Sağlam həyat
Maraqlı

Sağlam həyat

Bu bitkiyə əbəs yerə "padşah meyvəsi" demirlər

Xalq arasında "padşah meyvəsi" də adlandırılan çaytikanı qədim zamanlardan bəri bir çox xəstəliklərin müalicəsində əsl şəfa mənbəyi kimi istifadə olunur. Özünəməxsus dadı və ətri ilə seçilən bu bitki tərkibindəki vitamin zənginliyinə görə xalq təbabəti və tibdə min bir dərdin dərmanı hesab edilir.

Çaytikanının tərkibində olan doymamış yağ turşuları, flavonoidlər, kumarin ürək-damar sistemi üçün olduqca xeyirlidir - damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir, ateroskleroz, iltihab  və trombların əmələ gəlməsinin qarşısını alır. Məhz bu səbəbdən də, bitkidən ürək-damar xəstəlikləri zamanı köməkçi müalicə vasitəsi kimi istifadə olunur.

Meyvəsinin şirəsindən əldə edilən yağı isə xüsusilə faydalıdır. Belə ki, onun tərkibində  insan orqanizmi üçün əvəzsiz hesab edilən  fitonsidlər, pektinlər, vitaminlər (B qrupu, C, E, K, P), dəmir, kalsium, fosfor, sink, kükürd kimi bir çox  vacib mikroelementlər mövcuddur.

Çaytikanı yağının spesifik parlaq narıncı rənginin səbəbi isə tərkibində çox miqdarda karotinoidlərin olmasıdır. Karotinoidlərdən orqanizmdə A vitamini sintez olunur ki, bu da  sağlamlıq üçün əvəzedilməz hesab edilir.

Bundan əlavə, çaytikanı C vitamini ilə də zəngindir. Güclü antioksidant hesab edilən bu vitamin orqanizmdə gedən qocalma prosesini ləngidir, immun sisteminin möhkəmlənməsi və şişlərin qarşısının alınmasında böyük rol oynayır.

Mədə-bağırsaq sistemi üçün də faydalı olan çaytikanı mədə  turşuluğunu azaldır, mədə-bağırsaq sisteminin selikli qişasını qoruyur. Xüsusilə bitkinin yağı mədə və 12 barmaq bağırsaq xorasına effektiv təsir göstərir. Həmçinin qastrit, kolit, enterokolit kimi xəstəliklərin müalicəsində geniş istifadə olunur.

Çaytikanı yağı gözlər üçün də xeyirlidir. Belə ki, bu yağ müxtəlif göz xəstəliklərinin (katarakta, qlaukoma və s.) inkişafına mane olur. Bitkinin  yağından müxtəlif cür dəri xəstəlikləri (psoriaz, neyrodermit, dəmrov, ekzema, piodermiya və s.), yanıqlar, xoraların müalicəsində də geniş istifadə olunur.

Lakin bütün bunlara baxmayaraq, bəzi xəstəliklər zamanı bitkidən istifadə etmədən öncə həkimlə məsləhətləşmək tövsiyə edilir.

İnformasiya "Sözcü" qəzetində dərc edilib.

 

Qaradərililərin demans riski daha yüksəkdir

Böyük Britaniyada aparılan genişmiqyaslı araşdırmanın nəticələri göstərir ki, qaradərili insanlar cənubi asiyalılara nisbətən demensiyaya (əqli geriləmə və yaddaş pozğunluğu) daha çox meyillidirlər.

London  Universitet Kollecinin (UCL) tədqiqatçıları bu tapıntıya daha əvvəlki araşdırmalarında da rast gəldiklərini, lakin qaradərililərdə demensiyanın görülmə səbəbinin  şübhə doğuran məsələ olduğunu söyləyirlər. Alimlərin fikrincə, qaradərililərin yüksək qan təzyiqi və piylənmə kimi genetik sağlamlıq faktorları demans riskində çox böyük rol oynayır.

Mütəxəssislər 2050-ci ilə qədər dünyada demensiyadan əziyyət çəkən insanların sayının 153 milyondan çox ola biləcəyini deyirlər. Nəzərə alsaq ki, bu rəqəm göstəriciləri 2019-cu ildə  57 milyon olub, təxminlər vəziyyətin daha da təhlükəli bir hal alacağını göstərir.

2006-cı ildən bəri İngiltərə Biobankına aid  təxminən 300 min nəfərin  genetik və xarici faktorlar da daxil olmaqla sağlamlıq məlumatları araşdırılıb və bu müddət ərzində  təxminən 6 min nəfərdə demans xəstəliyi müşahidə edilib.

Elm adamları etnik qrup daxil olmaqla əlavə risk faktorlarına hipertoniya,  piylənmə, siqaret istifadəsi, sosial izolyasiya, havanın çirklənməsi, depressiya, diabet və eşitmə itkisinin də aid olduğunu söyləyirlər.

"PLoS One" jurnalında dərc edilən araşdırmaya görə, hipertoniya və piylənmə qaradərili əhali arasında  cənubi asiyalılara nisbətən daha çox rast gəlinir. Tədqiqat çərçivəsində məlum olub ki,  qaradərili insanlar digərlərinə nisbətən  demansla əlaqəli genləri daha çox daşıyırlar. Bununla belə, siqaret, yüksək dozada spirtli içki qəbulu və  yüksək xolesterol kimi bəzi risk faktorlarına qaradərililərdə daha az rast gəlinir.

