Siyasi iradə, iqtisadi güc, yeni reallıqlar
Siyasət

Siyasi iradə, iqtisadi güc, yeni reallıqlar

Türkiyə-Azərbaycan qardaşlığı, birliyi bölgə və dünya üçün xüsusi önəm kəsb edir. Bu birlik regionda sülhə və barışa möhkəm zəmin yaradır. Bunu bütün dünya İkinci Qarabağ müharibəsi zamanı da gördü. 2020-ci ildə müdrik rəhbər, qətiyyətli sərkərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə mübariz xalqımız və rəşadətli ordumuz düşmən üzərində Azərbaycan tarixinə qızıl hərflərlə yazılan parlaq Qələbə qazandı. Otuz ilə yaxın müddətdə işğal altında olan dədə-baba torpaqlarımız bu qələbə sayəsində hərbi və siyasi-diplomatik yolla azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək bu müharibədə mənəvi və siyasi baxımdan Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi Zəfərdə mühüm rol oynadı.

"Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır. Bu, bizim üçün böyük xoşbəxtlikdir və İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında söyləyib. Keçən il Şuşa Bəyannaməsinin imzalandığını xatırladan dövlətimizin başçısı deyib ki, bununla da Türkiyə və Azərbaycan rəsmən bütün sahələrdə müttəfiq oldu: "Bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir faktordur. Bu, sülh, sabitlik faktorudur, ancaq eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu faktoru ciddi nəzərə almalıdır", - deyə dövlət başçısı əlavə edib. Azərbaycan-Türkiyə dostluğu bütün dünyanın həsəd apardığı, qibtə etdiyi dostluqdur. Bu dostluğun kökü uzaq keçmişə, qədimlərə gedib çıxır. Təməlində milli, dini dəyərlər, dil, adət-ənənə eyniliyi, mədəni və mənəvi birlik dayanır.

İşğaldan azad edilmiş torpaqlarımızın reinteqrasiyası prosesinə türk iş adamlarının cəlbi Türkiyə ilə iqtisadi əlaqələrimizin yeni sahəsini formalaşdırır. Belə ki, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarında infrastruktur layihələrinin, yolların, habelə Füzuli hava limanının tikintisində türk şirkətləri fəal iştirak edib. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə turizm, kənd təsərrüfatı, dağ-mədən və hasilat sənayesi, tikinti materialları istehsalı, alternativ enerji kimi potensial sektorların yenidən canlandırılması və ölkə iqtisadiyyatına inteqrasiyası, habelə bölgədə yeni nəqliyyat-logistika dəhlizlərinin formalaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər Türkiyə ilə əlaqələrimizin genişləndirilməsində yeni perspektivlər vəd edir.

Qardaş ölkənin böyük heyətlə, hökumət nümayəndələri ilə respublikamıza səfərləri bir daha onu göstərir ki, biz hər zaman olduğu kimi, yenə də bir yerdəyik və bu, daima belə də olacaq. Bundan sonra da bölgədə işlər Türkiyə və Azərbaycanın fəal iştirakı ilə aparılacaq. Zəngilana səfərindən danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, "Əlaqələrimizin sənədi olan Şuşa Bəyannaməsini ildırım sürəti ilə parlamentlərimizin müzakirəsindən keçirərək yeni dövrü formalaşdırdıq. Biz Füzuli və Zəngilan hava limanlarına regionun inkişafı üçün strateji addımlar kimi baxırıq. Regiona canlılıq gətirəcək daha bir addım olan minaları təmizləmək üçün layihəmizi sürətləndirməyə qərar verdik. Biz təhsil sahəsində təkcə Bakıda Maarif Vəqfi məktəblərinin rəsmi açılış mərasimini keçirmədik, Azərbaycan-Türkiyə Universitetinin təməlinin qoyulması nöqtəsinə gəldik. Bütün bu inkişafları heç vaxt qiymətləndirməmək olmaz və bunların hamısının arxasında güclü siyasi iradə və nəticə əldə etmək əzmi dayanır".

Azərbaycan-Türkiyə sarsılmaz birliyi bu dəfə də Zəngilan və Cəbrayıldan dünyaya nümayiş etdirildi. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etdilər. Həmçinin Türkiyə Prezidentinin Azərbaycana səfəri çərçivəsində dövlət başçıları "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışını edib, Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoyublar. Bundan başqa, Türkiyə və Azərbaycan prezidentləri Cəbrayıl rayonu ərazisində yaradılacaq "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" Kompleksinin təməlini qoyublar. Bütün bu tədbirlər Azərbaycan və Türkiyənin həm dar, həm də xoş günlərdə, quruculuq işlərində hər zaman bir yerdə olduqlarının və bundan sonra da bir olacaqlarının bütün dünyaya növbəti nümayişi oldu. Azərbaycan və Türkiyə prezidentlərinin Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümündə bir yerdə olmalarının böyük mənəvi-siyasi rəmzi vardır. Bu gün ölkəmizin hər bir guşəsində yanaşı dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin, xalqlarımızn birliyinin ən bariz təcəssümüdür. İşğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ən müasir ikinci hava limanını açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyil", - deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu da vurğulayıb ki, dağıdılmış, yerlə-yeksan edilmiş bu bölgələr hazırda qardaşım İlham Əliyevin liderliyi ilə bənzərinə az rast gəlinən böyük bir inkişaf həmləsi ilə yenidən dirçəlir.

Artıq iki müttəfiq ölkənin siyasi təşəbbüslər, iqtisadi, enerji, nəqliyyat sahələrində işbirliyi regional çərçivədən çıxıb, beynəlxalq səviyyəyə qalxıb. Türkiyə gündən-günə güclənməklə dünyada baş verən bütün proseslərdə fəal və önəmli rol oynayır. Bölgədə gedən proseslərdə də Türkiyənin təsir imkanları artır. Bu da təbii olaraq bizi daha da qürurlandırır. Çünki Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da o qədər güclü olacaq. Türkiyə ilə Azərbaycan arasında əlaqələr çoxşaxəli və genişdir. Bu əlaqələrin hazırkı səviyyəyə gəlib çatmasında dövlət başçılarının qarşılıqlı səfərləri, Türkiyənin daim Azərbaycanın, Azərbaycanın da Türkiyənin yanında olması müstəsna rol oynayır.

Mustafa KAMAL,

"Respublika".