Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Anna Axmatova

Rus ədəbiyyatında Anna Axmatova təxəllüsü ilə tanınan,  şöhrətin ən uca zirvəsinə ucalan bu  şairə, yazıçı, ədəbiyyatşünas, tərcüməçilik fəaliyyəti ilə yanaşı,  faciəvi taleyi ilə də  yaddaşlarda qalıb. İlk şeirini 11 yaşında yazmağa başlayan Anna sanki taleyindən xəbərdarmış kimi çarəsizlik notları ilə diqqət çəkib.

Əsl soyadı Qorenko olsa da, ilk şeirlərini qızlıq soyadı ilə çap etdirməyib. Səbəbi isə  son dərəcə zabitəli biri olan atasının öz soyadının ədəbi mühitdə hallanmasını istəməməsi ilə  əlaqəli olub. Bu səbəbdən də  Anna özünə başqa bir imza tapmağa məcbur qalaraq ulu nənəsi - Praskofya Fedoseyevna Axmatovanın soyadını götürüb. Yeri gəlmişkən qeyd edək ki, ulu nənəsinin ana tərəfi qədim tatar knyazları Çaqadayevlərin və məşhur dvoryan  Axmatovların nəslindən idi.

Doğrudur, Anna Axmatova şəxsən həbs edilməyib, sürgün də  olunmayıb. Amma sovet rejimi onun doğmaları olan iki nəfərə - birinci əri Nikolay Qumilyov və oğlu Lev Qumilyova qarşı amansız davranıb.  Həyat yoldaşı Nikolay Qumilyov vətən xaini elan edilərək Leninin şəxsi göstərişinə əsasən   güllələnib, oğlu Lev Qumilyov isə ömrünün 10 ilini dəmir barmaqlıqlar arxasında keçirib. Özünün isə yaradıcılığı nəzarət, daimi qadağa altında olub. Hətta ölümündən bir neçə onillik keçəndən sonra belə, Anna Axmatovanın əsərlərinə qadağa qoyulub. "Vətən xaini"nin anası, "vətən xaini"nin arvadı Anna Axmatovanın "təcrübəsi" repressiya qurbanlarına həsr olunmuş "Rekviem" poemasında öz əksini tapıb.

Ərinin güllələnməsindən heç bir il keçməmiş qəlbinə yeni eşqin qığılcımı düşən Axmatova, görünməmiş istedad sahibi, özündən yaşca xeyli kiçik - 27 yaşlı peterburqlu şərqşünas və şair Vladimir Şileykoya ərə gedir. Lakin şairənin bu evlilikdə də bəxti gətirmir. Bir müddət sonra həyat yoldaşı  gənc yaşda vərəmdən vəfat edir.

Axmatovanın bitib-tükənmək bilməyən  eşq macəraları bu dəfə isə  daha bir parlaq istedad sahibi, sənətşünas Nikolay Puninə baha başa gəlir. Belə ki, şairə xanımın üçüncü əri olan bu adam  bir müddət sonra əks-inqilaba dəstək suçuna görə həbs olunur. Qeyd edək ki, həbs olunanlar içərisində Anna Axmatovanın birinci ərindən olan oğlu Lev Qumilyov da olur.

Daha sonralar isə Axmatovanın həyatında dördüncü, gizli bir  ər kimi İosif Vissarionoviç Stalin də  peyda olur. Şairənin bu eşq oyunundakı məqsədi  oğlunu və ərini həbsdən azad etdirmək olur.

Deyilənlərə görə, sonralar Parisə səfər edən Axmatova orada aşkar şəkildə tanınmış rəssam Amadeo Modilyani ilə də məhrəm münasibətlər  qurubmuş. Çox qısa sürən bu eşq macərasının izləri isə həmin rəssamın Annanı çılpaq halda təsvir etdiyi rəsmlərində açıq-aşkar özünü göstərir. Şairə xanım hardan bilərdi ki, bir gün onun yaradıcılığı ilə bağlı partiyanın verəcəyi qərarda bu macəraya istinad olunacaq, cəmiyyətdə özünü "gah rahibə, gah yüngül həyat tərzi keçirən qadın" kimi aparması başına qaxılacaqdı...

