YAP-ın təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir
Digər xəbərlər

YAP-ın təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər davam edir.

Tədbirlər Planı çərçivəsində oktyabrın 31-də partiyanın Nizami və Neftçala rayon təşkilatları tərəfindən Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Keçirilən tədbirlərdə - Nizami rayonunda YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, "91"lərin üzvü, YAP Veteranlar Şurasının üzvü, professor Sudeyf İmamverdiyev, "91"lərin üzvü, YAP Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərov, YAP İdarə Heyətinin üzvü, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Neftçala rayonunda YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov və başqaları çıxış ediblər.

Çıxışlarda Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yoluna nəzər salınıb. Əminliklə ifadə olunub ki, 30-cu ildönümünü qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə, şərəflə yerinə yetirməklə Azərbaycanın tərəqqisinə, ardıcıl nailiyyətlər qazanaraq yeni zirvələr fəth etməsinə mühüm töhfələr verəcək, ümumxalq partiyası kimi taleyüklü məsələlərin həllində və tarixi məsuliyyət anlarında hər zaman öz sözünü deyəcək.

Tədbirlərdə YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri və partiya fəallarına fəxri fərmanlar təqdim edilib.

Bundan əlavə, Tədbirlər Planına uyğun olaraq oktyabrın 29-da Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş minifutbol turnirinin play-off mərhələsinə yekun vurulub. Qalib gələn komandalar noyabrın 5-də Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Həmin gün şahmat turnirinə də start verilib. Turnirin qrup mərhələsində qalib gələn iştirakçılar noyabrın 7-də Ucar rayonunda keçiriləcək "play-off" mərhələsində mübarizə aparacaqlar. Oktyabrın 30-da isə sərbəst və yunan-Roma güləşi üzrə turnirə start verilib. Turnirin qrup mərhələsində qalib gələn iştirakçılar noyabrın 9-da Bakı şəhərində keçiriləcək final görüşlərinə vəsiqə qazanıblar.

X.KOSAYEV,

“Respublika”.