Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Erix Mariya Remark

Erix Mariya Remark - XX əsrin görkəmli alman yazıçısı... Daha çox "Üç yoldaş" əsəri ilə məşhurlaşan bu yazıçı, əvvəllər psixi xəstəxanada orqan ifaçısı kimi çalışsa da, sonralar özünü jurnalistikada tapıb.

Yazıçı içkiyə o qədər düşkün olub ki, bir çox əsərlərində qəhrəmanlarının dili ilə spirtdən danışmaqla yanaşı, onun xeyrindən də söz açıb. Elə onu məşhurlaşdıran romanı da rəqs edən sərxoşun macəraları ilə başlayır...

Remarkın həyatında çox qadın olub. Qadınları əlcək kimi dəyişən yazıçının sevgililəri arasında alman aktrisası Qret Qarbo, rus əsilli amerikalı maneken Nataşa Braun və 30-cu illərin kino ulduzu Hedi Lamarr da olub. Hətta məşhur gülüş ustası Çarli Çaplinin keçmiş həyat yoldaşı ilə ailə həyatı da qurubmuş...

Pozğun qadınlara daha çox üstünlük verən yazıçı, hərdən səviyyəli qadınlarla da oturub-dururmuş. Bioqraflar Remarkın pozğunlara daha çox üstünlük verməsinin səbəbini onun xarakteri ilə əlaqələndirirlər. Belə ki, əslində çox utancaq biri olan yazıçı, zəkalı bir qadınla ünsiyyətdən sonra onun tərəfindən tərk edilməkdən qorxub. Lakin heç də həmişə utancaqlığı ilə seçilməyib. Birinci Dünya müharibəsində bədəninin iki nahiyəsindən güllə yarası alaraq qayıdandan sonra şan-şöhrət barədə planlarını tituldan başlayıb. O, baron Huqo fon Buxvalda külli miqdarda pul verərək baronluq titulunu əldə edib. Elə o gündən də zərif cinsin nümayəndələri arasında rəğbət qazanmağa başlayıb. Xüsusi geyim tərzi ilə seçilən, yüksək intellektə sahib olan yazıçının gizli pərəstişkarları da az olmayıb.

Deyilənə görə, bəzi romanlarının qadın qəhrəmanı həyatdakı məşuqələri olub. Məşhur "Üç yoldaş" əsərinin baş qəhrəmanı da həyat yoldaşı rəqqasə Yutte Zambon idi. Vərəm xəstəsi olan xanımını romanın prototipi seçən Remark, onun bütün hərəkətlərini saatlarla müşahidə etmiş, çarpayıda necə əzab çəkməsini, gecələr qəfildən vanna otağına qaçıb öskürməsini yaxından izləmişdi. Məhz bu səbəbdən prototip inandırıcı və səmimi alınmışdı.

Bir neçə dəfə evli olan yazıçı qadınların hərəsində bir nöqsan taparaq onlarla yolunu ayırmışdı. Ümumilikdə evliliklərinin heç biri onun yaradıcılığına təsir etməmişdi. O hansı manera, hansı prinsiplərlə yazırdısa, elə də davam edirdi. Əslində, Mariya Remarkın başqalarında təəccüb doğuracaq hərəkətləri çox idi. Bəzən xeyli müddət qələmə yaxın belə düşmürdü, bəzən isə fasiləsiz yazmağa başlayırdı.

Uzun illər nadir xəstəlik - menyer sindromundan əziyyət çəkən yazıçı, tez-tez depressiyaya düşüb. Bu xəstəlik Remarkı fiziki cəhətdən üzməklə yanaşı, onun sinir sisteminə də pis təsir göstərib. İnsult və bir neçə dəfə ürək tutmaları səbəbindən xəstəxanaya yerləşdirilən yazıçı 72 yaşında infarktdan dünyasını dəyişib.

 

Amadeo Modilyani

Amadeo Modilyani - gözəllik düsturunu axtaran yəhudi kökənli italyan heykəltəraşı və rəssamı... Həyatı qısa və faciəli olsa da yaradıcılığı məhsuldar olan bu rəssamın əsərləri sanki kədəri izləyirdi. Onun qadın obrazları quyu kimi qaranlıq, kədər kimi dərin gözlü idi. O, qadınların gözlərini çəkməzdi. Çünki qadınların ruhuna gedən yol onun gözlərindən keçmirdi...

Cəmi 14 il yaratmasına baxmayaraq XX əsrin ən tanınmış rəssamlarından olan Modilyani Pablo Pikassonun yaradıcılığından təsirlənmişdi. Pikasso onun haqqında "o bir Tanrıdır" deyərdi.

Məşhur rəssam istedadlı olmaqla yanaşı, həm də çox yaraşıqlı biri idi. Daha çox qadınları çəkən rəssam, elə ilk və son sevgisi ilə də bu ərəfədə qarşılaşmışdı. Belə ki, qadın gözəlliyini fərqli, özünəməxsus tərzdə yaradan rəssam, Janna adlı gənc bir qızın portretini çəkərkən ona vurulur və həmin gündən onların saf məhəbbət hekayəsi başlayır. Jannanın ailəsi katolik olduğu üçün qızlarının yəhudi bir gənc ilə ailə qurmasına etiraz etsələr də, Janna məhəbbətindən dönmür. Ömrünün sonunadək rəssam Modilyani ilə qeyri-qanuni birgə yaşayır.

