Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

9 noyabr 2020-ci il

"Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!". Bunu Prezident İlham Əliyev özünün rəsmi "Twitter" hesabında yazıb.

***

"Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçının Güləbird, Səfiyan, Türklər kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!". Bu barədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev özünün "Twitter" hesabında bildirib.

***

Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Noyabrın 8-i gün ərzində və 9-na keçən gecə düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd T-72 tankı, 1 ədəd D-30 topu, 1 minaatan heyəti, döyüş sursatı ilə dolu bir hərbi yük avtomobili məhv edilib və sıradan çıxarılıb.

***

Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Şuşa şəhərinin erməni işğalından azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu barədə səfir öz "Twitter" səhifəsində paylaşım edib. Paylaşımda deyilir: "Mən Azərbaycan xalqını öz əzəli tarixi şəhəri Şuşanın azad olunması münasibətilə təbrik edirəm".

***

Saat 12:04 radələrində İşğalçı Ermənistan hərbi itkilərini açıqlamaqda davam edib. Ermənilər ötən gün ərzində öldürülən əsgərlərinin bir qismini də açıqlayıb. Ermənilərin yaydığı məlumata görə, ötən gün işğalçı ölkə Qarabağda da 44 hərbçi itirib. Bununla da Ermənistan ordusunun rəsmi açıqlanan itki sayı 1221-ə çatıb.

***

Saat 13:11 radələrində Laçın-Şuşa yolunun Zarıslı ərazisində düşmənin bizim qüvvələrimizin üzərinə hücuma keçən tankının Haropla məhv edilmə anının görüntüləri yayılıb.

***

Saat 13:30 radələrində Zəngilan rayonunun işğaldan azad edilmiş Bartaz qəsəbəsinin görüntüləri yayılıb.

***

Türkiyənin Xarici İşlər naziri (XİN) Mövlud Çavuşoğlu Azərbaycanı Bayraq Günü münasibəti ilə təbrik edib. Türkiyəli nazir dövlətimizə təbrikini "Twitter" hesabından ünvanlayıb: "Qardaş Azərbaycanın Dövlət Bayraq Günü mübarək olsun! Qəhrəman ordusunun azad etdiyi torpaqlarda şanlı Azərbaycan bayrağı yenidən dalğalanır. Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!".

***

Torpaqları azad etdikdən sonra Dağlıq Qarabağdakı ermənilər qat-qat yaxşı yaşayacaqlar. Prezident İlham Əliyev "BBC News"a müsahibəsində deyib.

***

Saat 14:04 radələrində Şuşa istiqamətində düşmənin mühasirəyə alınan qüvvələrinin məhv edilməsi əməliyyatı davam edib. Noyabrın 9-da Laçın-Şuşa yolu üzərindəki Zarıslı kəndi yaxınlığında mühasirədən çıxmaq məqsədilə bölmələrimizin üzərinə hücum etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin 1 tankı və 1 PDM-i zərbə PUA-ları ilə məhv edilib.

***

"Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bütün həmvətənlərimizi səmimi-qəlbdən təbrik edirəm!". Bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Instagram" səhifəsində bildirib: "Bizim qəlblərimiz öz bayrağımıza və Vətənimizə görə həmişə qürur hissi ilə dolu olacaq! Qoy, bizim üçrəngli bayrağımız suveren, qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!".

***

"Bir millət - iki dövlət" şüarını paylaşdığımız Azərbaycan torpaqlarının işğal edilməsinə səssiz qala bilməzdik və səssiz qalmadıq". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. "Biz indi Azərbaycandayıq. Niyə? Çünki onlar bizim qardaşlarımız, soydaşlarımızdır. Ermənistanın 28 illik zülmü qarşısında Minsk qrupu, təəssüf ki, bizim azərbaycanlı qardaşlarımızı orada, Azərbaycan türklərinin təbirincə, qaçqın yaşadıb. 28 il davam edən bu acımasız işğala Minsk qrupu həll tapa bilmədi. Həmişə baş qatırdılar. Çünki həll yolu tapmaq kimi dərdləri də yox idi. İndi azərbaycanlı qardaşlarımız öz problemlərini özləri həll ediblər. Dünən İlham Əliyev qardaşımızın açıqlamalarını izlədik. Niyə? "İki dövlət - bir millət" olmanın eşqi budur, ona görə. Dünən Şuşanın işğaldan azad olunması ilə birgə sevincimiz və ümidlərimiz artıb. Mərhum Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi, bir kərə yüksələn bayraq bir daha enməz, enməyəcəkdir! Bu münasibətlə İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımızı təbrik edir, şəhidlərimizi rəhmətlə anıram. İnşallah, qısa vaxtda işğal altındakı başda Kəlbəcər və Laçın olmaqla buralar da sahiblərinə təhvil veriləcək", - o qeyd edib.

***

Saat 15:18 radələrində Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və döyüş texnikasını məhv etməkdə davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, noyabrın 9-da günorta saatlarında Xocalı-Şuşa yolu ilə Xankəndi istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə ilə dolu qoşqusunda D-30 topu olan 1 ədəd yük maşını zərbə PUA-sı ilə məhv edilib.

"Respublika".