Ömrünün son illərini küçələrdə, evsiz-eşiksiz keçirən  "kraliça" Axmatova  77 yaşında ürək çatışmazlığından  dünyasını dəyişib.

 

Feliks Mendelson Bartoldi

Yakob Lüdviq Feliks Mendelson Bartoldi - məşhur alman musiqiçisi, pianoçusu, orqan ifaçısı və orkestr şefi... Nikah mərasimlərinin marşını bəstələyən bu adamı yəqin ki,  tanımayan çətin tapılar. Onun məşhur "Mendelson marşı"  uzun illərdən bəri demək olar ki, dünyanın bütün ölkələrində nikaha girənlərin "xeyir-duaçısıdır". Həmçinin tanınmış bəstəkar Baxı həyata qaytaran  insan kimi də yaddaşlarda qalan  Mendelson "XIX əsrin Motsartı" hesab  edilir.

Aristokrat ailənin dörd uşağından üçüncüsü olan  Mendelsonun  Atası Abraham Mendelson varlı bank işçisi, babası Moses Mendelson isə yəhudi dindar və filosof idi. Babası mühafizəkar olsa da Mendelsonun ailəsi Hamburqdan Berlinə köçdükləri müddətdə musəvilikdən protestantlığa keçib. Eyni zamanda Bartholdi soyadını götürüb. Amma Feliks bu dəyişikliyə qarşı çıxıb və Mendelson soyadını istifadə etməyə davam edib. Protestantlığı qəbul etsə də, yəhudi keçmişindən qürur duyub.

Atasının sərt qaydaları ilə böyüyən bəstəkar, olduqca utancaq və özünə qapanan biri  olub. Hər zaman atasından çəkinən Feliks,  uzun illər sonra dostuna yazdığı məktubunda belə deyib: "O, mənim təkcə atam deyil, həm də sənət və həyat müəllimimdir".

Bəstəkarı məşhurlaşdıran  "Toy marşı"nın maraqlı bir tarixçəsi var. Belə ki,  ilk dəfə  Avstriya və Böyük Britaniya şahzadələrinin toyunda səsləndirilən və  toyların vazkeçilməz atributuna çevrilən "Toy marşı" əslində,  Şekspirin "Yay gecəsində yuxu" əsəri üçün yazılıb və həmin vaxt populyarlıq qazanmayıb. Lakin 15 ildən sonra baş verən hadisə marşın taleyində həlledici rol oynayıb. Musiqi müşayiətinə çox ciddi yanaşan ingilis şahzadəsi Viktoriya Adelgeyd, Avstriya  şahzadəsi IV Vilhelmlə toyunda  bu marşın səsləndirilməsini istəyib. Kilsədən çıxan gəncləri "Yay gecəsində yuxu"   əsərindən "Toy marşı" müşayiət edib. Beləcə, həmin vaxtdan bu günə kimi Mendelsonun musiqisi ən populyar toy marşına çevrilib.

Feliks çox gənc yaşlarından  həmin dövrə qədər unudulmuş bəstəkar Baxın əsərlərini araşdırmağa başlamışdı. Hələ 13 yaşında ikən doğum günü hədiyyəsi olaraq İohan Sebastyan Baxın ailəsindən "Matthaus Passionu"nun ("Əziz Matta") notlarını istəyən və bu əsər üzərində çalışan sənətkar gələcəkdə "Baxı yenidən həyata qaytaran adam" kimi tanınırdı. O, müəllimi Zalterin etirazlarına baxmayaraq, bu yolda çalışmağa davam edir. Berlində Baxın əsərlərini səsləndirdiyi uğurlu konsertlərdən sonra Avropa musiqisini tanıtmaq üçün atasının dəstəyi ilə 3 illik Avropa turuna çıxır.

