YAP-ın təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir
Digər xəbərlər

YAP-ın təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər davam edir.

Tədbirlər Planı çərçivəsində oktyabrın 28-də partiyanın Şirvan şəhər təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Keçirilən tədbir YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Veteranlar Şurasının sədr müavini, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və başqaları çıxış ediblər.

Çıxışlarda ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinin uğurlu nəticələrindən bəhs olunub, Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yoluna nəzər salınıb.

Tədbirlərdə YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri və partiya fəallarına fəxri fərmanlar təqdim edilib.

Bundan əlavə, Tədbirlər Planına uyğun olaraq oktyabrın 28-də YAP Sabunçu rayon təşkilatının gənc fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

X.KOSAYEV,

“Respublika”.