Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

MRT cihazları ilə düşüncələri oxumaq mümkün olacaq

ABŞ-ın Texas Universitetinin tədqiqatçıları fikirləri oxumağın ən optimal yolunu tapıblar. Belə ki, elm adamları MRT (Maqnit Rezonans Tomoqrafiyası) aparatından  istifadə etməklə düşüncələri oxuya bilən alqoritm hazırlayıblar. Araşdırmanın gələcəkdə beyin-kompüter interfeyslərinin inkişafına təkan verəcəyi gözlənilir.

bioRxiv.org veb saytında dərc edilən araşdırmaya görə, tədqiqatçılar buna nail olmaq üçün  dekoder (kodlaşdırılmış məlumatları başa düşülən formaya çevirmək üçün istifadə olunan kod çözücü)  adlı alqoritm işləyiblər. Daha əvvəl buna bənzər araşdırmalar aparılsa da, elm adamları  yeni metodun dünyada bir ilk olduğunu açıqlayıblar.

Tədqiqat müəlliflərindən biri Alexander Huth, " İyirmi il əvvəl hər hansı bir nevroloqdan bunun nə vaxtsa mümkün olacağını  soruşsaydınız , yəqin ki gülüb keçərdi" ifadəsini işlədib. Digər tədqiqatçı, Yukiyasu Kamitani isə əldə edilən bu yeniliyin beyin-kompüter interfeysi tətbiqlərinin inkişafına yol açacağını  söyləyib.

Əslində, MRT məlumatlarından istifadə edərək düşüncələri oxumaq kifayət qədər çətin  prosesdir. Çünki cihaz neyronların  millisaniyələr ərzində gerçəkləşən fəaliyyətini deyil, beynin qan axınındakı dəyişiklikləri ölçür. Bu cür dəyişikliklər isə bir neçə saniyə də çəkə bilər. Tədqiqatçı Huth bildirir ki, sistem dili sözlü şəkildə deşifrə etmir, cümlənin və ya düşüncənin mənasını ayırd edir.

Təcrübələr zamanı sınaq iştirakçılarının düşüncələrini oxumaq üçün onlara 16 saat müddətində bəzi hekayələr dinlədilib. Alqoritm sisteminin qan axınındakı dəyişikliklər əsasında topladığı məlumatların respondentlərin dinlədikləri ilə əlaqələli olduğu müşahidə edilib. Hətta səssiz  film izlədikdə belə iştirakçıların düşüncələrini oxumaq mümkün olub. Bu isə dekoderin yalnız danışıq dili ilə məhdudlaşmadığını göstərib.

Mütəxəssislər alqoritmin  beyin-kompüter interfeyslərinin inkişafına zəmin yaratmaqla danışa bilməyən insanlara kömək üçün nəzərdə tutulan yeni texnologiyaların hazırlanmasında istifadə olunacağına  inanırlar.

 

Yadplanetlilərin varlığı sübut edilə biləcəkmi?

Yadplanetlilərin varlığını sübut edə bilmək üçün hər cür vasitəyə əl atan elm adamları, başqa planetlərdə  yerdənkənar həyatın  əlamətini bu dəfə  azot oksidinin (gülüş qazı)  mövcudluğunda görürlər. ABŞ-ın Riverside Universitetinin tədqiqatçıları başqa planetlərdə yadplanetlilərin axtarışı üçün nəzərdə tutulan  layihələrdə bu qaza xüsusilə diqqət yetirilməli  olduğunu söyləyirlər.

Qeyd edək ki,  gülüş  qazı kimi də tanınan azot oksidi (NO2) bədəndə xoşbəxtlik hormonu olan dopaminin ifrazına səbəb olduğu üçün insanı güldürür. Tibdə  ağrıkəsici kimi də istifadə edilən bu qazdan yanlış və ya həddindən artıq istifadə sağlamlıq üçün ciddi fəsadlar verə bilər.

"The Astrophysical Journal" jurnalında dərc olunan araşdırmanın aparıcı müəllifi Schweiterman, oksigen və metana bioloji imza kimi xüsusi diqqət edilməli olduğunu bildirib. Tədqiqat müəllifi həmçinin bildirib ki,  azot oksidi yer üzündə mikroorqanizmlər tərəfindən istehsal olunsa da, hazırda atmosferdə o qədər də sıx olmadığı üçün onun ekzoplanetlərdə mövcudluğu həyatın olmasına işarə edə bilər.

