HƏR GÜNÜ BİR TARİX İDİ...
Tarix

HƏR GÜNÜ BİR TARİX İDİ...

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

3 noyabr 2020-ci il

"Hərbi əməliyyatların tərkib hissələrindən biri də informasiya müharibəsidir. Sentyabrın 29-dan indiyədək Azəbaycan Prezidenti İlham Əliyev dünyanın aparıcı media qurumlarına çoxsaylı müsahibələr verib". Bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə deyib. Prezidentin köməkçisi deyib ki, Ermənistanın siyasi - hərbi rəhbərliyi Prezident İlham Əliyevin bu fəaliyyətini imitasiya etmək istəyir, ancaq bu, əks təsir verir və onlar özlərinin işğalçılıq siyasətini ifşa edirlər. Hikmət Hacıyev bildirib ki, Azərbaycan Prezidentinə bu müsahibələrdə təxribatçı sualların verildiyini də görürük, ancaq dövlətimizin başçısı həmin suallara səbir və təmkinlə cavab verir. Prezidentin köməkçisi deyib: "Təəssüf ki, beynəlxalq media qurumları ədalətli, obyektiv materiallar hazırlayanda erməni lobbisi tərəfindən təzyiq və təhdidlərlə üzləşirlər... Jurnalistlərin hədələnməsi qəbuledilməzdir və beynəlxalq ictimaiyyəti erməni lobbisinin bu hərəkətlərinin qarşısını almağa çağırırıq".

***

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 3-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib. Təqdimatda deyilir ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raket sistemindən atəşə tutması nəticəsində mülki şəxslərdən 91 nəfər həlak olub, 405 nəfər isə xəsarət alıb. Bundan başqa, Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2488 ev, 97 çoxmənzilli yaşayış binası və 461 mülki obyekt yararsız vəziyyətə düşüb.

***

Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov Hərbi İnformasiya Mərkəzində brifinq keçirib. Mətbuat katibi qeyd edib ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Cəbhənin bir neçə istiqamətindəki mövqelərimizə, xüsusən azad edilmiş ərazilərə yenidən hücumlar edən düşmən şəxsi heyət və texnika baxımından itkilər verərək geri çəkilməyə məcbur edilib. Sutka ərzində daimi dislokasiya məntəqəsində, səngərlərdə və atəş mövqelərində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu, 2 ədəd sursatla dolu yük maşını və sursat anbarı, o cümlədən cəbhədə uçuş keçirməyə cəhd göstərən taktiki pilotsuz uçuş aparatı məhv edilib.

***

"Agora Vox" portalı Fransa mediasındakı qərəzlilikdən yazıb. Portalda dərc olunmuş "Dağlıq Qarabağ - Fransız mediası düşərgəsini seçəndə... qərəz, ya manipulyasiya?" adlı məqalədə deyilir ki, təkrarlanan və oradan-buradan gələn müdaxilələr əsl məlumat və faktları əvəz edir... Qisas, təxribat xarakterli və elə buradan da erməni "dostlarımız"ın xeyrinə olan səs, söz yığını fransız mediasını bürüyüb.

***

Saat 09:06 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. "Noyabrın 3-ü saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub", - məlumatda deyilir.

***

Saat 15:00 radələrində Ermənistan silahlı qüvvələri Tərtər rayonunu yenidən atəşə tutub. Rayonun Səhləbad kənd qəbiristanlığı artilleriya atəşinə məruz qalıb. Hadisə nəticəsində qəbiristanlıqda olan 65 qəbir tam dağılıb, 100-dən çox məzara isə ziyan dəyib. Qəbiristanlıq ərazisinə 20-dən çox top və qrad mərmisi düşüb.

***

Saat 16:59 radələrində cəbhənin Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankı sıradan çıxarılıb. Bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində 77-ci əlahiddə zirehli tank taborunun komandiri podpolkovnik Nelson Akopcanyan məhv edilib.

"Respublika".