Modilyani Jannadan 14 yaş böyük idi. Aralarındakı yaş fərqi heç nəyi dəyişmirdi, əksinə, Modilyani qadınının ruhunu daha yaxşı oxuyurdu. Jannanın portretlərini çəkən rəssam sonra hamını təəccübləndirmişdi. Artıq portretdəki gözlər quyu kimi boş deyildi. Bəli, Amadeo Modilyani ilk dəfə bir qadının gözlərini, ruhunu görə bilmişdi. Rəssam sevgisini, gözlərdəki kədəri çəkirdi...

Hələ uşaqlıq illərindən vərəm xəstəliyindən əziyyət çəkən rəssam, sonralar içki və narkotikə aludə olur. Bu isə onun səhhətini daha da pisləşdirir. Daim maddi çətinlik çəkən 36 yaşlı rəssam, səfalət içində ölümü ilə hamını sarsıdır. Dünyanı bir rəssam, bir məhəbbət tərk edir...

Həyat yoldaşının ölümündən sonra bətnindəki 8 aylıq körpəsi ilə pəncərədən özünü atıb intihar edən Janna sədaqəti ilə sevginin zirvəsinə ucalır. Ən təəssüfləndirici məqam isə odur ki, yalnız 10 il sonra Jannanın katolik valideynləri qızlarının cəsədinin yəhudi rəssam ilə yanaşı basdırılmasına razılıq verirlər.

Bir dəfə Amadeo 16 yaşında olarkən dostuna məktub yazır: "Mən həqiqətləri və romanlara sıxışdırılmış gözəlliklərin düsturunu tapıb insanlara təqdim edəcəyəm. Artıq bütün gizli həqiqətlər mənə aşkardır"... Bəlkə də uşaqlıq yaşlarından kədəri və həqiqəti kəşf edən dahi rəssam tapdığı düsturu elə Jannanın gözlərində gizlədibmiş...

 

Luis Kerrol

"Alisa möcüzələr diyarında" əsəri ilə məşhurlaşan ingilis yazıçısı, şairi Lewis Carroll (Luis Kerrol) həm də tanınmış riyaziyyatçı olub. Bu yazıçı, yeni söz yaratmaq fantaziyası, məntiqi peşəkarlığı ilə də diqqət çəkib.

İngilislər hələ də onun yaratdığı onlarla sözdən istifadə edirlər. Kitabxanalarda kitabların daha asan tapılması üçün kitabın adını cildin yan qisminə yazmaq ideyasını da bu dahi şəxsiyyət irəli sürmüşdür. "Scrabble" söz oyununun da ilk örnəyini o həyata keçirmişdir. Ən sevdiyi nəqliyyat vasitəsi isə özünün icad etdiyi üçtəkərli velosipeddir.

Ömrünün 26 ilini Məsih kilsəsində riyazi mühazirələr oxumaqla yaxşı qazanc əldə edən Luis Kerrol, hələ tələbə ikən qısa hekayə və şeirlər yazmağa başlayıb. Yazıçı riyaziyyat tarixində əhəmiyyətli bir iz qoymasa da, riyazi məntiq sahəsindəki müvəffəqiyyətləri ilə zamanı qabaqlamağı bacarıb.

Təbiətcə çox sakit, həm də həddindən artıq qorxaq biri olan Kerrol şiddətli baş ağrılarından və yuxusuzluqdan əziyyət çəkdiyindən mütəmadi olaraq tiryək qəbul edib. Müasirlərinin dediyinə görə, olduqca qəribə bir insan olub. Davamlı müxtəlif ictimai tədbirlərdə iştirak edən ünsiyyətcil bir adam olsa da, qeyri-adi, ağlasığmaz söhbətləri ilə ətrafdakıları heyrətləndirib.

Fotoqraf peşəsi ilə ciddi maraqlanan yazıçı, müxtəlif üslublarda fotoşəkillər çəkməyi sevirdi.

Fotoqraflıqla yanaşı, şahmat dünyasındakı xəbərləri də izləyən və bu oyuna böyük maraq göstərən Kerrol boş zamanlarında uşaqlara dərs deyirdi.

Bütün boş vaxtlarını çoxsaylı araşdırmalara həsr edən yazıçı, əslində bir insanın hər cür çətinliyi aşa biləcəyinə inanırdı. Bu səbəbdən də onu maraqlandıran bir çox elmləri öyrənməyə can atırdı.

Həyatı boyu ikinci yarısını tapa bilməyən Kerrol, ömrünün sonuna qədər subay qalıb. Bioqraflarının dediyinə görə, yazıçının qadınlarla münasibəti olmasa da, azyaşlı, yeniyetmə qızlarla məktublaşırmış. Sonralar məktublaşdığı qızların yarısından çoxunun 14, qalanlarının isə 16 yaşı olduğuna dair bəzi faktlar ortaya çıxıb. Üstəlik, yazıçı bu qızların yarıçılpaq şəkildə fotoşəklini də çəkirmiş. Ən dəhşətlisi isə odur ki, sonradan bir çox bioqrafları Luis Kerrolu pedofiliyada günahlandırıblar.

Ömrünün son bir neçə ilini pnevmaniyadan əziyyət çəkən dahi şəxsiyyət 65 yaşında vəfat edib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".