla bağlı ürəkaçan vəziyyət yaranır.

Suqovuşan Su Anbarının bizə yenidən qayıtması Ali Baş Komandan İlham Əliyevin melioratorlara ən böyük töhfəsidir. E.Hacıyev qeyd etdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş möhtəşəm su təsərrüfatı kompleksi Prezident İlham Əliyevin hakimiyyəti dövründə daha da inkişaf edir. Hazırda su itkisini minimuma endirmək məqsədilə mövcud torpaq kanallar beton üzlüyə alınır, yeni hidrotexniki qurğular inşa olunur. Cari ildə R-3-25 paylayıcı kanalların beton üzlüyə alınması Sağ sahil magistral kanalları 5,2 km hissəsində təmir-bərpa işləri və Suqovuşan Su Anbarının bəndində suburaxıcı qurğuları bərpa olunmuşdur. 2022-ci ildə idarə 212 km uzunluğunda torpaq məcralı su kanallarında lildən təmizləmə işləri aparmış, 16 ədəd hidrotexniki qurğunu cari surətdə təmir etmişdir. Bu ilin 9 ayı ərzində rayonlara 247 milyon kubmetr suvarma suyu verilmişdir. Hazırda payızlıq dənli bitkilərin suvarılması müvəffəqiyyətlə davam etdirilir. İdarənin kollektivi mövcud çətinliklərə baxmayaraq mümkün olan bütün imkanlardan səmərəli istifadə etməklə suvarma suyunun itkisinin qarşısını alır, vaxtında sahələrə çatdırılmasını təmin edir.

İdarə rəisi qarşıda duran perspektiv məsələlərdən danışaraq qeyd etdi ki, 2023-cü ildə R-3 və R-3-7 paylayıcı kanallarının beton üzlüyə alınmasını və yeni hidrometrik postların quraşdırılmasını planlaşdırır.

Vəli VƏLİYEV,

"Respublika".