DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ FİNLANDİYA VƏ ISVEÇIN ŞƏRTLƏRİ YERİNƏ YETİRDİYİNƏ İNANMIR

Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmaq üçün əvvəllər əldə edilmiş razılaşmaların şərtlərini yerinə yetirdiyinə inanmır. “Report” agentliyinin məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda NATO-nun Baş katibi Yens Stoltenberqlə danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bəyan edib.

“Türkiyə hər zaman NATO-nun genişlənməsi və güclənməsinin tərəfdarıdır. Biz NATO-ya yeni üzvlərin qəbulu prosesini ləngitmirik. Finlandiya və İsveç embarqonu ləğv edib, qanunvericiliyə dəyişiklik edib, lakin bu, kifayət deyil”, - deyə türkiyəli nazir vurğulayıb.

Mövlud Çavuşoğlunun sözlərinə görə, Finlandiya ilə NATO-ya qəbulla bağlı heç bir xüsusi məsələ yoxdur, lakin İsveç Madrid Memorandumundan irəli gələn bütün öhdəliklərini yerinə yetirməlidir.

Qeyd edək ki, Yens Stoltenberq Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında qeyd edib ki, rəsmi Helsinki və Stokholm Türkiyə tərəfinin Şimali Atlantika Alyansına qoşulmaq tələblərini yerinə yetirib, buna görə də onları NATO-ya qəbul etməyin vaxtı çatıb.

 

“G7” ÖLKƏLƏRİNİN XİN BAŞÇILARINDAN İRANLA BAĞLI BƏYANAT

“G7” ölkələri 2020-ci ilin yanvarında “Boeing” təyyarəsinin vurulmasına görə İranı məsuliyyətə cəlb etmək niyyətindədirlər. “Report”un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə “G7” ölkələrinin xarici işlər nazirlərinin yaydıqları birgə bəyanatda qeyd olunub.

“Biz İranı vurulan PS752 reysinə görə, məsuliyyətə cəlb olunması ilə bağlı beynəlxalq səyləri dəstəkləyirik. Tələb edirik ki, İran tez bir zamanda üzərinə düşən beynəlxalq hüquq öhdəliklərini yerinə yetirsin”, - deyə bəyanatda vurğulanır.

Eyni zamanda, sənəddə İranın nüvə silahı əldə etməsinin qarşısının alınacağı diqqət çəkilib. Həmçinin bəyanatda İrandakı aksiyalarda həbs olunanların azadlığa buraxılması tələb edilir.

Bununla yanaşı, nazirlər İranın ikili vətəndaşlığı olan və xarici ölkə vətəndaşlarını ölkəsində saxlamasını pisləyiblər.

Məlumata əsasən, bəyanatda Rusiya və digər ölkələrə qarşı da iqtisadi sanksiyaların tətbiqinin davam etdiriləcəyi vurğulanıb.

 

BRAZİLİYADA HAKİMİYYƏTİN YENİ PREZİDENTƏ ÖTÜRÜLMƏSİ PROSESİ BAŞLAYIB

Braziliyada hakimiyyətin ötürülməsi prosesi başlayıb. Seçkilərdə qalib gələn Luis İnasio Lula da Silva və hazırkı prezident Jair Bolsonaronun komandaları ilk görüşlərini keçiriblər. “Trend” agentliyinin məlumatına görə, bu barədə “Folya di San-Paulu” qəzeti vitse-prezident Jeraldu Alkminə istinadən xəbər verib.

Vitse-prezidentin sözlərinə görə, iki siyasətçinin komandalarının görüşü faydalı olmaqla yanaşı, hakimiyyətin ötürülməsi prosesini koordinasiya etmək məqsədilə keçirilib. O, həmçinin bildirib ki, keçid hökuməti bazar ertəsi, noyabrın 7-də formalaşacaq.

Eyni zamanda, Jeraldu Alkmin jurnalistlərə açıqlamasında qeyd edib ki, Prezident Aparatının keçmiş rəhbəri və sabiq dövlət başçısının yaxın dostu Luis Eduardo Ramos Jair Bolsonaronun ikinci turda məğlubiyyətini etiraf edib və Lula da Silvanın komandasını qələbə münasibətilə təbrik edib.

 

SƏUDİYYƏ ƏRƏBİSTANININ İLK ELEKTROMOBİL MARKASI TƏQDİM OLUNUB

Səudiyyə Ərəbistanı krallığın elektriklə işləyən avtomobillərin istehsalında ixtisaslaşan ilk “Ceer” brendini təqdim edib. “Report”un  verdiyi xəbərə görə, bu barədə krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salman bildirib.