Tədqiqatçılar bu qazın Yer tarixinin bəzi dövrlərində daha sıx olduğunu güman edirlər. Məhz bu səbəbdən də alimlər  digər planetlərdə canlı orqanizmlərin azot oksidi istehsal edib-etmədiyini  öyrənmək üçün kompüter simulyasiyalarına müraciət ediblər.

Simulyasiyalar qazın gözardı edilməyəcək qədər çox vacib bioloji imza olduğunu ortaya çıxarıb. Bu  baxımdan da yerdənkənar varlıqların axtarış missiyalarında qazın araşdırılması qənaətinə  gəlinib.

Alimlər ekzoplanetlərin atmosferini öyrənə bilən James Webb Kosmik Teleskopu kimi bəzi qabaqcıl cihazların  azot oksidinin axtarışı üçün də  istifadə ediləcəyinə güman edirlər.

 

İlon Mask sonunda  məqsədinə çatdı

Uzun müddətdir ki, aparılan danışıqlar və mübahisələrdən  sonra "Tesla" şirkətinin icraçı direktoru, tanınmış iş adamı İlon Mask sonunda dünyanın ən məşhur sosial şəbəkələrindən biri olan Twitter-i satın alıb. Milyarder məqsədinə nail olmaq üçün nə az, nə çox düz  44 milyard dollar xərcləməli olub.

Twitter-in yeni sahibi kimi artıq ilk addımlarını da atmağa başlayan Mask, şirkətin  keçmiş CEO-su Parag Agrawall və maliyyə direktoru Ned Segalı vəzifədən kənarlaşdırıb. Bundan əlavə, həmçinin hüquqi siyasət və təhlükəsizlik şöbəsinin rəhbəri Vijaya Gadde də öz işindən azad edilib.

Yeni layihələr  üzərində işləyən Mask, Twitter-i insanların qanunları pozmadıqları halda, istədikləri mövzu ətrafında danışmaq üçün nəzərdə tutulmuş platformaya çevirməyi planlaşdırır. Onun fikrincə, Twitter fikir azadlığını əks etdirən yerə çevrilməlidir.  Bütün bu ideyaların nə zaman reallaşacağı bilinməsə də, Mask yatırım etdiyi investisiyanın gələcəkdə  artıqlaması ilə öz bəhrəsini verəcəyinə ümid edir.

O,  həmçinin yaxın müddətdə  ABŞ-ın keçmiş prezidenti Donald Trumpın istifadəçi hesabını da bərpa etmək niyyətindədir. Qeyd edək ki, sabiq prezidentin Twitter  hesabı 2021-ci ilin yanvar ayında boklanmışdır.

İnformasiya "Hürriyyət" qəzetində dərc edilib.

  

Məlumatların ötürülməsi üzrə  yeni rekorda imza atılıb

Danimarka Texniki Universiteti  və İsveç Çalmers Texnologiya Universitetindən olan beynəlxalq tədqiqatçılar qrupu  dünyada ilk dəfə rəqəmsal məlumatların ötürülməsi sahəsində indiyə qədərki sürətin ən yüksək  həddini əldə ediblər. Belə ki, mütəxəssislər saniyədə 1.84 petabit (saniyədə 1.8 milyon Gbit) , daha yuxarı ötürülmə sürətinə nail olaraq yeni rekorda imza atıblar. Bu göstərici  dünyanın bütün internet trafikindən 2 dəfə çox deməkdir.

startupteknoloji.com veb saytında yayımlanan xəbərə görə, elm adamları sürəti əldə edə bilmək üçün optik lazer və optik çipdən istifadə ediblər. Hətta yeni rekord göstəricisi  NASA-nın irihəcmli elmi və peyk məlumatlarının ötürülməsi üçün hazırladığı  ESnet6 şəbəkəsindəki sürətdən  20 dəfə aşağıdır. Sözügedən çip infraqırmızı şüa işığını yüzlərlə ayrı-ayrı tezliklərə parçalayır. Məlumatlar həmin tezliklərin hər birinin polyarizasiyası, fazası və amplitudunun modulyasiyası vasitəsilə kodlaşdırılır. Daha sonra sözügedən tezliklər bir şüa şəklində yenidən birləşir və nəticədə formalaşmış vahid şüa- fiber optik naqil vasitəsilə ötürülür.

Texnologiyalarını təkmilləşdirmək niyyətində olan  tədqiqatçılar, gələcəkdə optik çipin ölçüsünü artırmaqla daha çox sürət əldə edə biləcəklərinə ümid edirlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".