Hər günü bir tarix idi…
Tarix

Hər günü bir tarix idi…

1 noyabr 2020-ci ildə Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində bölmələrimizin mövqelərini atəşə tutan düşmənin 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib. Bununla yanaşı, düşmənə məxsus iki artilleriya batareyası və çoxlu sayda canlı qüvvəsinin məhv edilmə kadrları nümayiş etdirilib. Ərazinin havadan müşahidəsi zamanı cəbhənin Xocavənd istiqamətində hərbi avtomobil kortejinin hərəkəti qeydə alınıb. İstiqamətlənmiş və kombinəedilmiş hava və artilleriya zərbələri ilə kortejin tərkibində olan bir neçə avtomobil və şəxsi heyət məhv edilib.

                   ***

“Sizin səfəriniz bir daha Türkiyə-Azərbaycan həmrəyliyini göstərir. Müharibənin ilk günlərindən, ilk saatlarından başlayaraq Türkiyə bizim yanımızdadır. Əziz qardaşım, cənab Prezident dediyi kimi, Türkiyə hər zaman Azərbaycanın yanındadır, Azərbaycan tək deyil”. Bunu Azərbaycan  Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı bildirib ki, siyasi və mənəvi dəstək bu gün də davam edir: “Həm hörmətli Prezident, eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin sədri, siz - xarici işlər naziri, müdafiə naziri və digər yüksək vəzifəli şəxslər dəfələrlə Azərbaycana dəstək göstərmisiniz. Bu, bizi, Azərbaycan xalqını çox məmnun edir. Bu, bir daha göstərir ki, biz bütün dövrlərdə - yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq. Bu siyasi və mənəvi dəstək əlbəttə ki, bizi ruhlandırır və biz haqq işimizi davam etdiririk”.

                   ***

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə həmçinin deyib ki, bildiyiniz kimi, əməliyyat uğurla davam etdirilir. Bu günə qədər bir çox kəndlər, şəhərlər, qəsəbələr işğalçılardan azad edilibdir, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri. Ümumiyyətlə, təqribən 200-ə yaxın yaşayış məntəqəsi düşməndən azad edilib və bu, davam edir. Mən hər həftə azad edilmiş yeni şəhərlər və kəndlər haqqında məlumat verirəm və ümid edirəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.

                          ***

“Ermənistan faktiki olaraq öz məğlubiyyətini etiraf edib. Bildiyiniz kimi, bu yaxınlarda Ermənistanın baş naziri Rusiya Prezidenti cənab Putinə məktub göndərmişdir”. Bunu Azərbaycan  Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı vurğulayıb ki, bu məktub, əslində, məğlubiyyətin etirafıdır.

                                  ***

Şamaxı rayonunun rus icması Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib. Məktubda deyilir ki, indi Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi altında öz yenilməz ordusunun iştirakı ilə şanlı tarix yazır. Azərbaycan haqq yolundadır, haqq işi uğrunda mübarizə aparır. Bütün varlığımızla və bütün qəlbimizlə inanırıq: torpaqlarımız qısa müddətdə azad ediləcək və Azərbaycanın dövlət bayrağı Şuşada ucaldılacaq. Hər bir Azərbaycan vətəndaşı bu Qələbə gününü səbirsizliklə gözləyir.

“Respublika”.