DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN VƏ PUTİN “TAXIL SAZİŞİ” İLƏ BAĞLI MÜZAKİRƏLƏR APARIBLAR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 1-də rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı keçirib. “Trend” agentliyinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, tərəflər bir sıra regional məsələləri, o cümlədən, “taxıl sazişi”nin icrasını müzakirə ediblər.

Məlumata əsasən, Türkiyə lideri “taxıl dəhlizi” ilə Ukrayna limanlarından nəqlin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Bu ərəfədə, Ərdoğan qeyd edib ki, Türkiyə “taxıl müqaviləsi”nin həyata keçirilməsi ilə bağlı problemlərin həlli üçün təşəbbüs göstərməyə davam edir. Türkiyə prezidenti sözügedən müqavilə ətrafında yaranan çətinliklərin konstruktiv yanaşma ilə həll ediləcəyinə əmin olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, Rusiya XİN ötən həftəsonu Qara dənizdə təhlükəsizlik məsələlərini əsas gətirərək sazişin icrasını dayandırdığını elan etmişdi.

 

ŞIMALI KOREYA ABŞ VƏ CƏNUBİ KOREYANI HƏDƏLƏDİ

Şimali Koreya Xarici İşlər Nazirliyi ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərini “potensial işğala hazırlıq” adlandırıb və ABŞ-a qarşı daha güclü tədbirlər görəcəyi ilə bağlı xəbərdarlıq edib. “Teleqraf.com”un məlumatına görə, XİN-in açıqlamasında Şimali Koreyanın özünü xarici hərbi təhdidlərdən müdafiə etmək üçün bütün lazımi tədbirləri görməyə hazır olduğu bildirilib.

Açıqlamada ABŞ hərbi təlimlərə görə “sülh və təhlükəsizliyi pozan əsas günahkar” kimi göstərilib: “ABŞ ciddi hərbi təxribatlarda israr edərsə, Şimali Koreya daha güclü təqib tədbirlərini nəzərdən keçirəcək”.

Məlumata əsasən, Şimali Koreyanın oktyabrın 31-də keçirdiyi raket sınaqlarından sonra gərginliyin artdığı Koreya yarımadasında ABŞ və Cənubi Koreyanın genişmiqyaslı birgə hava təlimlərinə başladığı açıqlanıb.

ABŞ və Cənubi Koreya birgə təlimləri 2018-ci ildə Cənubi Koreyanın keçmiş prezidenti Mun Çe İnin Şimali Koreya ilə barışıq siyasətinin bir hissəsi olaraq dayandırılmışdı.

 

BÖYÜK BRİTANİYANIN BAŞ NAZIRI ÖLKƏDƏ VERGİLƏRİ ARTIRMAQ NİYYƏTİNDƏDİR

Böyük Britaniyanın baş naziri Rişi Sunak hökumət büdcəsindəki 50 milyard funt-sterlinq (57,5 milyard  dollar) kəsiri aradan qaldırmaq üçün vergiləri artırmağa hazırlaşır. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Maliyyə Nazirliyindəki mənbələrə istinadən “Financial Times” qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, Rişi Sunak və maliyyə naziri Ceremi Hant oktyabrın 31-də vergi artımı barədə razılığa gəliblər. “Bu, çətin olacaq. Əgər biz dövlət xidmətlərini saxlamaq istəsək, hər kəs daha çox vergi ödəmək məcburiyyətindədir”, - deyə qəzet Maliyyə Nazirliyinin adının açıqlanmasını istəməyən əməkdaşının sözlərindən sitat gətirib.

Eyni zamanda, “Financial Times” əlavə edib ki, koronavirus pandemiyası və əhaliyə elektrik enerjisi ödənişlərinin həyata keçirilməsinə kütləvi dəstək səbəbilə yüz milyardlarla funt-sterlinq borc götürdükdən sonra büdcə boşluğunu təkcə xərclərin azaldılması ilə doldurmaq mümkün deyil.

 

ALMANİYADA İSTİLİK SİSTEMİNİN KƏSİLMƏSİ ƏLAVƏ PROBLEMLƏRƏ YOL AÇIB

Almaniya əhalisi evlərində istilik sisteminin kəsilməsi səbəbindən ciddi problemlə üzləşiblər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Die Welt” qəzeti yazır.