Lakin sonralar atasının qəfil ölümü Feliksi depressiyaya salır. Həyat yoldaşı Cecile Jeanrenaudın sayəsində  yenidən yaradıcılıq həyatına geri dönsə də, musiqiyə  çox da marağı olmayan bu qadın  bəstəkarın araşdırmalarla dolu həyatına pis təsir edir. Ən çox sevdiyi  bacısının ölüm xəbərini eşitdikdən sonra isə  yaşamaq istəyini itirən sənətkar  beyin sarsıntısı keçirərək qismən iflic olur. 38 yaşında insult səbəbindən vəfat edən bəstəkar  bacısı Fanninin yanında dəfn edilir.

 

Rene Dekart

"Düşünürəm, deməli, varam". Belə deyərdi fransız filosofu, riyaziyyatçısı və yazıçısı Rene Dekart... Bu sözlərinə görə  bir çox  fəlsəfə tarixçiləri tərəfindən şübhəçi adlandırılan Dekart, Qərb düşüncəsini alt-üst edən özünəməxsus bir fəlsəfi sistem qurmuşdu. Onun fikrincə  öyrənilən, görülən, duyulan, inanılan hər nə varsa  hamısı şübhəli idi. Yalnız tək bir şeydən əmin idi: düşüncənin varlığı...

"Müasir fəlsəfənin banisi" və ya "Müasir riyaziyyatın atası" kimi qəbul olunan bu dahi şəxsiyyət, Qərb elmi inqilabının ən nüfuzlu simalarından biridir. Müasir həndəsə və cəbrdə istifadə olunan Kartezian koordinat sistemi də onun adı ilə bağlıdır.

Dekartın fikrinə görə, insan var olmasının reallığından başqa, hər mövzuda aldadıla bilər. Bəs var olduğuna niyə şübhə etməməli, bunu tam reallıq kimi qəbul etməlidir? Dekart üçün cavab çox sadə idi: Əgər düşünürsənsə, deməli, varsan. Dekartın dili ilə desək, "Bədənim olduğundan, ətrafda nəsnələrin mövcudluğundan şübhələnə bilərəm. Amma düşünən bu şeyin mən olduğumdan şübhələnə bilmərəm".

Özünəməxsus vərdişləri  və gündəlik rejimi ilə də diqqətçəkən  alim çox yatmağı sevən, tənbəl biri idi. Yuxudan çox gec oyanan Dekart, bəzən günorta saatlarına  qədər yatmağı xoşlayırdı, ardınca isə  yatağından qalxmayaraq saatlarla düşünər və yazardı. Dekart tənbəlliyin ən yaxşı zehni işlərin təməli olduğuna inanır, özünü çox yormamaq üçün əlindən gələni edirdi. Erkən yediyi naharın ardınca gəzintiyə çıxır, ya da söhbət etmək üçün dostları ilə görüşürdü. Axşam yeməyinin ardınca isə yazıları ilə məşğul olurdu.

Filosofun şəxsi həyatı ilə bağlı çox az məlumat əldə edilib. Bioqraflarının söylədiklərinə  görə, həyatının sonuna kimi heç vaxt evlənməyib. Sevgi münasibətlərinə gəlincə isə  yetkin yaşlarında qulluqçuya aşiq olduğu, onunla uzun müddət qeyri-qanuni münasibət yaşadığına dair bəzi dəlillər tapılıb. Hətta həmin qadından  qız övladının da dünyaya gəldiyi söylənilir. Lakin uşaq beş yaşında ikən skarlatin xəstəliyi səbəbindən dünyasını dəyişir. Övladının ölümünü həyatının ən böyük faciəsi adlandıran alim, bu səbəbdən çox böyük sarsıntı keçirir və uzun müddət  depressiv vəziyyətlərə  düşür.

Uzun müddət ağciyərin iltihabından əziyyət çəkən alim 53 yaşında vəfat edir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".