“Səudiyyə Ərəbistanı bu gün təkcə yeni avtomobil markası deyil, həm də tam hüquqlu sənaye yaradır”, - deyə yerli nəşr sitat gətirib.

Məlumata əsasən, “Ceer” həm yerli istehlakçılar üçün, həm də Yaxın Şərqdə satış üçün avtomobillər istehsal edəcək. Layihənin 2034-cü ilə qədər 150 milyon dollar məbləğində xarici investisiya cəlb edəcəyi, 30 minə yaxın iş yeri təmin edəcəyi və 8 milyard dollar gəlir gətirəcəyi gözlənilir.

Qeyd edək ki, “Ceer” Səudiyyə Ərəbistanının Suveren Fondu ilə Tayvanın elektron məhsullar istehsalçısı “Foxconn” şirkətinin birgə layihəsi olsa da, hər bir avtomobil yalnız krallıqda yaradılacaq. Ən yüksək beynəlxalq standartlara uyğun istehsal olunmuş avtomobillər də məhz orada sınaqdan keçiriləcək.

Verilən xəbərə görə, Səudiyyə Ərəbistanının istehsalı olan ilk elektromobillər 2025-ci ildə satışa çıxarılacaq.

 

“THE GUARDIAN”: QƏRB RUSİYA İLƏ DANIŞIQLARA MƏCBUR OLACAQ

Avropa İttifaqında iqtisadi vəziyyət pisləşəndə, həmçinin ABŞ tənəzzüllə üzləşəndə Qərb Rusiya ilə danışıqlar aparmalı olacaq. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Guardian” nəşri yazır.

“Əgər bu, iqtisadi yükü yüngülləşdirməyə kömək edərsə, nizamlanmaya çağırışlar daha çox hiss olunacaq”, - deyə nəşr qeyd edib.

Böyük Britaniya nəşrinin müəlliflərinin fikrincə, Rusiyanın enerji ixracının azalması Avropada iqtisadi böhrana səbəb olub.

“The Guardian”ın məlumatına görə, oktyabr ayında avroməkanda inflyasiya artıq rekord həddə - 10,7 faizə çatıb. Baltikyanı ölkələrdə isə bu rəqəm, öz növbəsində, 22 faizi keçib.

Xatırladaq ki, bir müddət öncə Çinin “Global Times” nəşri də yazıb ki, Avropa İttifaqı ölkələri ABŞ-ın qlobal strategiyasının qurbanı olduqlarını anlamağa başlayıblar.

 

İSRAİLDƏ PARLAMENT SEÇKİLƏRİNİN YEKUN NƏTİCƏLƏRİ AÇIQLANIB

İsrail Mərkəzi Seçki Komissiyası Knessetə (parlamentə) noyabrın 1-də keçirilmiş növbədənkənar seçkilərin yekun nəticələrini açıqlayıb. “Report” agentliyinin məlumatına görə, keçmiş baş nazir Benyamin Netanyahunun “Likud” partiyası 120 yerlik parlamentdə 32 yer alaraq birinci yeri tutub.

Verilən xəbərə əsasən, hazırkı baş nazir Yair Lapidin partiyası ikinci yerdədir və 24 mandat alacaq. Sonrakı yerdə 14 mandatla İtamar Ben-Qvir və Bezalel Smortiçin bloku, ardınca 12 mandatla hazırkı müdafiə naziri Benni Qantsın bloku gəlir. Aviqdor Libermanın “İsrail Evimiz” partiyası altı mandata sahibdir.

Qeyd edək ki, Yair Lapid artıq müxalifət lideri Benyamin Netanyahuya zəng edərək onu qələbəsi münasibətilə təbrik edib. Baş nazir əlavə edib ki, o, öz aparatına səlahiyyətlərin ötürülməsinə hazırlaşmaqla bağlı tapşırıq verib.

 

DONALD TRAMP BAŞ PROKURORU MƏHKƏMƏYƏ VERİB

ABŞ-ın sabiq prezidenti Donald Tramp Nyu-York ştatının baş prokuroru Letisiya Ceymsə qarşı məhkəmə iddiası qaldırıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə Donald Tramp ona məxsus “Truth Social” sosial şəbəkəsində qeyd edib.

Verilən xəbərə görə, keçmiş prezident baş prokuroru vəzifə səlahiyyətlərini aşmaqda ittiham edir.

Qeyd edək ki, Letisiya Ceyms keçmiş prezidentə məxsus “Trump Organization” şirkətində maliyyə fırıldaqları məsələsi ilə bağlı cinayət işi aparır.

Məlumata əsasən, Donald Tramp Florida ştatında məhkəmə iddiası qaldırıb. Onun vəkilləri baş prokuroru Nyu-York və Florida ştatlarının qanunlarını pozmaqda ittiham edir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.