Məlumata görə, enerji daşıyıcılarına yüksək qiymətlər səbəbindən Almaniyada bir çox insan istilik sistemindən imtina etməyə və ya yalnız müəyyən otaqları isitməyi qərara alıblar. Lakin aşağı temperatur və yüksək rütubət müxtəlif səthlərdə kifin yaranması üçün münbit şərait yaradıb.

Jurnalistlərin sözlərinə əsasən, istilik olmadığından evlərin və mənzillərin divarları zəhərli kiflə örtülməyə başlayıb ki, bu da sağlamlığa ciddi təsir edib.

Eyni zamanda, verilən xəbərə görə, problem o qədər ciddiləşib ki, Koburq şəhərində tikinti, ekologiya, tibb və hüquq sahələrinin mütəxəssislərini bir araya gətirən “kif qurultayı” keçirilib.

Qeyd olunur ki, kifin yayılması istiliyə qənaət etmək istəyən kirayəçilərlə ev sahibləri arasında münaqişələrə səbəb olur.

 

YENS STOLTENBERQ TÜRKİYƏ SƏFƏRİ ÖNCƏSİ FİNLANDİYA VƏ İSVEÇ LİDERLƏRİNƏ ZƏNG EDİB

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə səfəri öncə Finlandiya və İsveç liderləri ilə telefon əlaqəsi saxlayıb. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə Yens Stoltenberq rəsmi internet səhifəsində etdiyi paylaşımda bildirib.

Finlandiya və İsveçin NATO-ya dəvət olunmuş ölkələr olduğunu xatırladan Yens Stoltenberq qeyd edib ki, bu ölkələrin alyansa müraciətləri hər birinin öz yolunu seçmək hüququna malik olduğunun sübutudur.

Məlumat üçün qeyd edək ki, NATO-nun baş katibi noyabrın 4-də İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Rəcəb Tayyib Ərdoğan  həmçinin noyabrın 8-də paytaxt Ankarada İsveçin yeni baş naziri Ulf Kristerssonu da qəbul edəcək.

Türkiyə iyunun 28-də İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammitində üzvlük üçün müraciət edən Finlandiya və İsveçə veto qoyub.

 

ABŞ VƏ BƏƏ TƏMIZ ENERJİ SEKTORUNA 100 MİLYARD DOLLAR SƏRMAYƏ QOYACAQ

ABŞ və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) təmiz enerji sektoruna 100 milyard dollar həcmində sərmayə qoyacaq. “Report”un xəbərinə görə, bu barədə Ağ Evin saytında yerləşdirilən məlumatda qeyd olunur.

Bildirilir ki, hər iki ölkə təmiz enerji sektoru ilə bağlı strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Bu sənədlə təmiz enerji sektoruna 100 milyard dollar həcmində investisiya cəlb ediləcək.

Tərəflər bu saziş çərçivəsində 2035-ci ilə qədər dünyada 100 giqavat təmiz enerji istehsal etmək niyyətindədir.

Eyni zamanda, Vaşinqton ilə Əbu-Dabi zərərli emissiyaların idarə olunmasına, qabaqcıl nüvə texnologiyalarının inkişafına və sənaye-nəqliyyat sektorlarında karbon emissiyalarının azaldılmasına sərmayə qoymağı planlaşdırır.

 

NYU-YORK BƏLƏDİYYƏSİ İKİ MÜSƏLMANA 36 MİLYON DOLLAR ÖDƏYƏCƏK

Nyu-York bələdiyyəsi 1965-ci ildə hüquq müdafiəçisi Malkolm İksin qətlində günahlandırılan, lakin sonradan bəraət alan Məhəmməd Əziz və Xəlil İslamın ailələrinə 36 milyon dollar təzminat ödəyəcək. “Teleqraf.com”un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 20 il həbsdə yatdıqdan sonra azadlığa buraxılan Məhəmməd Əziz iyul ayında Nyu-York polisinin günahsızlığını sübut edən dəlilləri ört-basdır etdiyi iddiası ilə məhkəmədə bələdiyyədən 40 milyon dollar təzminat tələb edib.

İddianın sonunda Nyu-York şəhər bələdiyyəsi Əziz və İslamın ailələrinə bərabər şəkildə 36 milyon dollar ödəməyə razılaşıb. Qeyd edək ki, 1966-cı ildə ömürlük həbs cəzasına məhkum edilən Məhəmməd Əziz 1985-ci ildə, Xəlil İslam 1987-ci ildə azadlığa buraxılıb.

Qətli törətdiyini boynuna alan Tomas Hoqan isə 2010-cu ildə azadlığa çıxıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.