Tədqiqatın müəllifi və ekspert  Naaheed bildirir ki, bu araşdırma gələcəkdə digər təhlükəli xəstəliklərin də yaranma səbəbinin ortaya çıxmasına zəmin yaradacaq. 

 

Çay içməklə həyatımızı xilas edirikmiş...

ABŞ Milli Sağlamlıq İnstitutunun mütəxəssislərinin araşdırmasına görə, müntəzəm olaraq qara çay içmək ölüm riskinin azalması ilə əlaqələndirilir. Belə ki, "Annals of Internal Medicine" jurnalında dərc edilən məqalədə gündə iki və ya daha çox fincan çay içənlərin ölüm riskinin içməyənlərə nisbətən 10-13 faiz az olduğu bildirilib.

10 ildən artıq aparılan təhlillərdə İngiltərə Biobankının  məlumatlarından istifadə edilib. 40-69 yaş arası 500 min nəfərin  85 faizinin  nizamlı olaraq çay istehlak etdiyi məlum olub. Onların 89 faizinin isə xüsusilə  qara çaydan istifadə etdiyi ortaya çıxıb.

Tədqiqatı şərh edən Madrid Universitetinin professoru Fernando Rodrigez Artalexo araşdırmanı  indiyə qədər bu sahədə aparılan ən əhəmiyyətli  irəliləyiş hesab edir. Alim qeyd edib ki, 10 il ərzində müntəzəm qara çay istehlak edən orta yaşlı, əsasən də  ağdərili yetkinlərdə ürək-damar xəstəliklərindən ölüm halları cüzi də olsa azalmışdır.

Lakin bununla belə Artalexo həmçinin vurğulayıb ki, çay içənlər arasında ölüm nisbətinin azalması içkidən daha çox istifadə edilməsini göstərmir. O, çay içmək vərdişini dəyişdirmək üçün kifayət qədər sübut olmadığını söyləsə də,  gündə bir və ya iki  fincanın yetərli olduğunu qeyd edib.

Bundan əlavə, müəyyən edilib ki, çaya süd,  yaxud şəkərin əlavə edilməsi və onun temperatur dəyişikliyi içkinin  faydasına heç bir təsir göstərmir.

 

Susuz dərman qəbul edənlərin nəzərinə

Bəzi insanlar dərman qəbulu zamanı müəyyən  səhlənkarlıqlara yol verərək onları necə gəldi içirlər. Hətta həbləri  müxtəlif şirələr, qazlı içkilər, çay ilə qəbul edənlər də var. Hələ bu harasıdır, mayesiz  qəbul etməyə vərdiş edənlər belə az deyil. Bu cür  səhvlər edən insanlar dərmanın effektiv təsirini görməyəndə isə  adətən həkimi günahlandırırlar. Əslində, çoxlarına adi bir hal kimi görünən bu vərdişlər sağlamlıq baxımından  olduqca təhlükəlidir. Xüsusilə də dərman qəbulu zamanı sudan istifadə etməmək  bəzi fəsadlara yol aça  bilər.

Əvvəla ağız vasitəsilə qəbul edilən dərmanların mütləq şəkildə bir stəkan su ilə içilməsi onların mədə və nazik bağırsaqdan keçməsi, boğazda ilişməməsi baxımından çox vacibdir. Bu əsasən, dərmanın bədən tərəfindən düzgün şəkildə sorulmasını və istənilən effekti verməsini təmin edir.

Mütəxəssislər dərman qəbulundan dərhal sonra uzanmaq və ya  yatmağın düzgün olmadığını söyləyirlər. Çünki bəzi dərmanların qəbulundan sonra 30  dəqiqə oturmaq, yaxud ayaq üstə dayanmaq  lazımdır ki,  yemək borusu və bağırsaqlarda qıcıqlanma, zədələnməyə səbəb olmasın.

Bəzi hallarda, susuz dərman qəbulu hətta boğazın selikli qişasını da zədələyə, hətta həmin nahiyəyə  toksik təsir göstərə bilər. Belə ki, indiyə qədər aparılan araşdırmalar göstərir ki, xüsusilə doksisiklin (antibiotik) və reseptsiz satılan bəzi ağrı kəsicilərin (aspirin, ibuprofen, naproksen sodyum, parasetamol) boğazda xoranın yaranmasına yol açma ehtimalı yüksəkdir.

Elə  insanlar var ki, bütöv şəkildə dərman qəbul edə bilmədikləri üçün onu əzib içirlər. Bəs bu hal necə, təhlükəlidirmi?

Mütəxəssislər  dərmanın  ilkin formasının pozulmasının onun tərkibində olan aktiv maddələrə zərər verməklə yan  təsirlərə səbəb ola biləcəyini deyirlər. Xüsusilə də  qandurulducu təsirə malik  dərmanların əzilməsi olduqca təhlükəlidir. Çünki effektiv konsentrasiyalar zəhərli təsir göstərə bilər.

İnformasiya m.ensonhaber.com veb saytında yayımlanıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".